Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-786/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 13.998,09 ABŞ dolları məbləğində kredit verilmişdir. Elə həmin müqaviləyə əsasən Cavabdeh2 kreditin borcalan tərəfindən ödənilməyəcəyi təqdirdə həmin öhdəliyin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyəti öz üzərinə götürərək ona zamin durmuşdur. 16 mart 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 16 dekabr 2017-ci il tarixədək uzadılmışdır. "xxxx" İKB ASC, borcalan Əlavə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış, 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavəyə görə kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmaqla 70 ay 3 gün müəyyən edilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas borc, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz borcu və 1043,22 (bir min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişlər. 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən, borc alan üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericiliklə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiklərindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim V.Cəbrayılov) 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, 19-M-5-0-53-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (bir yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissələrinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 423.2, 425.2, 430.1, 442, 445.2.1, 449.1, 470.1, 472.1, 472.2, 462.1, 467, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verilmişdir. Bundan başqa, cavabdehin iştirakı təmin edilməmişdir ki, bunun da nəticəsində iddia müddətinin tətbiqi barə ərizə vermək imkanından məhrum edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, əsas kredit müqaviləsinə 2015-ci ildə əlavə edilmiş və iddia müddəti daxilində ödəniş edilmişdir. İcra tədbirləri davam edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni Cavabdeh2 mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 13.998,09 ABŞ dolları məbləğində kredit verilmişdir, həmin müqavilə üzrə də Cavabdeh2 Cavabdeh1 borcunun ödənilməsinə Bank qarşısında zamin durmuşdur. İddiaçı ASC tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 15 yanvar 2015-ci il tarixli, 19-M-5-0-53-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 19 mart 2021-ci il tarixə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz, 1043,22 (bir min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcu vardır. İddiaçı kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia keçərlidir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 9/5488 nömrəli rəyinə görə Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 15 yanvar 2015-ci il tarixli, 19-M-5-0-53-15 saylı kredit müqaviləsi və 16 mart 2015-ci il tarixli “Əlavə saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 16 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 11.525,49 ABŞ dolları, faiz borcu üzrə 9.202,96 ABŞ dolları olmaqla, cəmi 20.728,45 (iyirmi min yeddi yüz iyirmi səkkiz ABŞ dolları qırx beş sent) ABŞ dolları müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 140,88 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 140,88 ABŞ dolları məbləğində ödəniş nəzərə alınacağı təqdirdə cəmi 20.587,57 (20.728,45-140,88) manat məbləğində borc qalacaqdır, o cümlədən əsas borc üzrə 11,384,61 ABŞ dolları, faiz borcu üzrə 9.202,96 ABŞ dolları. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətində cavabdeh iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında müəyyənləşdirilmiş hüquqi mövqeyinə görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi müəyyən edilmir. Belə ki, 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsi 70 ay, 3 gün müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitir. xx.xx.2019-cu il tarixədək ümumilikdə ödənişlər də edilmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-786/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-786/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver