Məhkəmə qərarları › İş №2(106)-785/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-785/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-785/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 8 fevral 2023-cü il tarixli qərardadından (hakim R.Nurullayev) Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı1 QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair idda ərizəsi ilə 13 aprel 2017-ci ildə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlərdən Cavabdeh1 iştirakı ilə keçirilən məhkəmə baxış iclasının nəticəsi olaraq Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olşunmuşdur. İş materiallarında qətnamənin tərəflərə rəsmi qaydada verilməsini təsdiq edən sübut mövcud deyildir. Qətnamə 21 iyul 2017-ci ildə icraya yönəldilmişdir. İş materiallarına əlavə olunmuş Beyləqan rayon İcra şöbəsinin böyük icra məmuru Mahir Əsgərovun 6 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi əsasında verilən icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borclulara tələbin könüllü icrasında dair bildiriş göndərilmişdir. Sonrakı mərhələdə icra məmuru 20 may 2022-ci il tarixdə ipoteka predmetinin qiymətləndirilməsinin keçirilməsi barədə "xxxx" MMC-nə sifariş vermiş, həmin məktubun surəti məlumat üçün ipoteka qoyan Cavabdeh1 göndərilmişdir. Əmlakın qiymətləndirilməsinə dair hesabat daxil olandan sonra icra məmuru ipoteka predmetinin açıq hərracdan satılmasından ötrü zəruri sənədləri 20 iyun 2022-ci ildə "xxxx" MMC-nə təqdim etmiş, məktubun surəti məlumat üçün ipoteka qoyan Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən Beyləqan rayon İcra şöbəsinə, tələbkar "xxxx" QSC-nə, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19 avqust 2022-ci ildə göndərilən “Açıq hərracın keçirilməsinə dair 273-1” saylı bildirişə əsasən ipoteka predmetinin dəyərinin 15% aşağı qiymətlə hərracdan satışının 8 sentyabr 2022-ci il tarixə saat 11:00-a təyin olunduğu bildirilmişdir. Eyni zamanda hərracın keçirilməsinə dair “525-ci qəzet”də 19 avqust 2022-ci il tarixdə elan dərc edildiyi qeyd edilmişdir. 9 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X3 ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək qətnamənin ona rəsmi qaydada verilmədiyini bildirib təqdim olunmasını xahiş etmiş, 16 sentyabr 2022-ci ildə qətnamənin surəti ona təqdim olunmuşdur. 12 oktyabr 2022-ci ildə Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X3 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, eyni zamanda ərizə ilə müraciət olunaraq apellyasiya şikayəti vermək üçün prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa olunması xahiş edilmişdir. Prosessual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, qətnamə onlara göndərilməmişdir və qətnamənin mövcudluğunu evin açıq hərracdan satılması barədə hərracın keçiriləcəyi barədə bankın əməkdaşının məlumatından sonra bilmişlər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X2 prosessual müddətin bərpasına dair ərizəsi təmin olunmuş, iş materialları qətnamədən verilən apellyasiya şikayətinə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. 27 dekabr 2022-ci ildə Beyləqan Rayon Məhkəməsi iş üzrə İddiaçı1 QSC-nin prosessual müddətin bərpasına dair qərardaddan şikayət verdiyini bildirərək iş materialların həmin şikayətə baxılmasından ötrü qaytarılmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2403/2022 saylı 28 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında 1 dekabr 2022-ci il tarixli qərardad ləğv olunaraq, mülki iş apellyasiya baxışından çıxarılmaqla qərardaddan verilmiş şikayətə baxılmasından ötrü Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı1 QSC şikayətini onunla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətin bərpası yalnız üzürlü səbəblər müəyyən edildiyi təqdirdə mümkündür. Məhkəmə qərardadında cavabdehin qətnamənin surətini rəsmi qaydada almadığını qeyd etsə də, bunu tam araşdırmamış, qətnamənin cavabdehlərə rəsmi qaydada təqdim olunubolunmaması barədə poçt şöbəsinə heç-bir sorğu göndərməmişdir. Həmçinin Cavabdeh1 20 iyul 2017-ci ildə məhkəmə iclasında iştirak etmiş və qətnamə onun iştirakı ilə elan məhkəmə iclas zalında elan edilmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etdiyi halda tam olaraq beş ildən sonra qətnamədən xəbərsiz olması üzürlü səbəb hesab oluna bilməz. Bundan başqa qətnamə artıq icra olunmuş, ipoteka predmeti açıq hərrac vasitəsilə satılaraq artıq bankın mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsi ilə bağlı cavabdehlərə hərrac mərkəzi tərəfindən bildiriş göndərilmiş və cavabdeh 5 avqust 2022-ci ildə həmin bildirişi almışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 27 yanvar 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair 24 oktyabr 2022-ci il tarixli qərardad ləğv edilmiş, sonrakı prosessual hərəkət olaraq müddətin bərpasına dair ərizəyə baxılması 8 fevral 2023-cü il tarixinə təyin olunaraq, tərəflərə məlumat verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 8 fevral 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(020)-1159/2017 saylı qətnaməsinin surəti iddiaçıya və cavabdehə məhkəmə tərəfindən sifarişli məktubla poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin qətnamənin qəbulundan 5 ildən artıq müddət keçmiş, həmin müddət ərzində icra məmurları tərəfindən məhkəmə qətnaməsinin icrası ilə bağlı bir sıra tətbirlər görülmüş, qətnamənin icrası ilə bağlı ipoteka predmetinə olan əmlak hərrac vasitəsilə satılaraq İddiaçı1 QSC-nin mülkiyətinə kecirilmiş, hərrac kecirilməsi ilə bağlı cavabdehlərə hərrac mərkəzi tərəfindən bildiriş göndərilmiş, Cavabdeh1 05 avqust 2022-ci il tarixdə həmin bildirişi almışdır. Qeyd olunan qərardaddan Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X3 şikayət verərək ləğv edilməsini, buraxılmış prosessual müddəti üzürlü hesab edərək bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsi iştiraklarını təmin etmədən qəbul etdiyi qətnaməni cavabdehə göndərməmişdir. Həmin qətnamədən evin açıq hərracda satılması üçün hərracın keçiriləcəyi barədə bankın əməkdaşının məlumatından sonra xəbər tutmuş, vəkili həmin qətnaməni 9 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək almışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəsini təmin edib buraxılmış prosessual müddəti bərpa etmiş və mülki işi apellyasiya şikayətinə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apelyasiya Mahkamasinin 28 dekabr 2022-ci il tarixli 2(106)- 2403/2022 saylı qərardadı ilə mülki iş apelyasiya baxışından çıxarılmış, iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərmiş, sonuncu isə özünün əvvəlki mövqeyinə zidd hərəkət edərək 8 fevral 2023-cü il tarixli qərardadı ilə heç bir əsas olmadan müddətin bərpasından imtina etmişdir. Hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 8 fevral 2017-ci il tarixli 2(020)-1159/2017 saylı qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(020)-1159/2017 saylı qətnaməsi cavabdehə çatdırılmadığı halda, bunun səbəbini araşdırmadan, pozulmuş hüquqlarını bərpa etməməklə Konstitusiyanin 60-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə apellyasiya şikayətini uzun bir müddətdən sonra verilməsini müddətin bərpasından imtina üçün əsas olduğunu göstərsədə, bu mövqeyini əsaslandıran heç bir arqument gətirməmişdir. Sonradan isə qərardadda imtina üçün əsas güya icra məmurunun hərəkətlərindən xəbərdar olamqları göstərilmişdir, hansı ki icra məmurunun hərəkətləri ilə bağlı məsələ məhkəmə iclasında müzakirə olunmamışdır və ümumiyyətlə icra məmuru heç bir məktub göndərməyib. Beyləqan Rayon Məhkəməsi müddətin bərpasına dair vəsatətə baxarkən bu tələbə uyğun olaraq, vəsatətdə göstərildiyi kimi göndərilmiş məktububun ünvan sahibinə çatdırılıb-çatdırılmadığını öz səlahiyyəti daxililində araşdırıb, sonra qərardad qəbul etməli idi. Qətnamənin göndərilməsi barədə məlumat olması, göndərişin ünvana çatdırılması anlamına gələ bilməz. Beyləqan Rayon Məhkəməsi MPM-nin 133.1-ci maddəsinin tələblərini pozmuş, əsassız olaraq müddətin bərpasından imtina etmişdir, beləki, mülki qanunvericiliyin tələblərinə görə məhkəmə sənədləri rəsmi qaydada tərəflərə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətin axımı başlayır. Lakin iş materiallarından göründüyü kimi Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(020)-1159/2017 saylı qətnaməsi rəsmi olaraq çatdırılmamış, ona görədə apellyasiya şikayəti ilə müraciət edə bilməmişdir. Məhkəmə müddətin bərpasından imtinasını qətnamənin çıxarılmasından uzun bir müddətin keçməsi və qətnamənin icra edilməsi ilə əlaqələndirmiş, bu qənaətə gəlmişdir ki, həmin qətnamədən xəbəri olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır ona görə ki, qanunverici məhkəmə qətnaməsindən şikayət vermə müddətini həmin qətnamədən xəbəri olması və ya hər hansı qərarın qəbul edilməsi ilə yox, həmin məhkəmə sənədinin tərəfə rəsmi verilməsi tarixindən hesablanmasını nəzərədə tutmuşdur. Bundan başqa heç bir icra hərəkətləri ilə bağlı məktub göndərilməmiş, hərrəac barədə ilk məlumatı olan kimi məhkəməyə müraciət edərək qətnaməni əldə edərək apellyasiya şikayəti ilə müracət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olnmamış və iş materitalları aidiyyəti üzrə şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya hesab edir ki, iş materiallarına əsasən Cavabdeh1 apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə 20 iyun 2017-ci il tarixdə onun bilavasitə iştirakı ilə qəbul edildiyindən, qətnamənin uzun müddət ərzində mövcudluğundan xəbərdar olmamasından ibarət arqumentlər inandırıcı deyildir. İş materiallarında qətnamənin sonrakı mərhələdə aparılan icra hərəkətləri ilə bağlı bildirişlərin cavabdehə verilməsini təsdiq edən sübutlar olmasada, ipoteka predmetinin açıq hərracdan satılmasına dair hərrac təşkilatının bildirişinin Cavabdeh1 05 avqust 2022ci il tarixdə təqdim edilməsinə dair xəbərnamə vardır. Hətta həmin vaxtdan cavabdehin qətnamənin mövcudluğunqdan məlumatlı olması əsas götürülsə belə, 11 oktyabr 2022-ci il tarixdə poçta təqdim edilməklə verilən apellyasiya şikayəti üzrə prosessual müddət ötürülmüş olmuşdur. Bunlardan da savayı cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə verməklə, müddəti ötürdüyünü özü etirf etmiş olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün hər hansı bir üzürlü səbəbin baş verməsinə dair sübutların təqdim edilməməsini nəzərə alan birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayığ şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 vəkili və eyni zamanda nümayəndəsi X2 şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1159/2017 saylı 8 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar