Məhkəmə qərarları › İş №2(106)-786/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-786/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-786/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-952/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Rəhimov X5 Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Həmin hökmdən görünür ki, Cavabdeh 02 iyun 2023-cü il tarixdə saat 14:30-da sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə asfalt yolda hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1- ci bəndinin tələblərini pozub, əks istiqamətli hərəkət zolaqlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçərək onunla əks istiqamətdə hərəkətdə olan İddiaçı1 etibarnamə ilə idarə etdiyi “VAZ-21214” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan qarşısına çıxaraq qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə sürücü İddiaçı1 döş sümüyünün cismində yerdəyişməyən sınıq, sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları, sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları, hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar, hər iki tərəfli hemotoraks xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yolhərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş AE 082700 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 həmin tarixlərdə müalicə və müayinə üçün ümumilikdə 5163,49 manat ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC İddiaçı1 1500 manat sığorta ödənişi etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC İddiaçı2 2800 manat sığorta ödənişi etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/5934 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3330 manat müəyyən edilir. O cümlədən: dəyşilməli olan hissələrin qiyməti 1580 manat; təmir-bərpa xərclərinin qiyməti 1750 manat. İş materiallarında göstərilən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9000 manat müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı1 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: - İddiaçı1 xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində döş sümüyünün cismində yerdəyişməyən sınığı, sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları; sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları; hər iki plevral boşluqda hemotoraks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar: hər iki tərəfli hemotoraks xəsarətləri almışdır. - İddiaçı1 məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, “Doş sümüyü yastılaşması, Osteoatroz” kimi patoloji dəyişikliklərinin olduğu müəyyən edilmişdir. Bu patoloji dəyişikliklər birbaşa travmatik mənşəli deyil, lakin travmadan sonra mövcud degenerativ proseslərin kəskinləşməsi və ağrıların artması mümkündür. - İddiaçı1 Rusiya Federasiyası Moskva şəhəri “MC Klinikasrnda hər hansı bir cərrahiyyə əməliyyatına məruz qalması haqqında tibbi məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtoqəza nəticəsində “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3220 manat məbləğində maddi zərərin əvəzinin alınaraq İddiaçı2, sağlamlığa vurduğu zərərin əvəzi olaraq 22051,49 manat məbləğində zərərin əvəzinin alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-952/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddianın qismən təmin olunması, Cavabdeh alınaraq sağlamlığa vurulmuş zərərə görə çəkilmiş xərclərin əvəzini təşkil edən 3663,49 manat məbləğində pul İddiaçı1, avtomobilə vurulmuş zərərə görə isə 420 manat məbləğində pul İddiaçı2 verilməsi, Cavabdeh dövlət rüsumuna görə 60,83 manat məbləğində pulun alınaraq Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin alınaraq, Az. MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.7, 21.1, 21.2, 1096, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 119.1, 119.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiaları qismən təmin edilməli, Cavabdeh alınaraq müayinə və müalicə xərclərinə görə ümumilikdə 3663,49 manat məbləğində pul İddiaçı1, avtomobilə vurulmuş zərərə görə isə 420 manat İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamədən qismən- yəni ona aid olan hissəsindən cavabdeh X2 vurulmuş zərərə görə çəkilmiş xərclərin əvəzini təşkil edən 3663,49 manat məbləğində pulun ona yəni İddiaçı1 verilməsi hissəsində narazıdır. Hesab edir ki, qətnamə həmin hissəyə münasibətdə ləğv edilməli və onun cavabdeh X1 vurduğu zərərə görə tələb etdiyi 22.051,49 manat (iyirmi iki min sıfır əlli bir manat,49qəpik) pulun alınaraq ona verilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən bütün sübutları nəzərə almamış, nəticədə onun müalicə və müayinə xərclərinə cəmi 5163,49 manat ödənişi təsdiq edən sənədlər əsasında qətnamə çıxarmışdır. Halbuki, o, məhkəməyə Rusiya Federasiyasının 1 nömrəli klinikasının xx.xx.2024-cü il tarixli müalicə planı və 1740 nömrəli ödəniş qəbzi təqdim etmişdir. Həmin sənədlərə əsasən onun müalicəsi üçün 517.400 RR (yaxud həmid dövrün məzənnəsi ilə 9623,64 manat) xərc çəkdiyi təsdiq edilir. Bundan başqa, xx.xx.2024-cü il tarixli müalicəplanı və 2008 nömrəli ödəniş qəbzindən görünür ki, onun müalicəsinə 676.000 RR (yaxud həmid dövrün məzənnəsi ilə12.370,80 manat) xərc çəkmişdir. Beləliklə, həmin sənədlərdən müəyyən olunur ki, onun RF-da müalicəsinə 1.193.400 RR xərc çəkmişdir. Bu isə həmin dövrün məzənnəsinə uyğun olaraq 21.994.44 manat xərc çəkməsini təsdiq edir. Qeyd edilən xərcləri çəkməsi fakt da təsdiq edir ki, o qəzadan sonra müalicə xərcləri üçün qardaşı Qabil Musayev 18000 borc almışdır. Məhkəmə həmin qəbzləri tədqiq etsəydi və qardaşım Qabil Musayevi dindirsəydi, təbii ki, müəyyən edirdi ki, o, qardaşından 18000 manat borc almışdır və həmin pulla birlikdə müalicəsinə 21.994.44 manat xərc çəkməli olmuşdur. Bununla da iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarardı. Bunları etməməklə is əqanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(017)-952/2024 nömrəli qətnaməsini “cavabdeh X4sağlamlığa vurulmuş zərərə görə çəkilmiş xərclərin əvəzini təşkil edən 3663,49 manat məbləğində pulun İddiaçı1 verilməsi” hissəsində ləğv edilməsi və Cavabdeh 22.051,49 manat pulun alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etdiyindən, kollegiya qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlar, iş materialları və birinci instansiya məhkəməsinin qətnaməsi ilə birgə hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 02 iyun 2023-cü il tarixli yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı1 müxtəlif bədən xəsarətləri almış, həmin xəsarətlərlə əlaqədar olaraq müalicə və müayinə xərcləri çəkmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar əsasında müalicə və müayinə üçün faktiki olaraq 5163,49 manat məbləğində xərclərin çəkildiyi təsdiq edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığa vurulmuş zərərə görə iddiaçıya 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. Bu hal nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən sağlamlığa vurulmuş zərər üzrə cavabdehdən iddiaçının xeyrinə 3663,49 manat məbləğində pulun tutulması barədə qanuni nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində iddiaçı məhkəmənin bu nəticə ilə razılaşmadığını bildirərək, əlavə olaraq Rusiya Federasiyasında aparılmış müalicə ilə bağlı xərclərin də cavabdehdən tutulmalı olduğunu iddia edir. Lakin iş materiallarının araşdırılmasından müəyyən olunur ki, apellyasiya şikayətində istinad edilən Rusiya Federasiyasındakı müalicə ilə bağlı sənədlər əsasən müalicə planları və ödəniş qəbzlərindən ibarətdir. Həmin sənədlər isə özlüyündə göstərilən tibbi xidmətlərin məhz 02 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində alınmış bədən xəsarətləri ilə səbəbli əlaqədə olduğunu təsdiq etmir. Bundan əlavə, təqdim edilmiş sənədlərdən həmin müalicələrin zəruriliyini, yəni iddiaçının həmin tibbi xidmətlərə ehtiyacının olmasını və alternativ olaraq onları pulsuz almaq hüququnun mövcud olmamasını təsdiq edən halların da aydın şəkildə müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı hadisədən əvvəl də müəyyən sağlamlıq problemlərinin mövcud olduğunu bildirmiş, sonradan aparılmış bəzi tibbi müdaxilələrin (o cümlədən kardioloji xarakterli müalicələrin) yol-nəqliyyat hadisəsi ilə bilavasitə əlaqəsini təsdiq edən tibbi ekspert rəyi və ya digər müvafiq sübutlar təqdim etməmişdir. Belə olan halda, təqdim edilən bütün tibbi xərclərin avtomatik olaraq qəza nəticəsində yaranmış zərər kimi qiymətləndirilməsi mümkün deyildir. Apellyasiya şikayətində iddiaçı tərəfindən qardaşından borc pul alması faktına da istinad edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, borc alınması faktı xərclərin konkret olaraq hansı tibbi xidmətlərə görə, hansı məbləğdə və hansı zərurət əsasında çəkildiyini sübut etmir. Borc münasibətləri xərclərin məqsədini və onların yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsini təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları tam və hərtərəfli araşdırmış, yalnız sənədlərlə təsdiq edilmiş və yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsi müəyyən edilən xərcləri nəzərə almış, sübuta yetirilməyən və ya hadisə ilə əlaqəsi təsdiqlənməyən hissədə isə iddia tələbinin təmin edilməməsi barədə əsaslandırılmış nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin sağlamlığa vurulmuş zərərin ödənilməsi hissəsində ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Qətnamə həmin hissədə qanuni və əsaslı olmaqla qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası təqdim edilmiş məhkəmə-tibbi ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək aşağıdakı mövqeni ifadə edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində konkret travmatik bədən xəsarətləri almışdır və bu hallar birinci instansiya məhkəməsi tərəfindən də düzgün müəyyən edilmişdir. Eyni zamanda, həmin rəyə əsasən iddiaçının “döş sümüyü yastılaşması, osteoatroz” kimi patoloji dəyişikliklərinin mövcud olduğu, bu dəyişikliklərin isə birbaşa travmatik mənşəli olmadığı, yalnız travmadan sonra mövcud degenerativ proseslərin kəskinləşməsi və ağrıların artmasının mümkünlüyü qeyd edilmişdir. Bununla yanaşı, ekspert rəyində İddiaçı1 Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “MC Klinikasında” hər hansı cərrahi əməliyyata məruz qalmasına dair tibbi məlumatın mövcud olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-tibbi ekspert rəyi iddiaçının aldığı travmatik xəsarətləri təsdiqləməklə yanaşı, apellyasiya şikayətində istinad edilən əlavə tibbi müdaxilələrin və xüsusilə xarici ölkədə aparıldığı iddia olunan müalicələrin yol-nəqliyyat hadisəsi nəticəsində zəruri olmuş tibbi tədbirlər kimi qiymətləndirilməsi üçün hüquqi əsas yaratmır. Bu baxımdan, birinci instansiya məhkəməsinin yalnız sübuta yetirilmiş və hadisə ilə səbəbli əlaqəsi müəyyən edilmiş xərcləri nəzərə alması düzgün və əsaslandırılmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-952/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-952/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar