Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-789/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi Şahbazov Qaçay Əmir oğlunun, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun vəkili Səmədov Cahan Arif oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsindən cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1467 manat pulun və ödənilmiş 44,67 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia təmin edilərək, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlundan 1467 manat əsas borc və 44,67 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1511,67 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC-nin iddiası onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı 000084 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən 193 nömrəli mənzil xx.xx.2015-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu həmin mənzilə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun kommunal xidmət haqqı borcu 798 manat məbləğ təşkil edir. Bundan əlavə, avtomobil dayanacağına 669 manat, ümumilikdə 1467 manat məbləğdə borc formalaşmışdır. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan kommunal borcunu ödəməmişdir. Göstərilənlərə əsasən cavabdehdən 1467 manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 44,67 manat məbləğdə pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sakinlər arasında, eləcə də cavabdeh arasında kommunal ödənişlərə və avtomobil dayanacağı üçün ödənişlərə dair heç bir müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində liftlərə xidmət göstərilməsinə dair qeydlər vermişdir. Cavabdehin yaşadığı binada sakinlərin istifadəsi üçün iki lift quraşdırılmasına baxmayaraq, liftlərdən biri tamamilə şüşə izolyasiya ilə qapadılmış və sakinlərin həmin liftdən istifadəsi qadağan edilmişdir. Belə ki, qeyd etdiyi lift şirkət tərəfindən cavabdehin yaşadığı binada yerləşən “VTB” bankın ofisinin sərəncamına verilmiş və həmin liftdən yalnız “VTB” bankın əməkdaşları istifadə etməkdədir. Çoxmənzilli binada yüzlərlə insan yaşayır və sakinlərin istifadəsi üçün iki lift nəzərdə tutulduğu halda liftlərdən sakin olaraq normal istifadə edə bilmirlər. Yəni bir lift sakinlərin evlərinə qalxıb düşməsi üçün çatmır. Əvəzində isə cavabdehdən həmin liftlərin saxlanılması üçün qanunsuz olaraq rüsumu alınır. İddiaçı iddia ərizəsində guya cavabdehin binanın ərazisində yerləşən avtomobil dayanacağından istifadə etdiyini və bu səbəbdən İddiaçı MMC-yə dayanacağa görə 669 manat məbləğində borcun yarandığını qeyd etmişdir. Qeyd edilən “dayanacaq” faktiki olaraq dayanacaq kimi təyinata malik deyil və binada yaşayan avtomobili olan sakinlər bina həyətində harada istəsələr, orada da avtomobillərini saxlayırlar. Dayanacaq təyinatı olan hər hansı tikili bina həyətində olsa da, həmin tikili tam olaraq istifadəyə verilməyib. Dayanacağın tikintisi yarımçıq və qəzalı vəziyyətdədir. Ödənişlərlə bağlı təqdim olunmuş qəbzlərdə “Dayanacaq” qrafasının qarşısında borc məbləği "0” (sıfır) yazılır. Buna baxmayaraq, İddiaçı MMC cavabdehdən fəaliyyət göstərməyən dayanacağa görə 669 manat məbləğində pulu istəyir. Buradan görünür ki, heç bir hüquqi əsası olmadan vətəndaşdan İddiaçı MMC qanunsuz və əsassız pul yığmaqla məşğuldur. Məhkəmə işə baxarkən yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə baxmış, cavabdeh tərəfindən əvvəllər təqdim edilmiş sənədlər, fotoşəkillər tədqiq edilməmiş, onlara məhkəmə tərəfindən qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi sadə müqavilə sakinlərdən heç bir qanuni əsasa sığmayan pul yığımı üçün hüquqi sənəd ola bilməz. Əlavə olaraq, məhkəmə dayanacağa görə hansı müqavilə əsasında pul yığıldığını və cavabdehin buna görə 669 manat məbləğdə iddiaçıya borcu yarandığını araşdırmır və qiymət vermir. İddiaçı MMC tərəfindən kommunal xərclərə dair verilmiş qəbzlərdə göstərilən məbləğlərlə iddia edilən məbləğlər üst-üstə düşmür. Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlunun vəkili Səmədov Cahan Arif oğlu izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi Şahbazov Qaçay Əmir oğlu izahatında Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il və xx.xx.2012-ci il tarixli müqavilələrdən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. İşdə olan "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. İşdə olan sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və sifarişçinin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC-nin Həsən Seyidabdülhəmid Əli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan verilmiş kommunal xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun 798 manat kommunal xidmət haqqı borcu mövcuddur. İşdə olanİddiaçı MMC tərəfindən verilmiş dayanacaq xidmət haqqına dair arayışdan görünür ki, Həsən Seyidabdülhəmid Əli oğlunun avtomobil dayanacağına 669 manat məbləğdə borcu mövcuddur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolu ilə Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. “Sifarişçi” "xxxx" Mənzil-Tikinti Kooperativi ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə ilə isə “Sifarişçi" sifariş verməyi, “İcraçı” isə əlavə muzd almadan "Sifarişçi"yə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “icraçı”ya verməyi, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən "İcraçı” bina sakinlərinə göstərilən mənzil kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Həmçinin cavabdeh Həsən Seyidabdülhəmid Əli oğluna məxsus Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yerləşən 193 nömrəli mənzil İddiaçı MMC tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 1467 manat məbləğdə kommunal borcu yaranmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə şgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənziltikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Eyni Məcəllənin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2 və 135.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənziltikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.3-cü və 136.4-cü maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.4-cü və 138.5-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47- ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütanasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, apellyasiya şikayətində öz əksini tapmış, lakin iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmayan dəlillər formal mülahizələrdir və hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh Həsən Seyidabdülhəmid Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(064)-276/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-789/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-789/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver