Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-789/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(072)-116/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia qismən təmin edilərək, Cavabdeh 3468,79 manat məbləğində əsas kredit borcunun, 549,33 manat məbləğində faiz borcunun, ümumilikdə 4018,12 manat məbləğində kredit borcunun və 59,19 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülki iş üzrə ilkin və komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 150 manat məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəbrayıl Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(072)-116/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və İddiaçı ASC-nin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onların qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı apellyasiya şikayətinin tələb olunan hissələrinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində ümumiyyətlə yer verilməmişdir. Apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı hissələr göstərilməyərək, cədvəldə sıra ilə göstərilməli olan hər bir normanın qarşısında onun pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqe bildirilməmişdir. Cavabdehə yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada tərtib etməsi tövsiyə olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan onları əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, onun MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-116/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.