Məhkəmə qərarları › İş №2(106)-79/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-79/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-79/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X13 oğlunun katibliyi, iddiaçının nümayəndələri X3 və X4, Cavabdeh1 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə (səh. 140-143) məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 21 avqust 2014-ci il tarixli kredit müqaviləsi üzrə 39.115,50 manat əsas, 13.397,76 manat faiz, 18.156,46 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.018,55 manat olmaqla, ümumilikdə 74.688,27 manat borcun tutulmasını, ipoteka predmetinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun evin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin bu evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin evdən çıxarılmaları, evin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 21 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “MXD” filialından illik 21 faizlə 36 ay müddətinə 99000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 6 otaqlı 226.3 kv.m ümumi, 145.6 kv.m yaşayış, 80.7 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 2014-cü il 21 avqust tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 kredit borcu ilə bağlı dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına da ərizə göndərilmişdir. Ərizə müəyyən edilmiş qaydada qeydiyyata alınmış, cavabdeh bildirişə də münasibət bildirməmişdir. Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 39115,50 manat əsas borc, 13397,76 manat faiz borcu, 3000 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.018,55 manat olmaqla, ümumilikdə 59531,81 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Cavabdeh1 mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına və ekspert xərcinə görə 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 6 otaqlı, 226.3 kv.m ümumi, 145.6 kv.m yaşayış, 80.7 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldildikdə və o satıldıqda Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında müqavilə üzrə şərtlər müəyyən olunmuş, lakin cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, öhdəliklərini yerinə yetirməmiş, müəyyən məbləğdə ödənişlər aparsa da ödənilməmiş kredit borcu qalmışdır. Məhkəmə iş üzrə təyin olunaraq keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8641 saylı rəyinin nəticəsinə əsasən hesab etmişdir ki, 21 avqust 2014-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən Bankın xeyrinə 52.513,26 manat - əsas borc üzrə 39.115,50 manat və faiz borcu üzrə 13.397,76 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən 18.156,46 manat cərimə borcu tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə cərimə borcunun azaldılaraq 3.000 manat məbləğində müəyyən olunması məqsədəmüvafiqdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 4.018,55 manat olmaqla, cəmi cavabdehdən 59.531,81 manat pul tutulması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbinin borcun ödənilməsini təmin etmək üçün tutmanın ipoteka predmeti olan evə yönəldilməsi hissəsində iddia təmin olunmalı, lakin ipoteka ilə yüklü edilmiş evin dəyəri iş üzrə alınmış mütəxəssis rəyinə əsasən 220.000 manat müəyyən olunmalıdır. Belə ki, ipoteka müqaviləsi bağlandığı anda evin likvid dəyəri kimi 170.000 manat məbləğində qiymətləndirilməsi, həmin qiymət 2014-cü ildə qoyulduğuna görə artıq 8 ilə yaxın müddət keçdiyindən hazırda real vəziyyəti əks etdirmir. Odur ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada icra edilməsi hissəsini rədd edərək qeyd etmişdir ki, bu tələb qeyri-müəyyən olduğundan hazırkı məhkəmə mərhələsində deyil, gələcəkdə icra mərhələsində öz həllini tapmalıdır. Bununla yanaşı, məhkəmə iddia tələbinin ev hərracda satıldıqdan 1 ay sonra cavabdehin evdən istifadə hüquqlarının itirilməklə çıxarılması, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi hissəsini qismən təmin edərək qeyd etmişdir ki, qanunvericilikdə ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri nəzərdə tutulmuşdur ki, məhkəmə də iddia tələbini bu hissədə əsaslı sayaraq təmin etmişdir. Cavabdehin evdən istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi hissəsində isə məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunda bu hal nəzərdə tutulmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Cavabdeh1 Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin qismən təmin edilərək, ondan iddiaçının xeyrinə 24508,15 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmış, çəkişmə prinsipinə əməl olunmamış və cavabdeh tərəf lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin sübutlar vasitəsilə iddiaçıya olan borcunun şəraitin dəyişməsi, daha ağır maddi duruma düşməyi ilə əlaqədar olması ona maddi və mənəvi zərər yetirilməsi tam təsdiq olunur. İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən ödəmə imkanı olmadığı müddətdə əlavə faizlər və cərimə hesablanmamalı olduğu halda, iddiaçı tərəfindən həmin faktlar məhkəməyə bildirilməmiş və əsassız olaraq cavabdehdən 2-3 dəfə artıq vəsait ödənilməsi qət olunmuşdur. İddiaçı tərəf əsassız olaraq ödədiyi pulları əsas borcuna hesablamamış, həmin pulları faizlərə silmişdir. Həmçinin məhkəmə qərəzli olaraq ilk iddia tələbində iddiaçının əsas borc kimi 24.508,15 manat tələb etməsinin sonradan 39.115,5 manatadək artmasına hüquqi qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(106)-1977/2022 saylı qətnaməsi ilə Cavabdeh1 (nümayəndəsi Vəkil) apellyasiya şikayətinin təmin edilməməsi və Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh1 (nümayəndəsi Vəkil) Şirvan Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(106)-1977/2022 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 (nümayəndəsi Vəkil) kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara tam, hərtərəfli və düzgün hüquqi qiymət verilməmiş, qətnamənin əsassız və qanunsuz olması məhkəmə iclasında tam təsdiq olunsa da, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qərəzli olaraq təmin edilməmişdir. Belə ki, banka olan kredit borclarını vaxtında ödəmiş, lakin bir müddət sonra milli valyutanın 2 dəfə devolivasiyası baş verməsi səbəbindən maddi imkanları çətinləşmiş və ödəmələrində gecikmələr olmuşdur. Tərəfindən edilən ödənişlər bir müddət sonra cərimə və faizlərə silinmiş, əsas borc isə eynilə qalmışdır. Buna baxmayaraq, yenə də ödənişlər etməyə davam etmiş, sonradan maddi imkanı olmadığından ödənişləri başa çatdıra bilməmişdir. Göstərilənlərə baxmayaraq, məhkəmə kollegiyası şəraitin dəyişməsini nəzərə almamış, ödənişlərinin əsassız olaraq silinməsinə qiymət verməmişdir. Həmçinin iddiaçı ilkin iddia ərizəsində ona olan əsas borcunun 24.508,15 manat olduğunu qeyd etmiş, lakin birinci instansiya məhkəməsində təyin olunmuş məhkəmə-əmtəəşünasiıq ekspertizası ilə həmin əsas borcun məbləği 39.115,50 manat müəyyən edilmiş və bu rəyin əsasında iddiaçı tərəf iddianın həcmini artırmışdır. Birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından həmin ekspert rəyinə apellyasiya şikayətində qəti etirazını bildirmiş, həmçinin məhkəmə iclasında Banka olan əsas borcunun müəyyən edilməsi üçün təkrar ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. Lakin vəsatəti qəbul edilsə də, qərəzli olaraq təmin edilməmişdir. Həmçinin qətnamədə vəsatətinin təmin və ya rədd edilməsinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2023-ci il tarixli 2(102)-1064/2023 saylı qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X10) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2(106)-1977/2022 saylı qətnaməsi ləğv edilmiş, kredit borcunun tutulması hissəsində iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya həddini düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, kredit borcunun məbləği müəyyən edilərkən maddi hüquq normalarının tələblərini pozmuş və qeyd edilən pozuntular düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Apellyasiya baxışının həddini təşkil edən kredit borcunun məbləği hissəsində isə maddi hüquq normalarının tələblərini pozaraq, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə həm kredit müqaviləsində nəzərdə tutulmuş 21 faizlə ekspertizanın hesabladığı faiz məbləğini, həmdə eyni dövr üzrə MM-in 445.7-ci maddəsi ilə illik 5 faiz hesabı ilə tələb edilən 4.018,55 manat faiz borcunun tutulması barədə qətnaməni dəyişdirmədən saxlamış, həmçinin kredit borcunun məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmiş, iddiaçının ilkin olaraq xx.xx.2020-ci il tarixə 24508,15 manat əsas borc, 24242,05 manat faiz tələb etməsinə baxmayaraq, ekspert rəyi alındıqdan sonra iddiaçının iddia tələbini dəqiqləşmə ərizəsi verərək, rəydə müəyyən edilmiş məbləğlərə uyğun 39.115,5 manat əsas borc, 13.397,76 manat faiz tələb etməsinə diqqət etməmişdir. Apellyasiya məhkəməsi işə baxarkən müqavilə müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə, iddiaçının həmin tarixdən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 4018,55 manat tələb etməsinə, məhkəmənin də mühasibatlıq ekspertizası təyin edilərkən müqavilə müddətinin sonu üçün əsas borc və faizin müəyyən edilməsi barədə sual qoyulmasına baxmayaraq, ekspertin qanuna zidd olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 21 faizlə hesablanmasına, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ödənilmiş 65000 manat məbləğində vəsaitin çox hissəsinin də həmin faiz məbləğlərinə silinməsinin əsassız olmasına diqqət yetirməmiş kredit borcunun məbləği hissəsində birinci instansiya məhəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqelərə zidd qətnamə qəbul etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək öz izahatında bildirmişdir ki, Cavabdeh müqavilə müddəti bitdikdən sonra ödənişlər etmiş, lakin etdiyi ödənişlər cərimə və faiz məbləğlərinə silinmişdir. Cavabdeh 36 ay müddətinə cəmi 99.000 manat kredit götürsə də, ümumilikdə iddiaçıya 134.607 manat pul ödəmişdir. Cavabdehin bildirdiyinə əsasən onun banka heç bir borcu yoxdur. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək öz izahatında bildirmişdir ki, ekspert rəyi natamamdır. Ekspert rəyində suala yarımçıq cavab yazılmışdır. Belə ki, cavabdehin 11802 manat məbləğində dəbbə silinməsi var. Hər iki audit rəyi ilə də bu hal öz əksini tapmışdır. Qərardadda silinmənin hansı ardıcıllıqla olması sual olaraq qoyulsa da, ekspert rəyində buna rast gəlinmir. Ekspert silinmiş vəsaiti əsas borca hesablamışdır. Maliyyə arayışında 18156.46 manat silinmə rəydə nəzərə alınmamışdır. 11000 manat dəbbənin silinmə tarixləri var və həmin məbləğ hissə-hissə iddiaçı tərəfindən silinmişdir. xx.xx.2017-ci ildən sonra 65000 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək öz izahatında bildirmişdir ki, müqavilənin son tarixinə kimi kifayət qədər cərimə vardır. Cərimə əsas borca görə hesablanmalıdır. 360 gündən çox gecikmə olmuş və cərimələr hesablanmışdır. Müddətin bitməsinədək cərimələr silinmişdir. Qeyd edilən cərimələr ödənişlərdən sonrakı qalan cərimələrdir. 11811 manat cərimədən silinmişdir. Həmin məbləğin 10144 manat məbləğindəki hissəsi 65000 manat ödənişdən silinmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdə olan 21 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “MXD” filialından illik 21 faizlə 36 ay müddətinə 99000 manat məbləğində kredit götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8641 saylı rəyinə əsasən Cavabdeh1 21 avqust 2014-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə cəmi borcu 52.513,26 manat əsas borc 39.115,50 manat və faiz borcu 13.397,76 manat təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, qətnamənin əsaslılığı kredit borcunun tutulması hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Habelə MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-ci il tarixli 2(102)-1064/2023 saylı qərarında öz əksini tapmış məcburi göstərişlərə uyğun baxılan mülki işin faktiki hallarına apellyasiya baxışının predmetini təşkil edən kredit borcunun tutulması hissədə hüquqi qiymət verərək qeyd edir ki, adıçəkilən qərarda kredit borcunun məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi, habelə iddiaçının ilkin olaraq 11 fevral 2020-ci il tarixə 24508,15 manat əsas borc, 24242,05 manat faiz tələb etməsinə baxmayaraq, ekspert rəyi alındıqdan sonra iddiaçının iddia tələbini dəqiqləşmə ərizəsi verərək (səh. 140-143) rəydə müəyyən edilmiş məbləğlərə uyğun 39115,5 manat əsas borc, 13397,76 manat faiz tələb etməsinə diqqət edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Bundan əlavə, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilərkən müqavilə müddətinin sonu üçün əsas borc və faizin müəyyən edilməsi barədə sual qoyulmasına baxmayaraq, ekspertin qanuna zidd olaraq 21 avqust 2017-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək 21 faizlə hesablanmasına, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ödənilmiş 65000 manat məbləğində vəsaitin çox hissəsinin də həmin faiz məbləğlərinə silinməsinin əsassız olmasına diqqət yetirilməsinin vacibliyi göstərilmişdir. İş üzrə 18 iyul 2023-cü il tarixli qərardadla təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borcu üzrə 64.329,28 manat, faiz borcu üzrə 10.789,48 manat, xx.xx.2021-ci il tarixə əldən çıxmış fayda borcu üzrə 6.074,34 manat (5%-lə), qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 10.118,76 manat, faiz borcu üzrə 0,00 manat (21%lə), əldən çıxmış fayda borcu üzrə 6.309,04 manat (5%-lə) borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Bundan sonra iddiaçının nümayəndəsinin vəsatəti əsasında 07 noyabr 2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında suallar qoyulmaqla yanaşı, rəy verilərkən 28 yanvar 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin kapitallaşdırılmasının da nəzərə alınması istənilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 9/9798 saylı rəyinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 64.608,15 manat, faiz borcu üzrə 10.618,39 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 10.226,54 manat, faiz borcu üzrə 0,00 manat (21%-lə), əldən çıxmış fayda üzrə 6.098,53 manat (5%-lə), qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixə əsas borc üzrə 10.226,54 manat, faiz borcu üzrə 0,00 manat (21%-lə), əldən çıxmış fayda üzrə 6.335,73 manat (5%-lə) borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kredit borcunun tutulması hissədə gəldiyi nəticə üzrə işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, 28 yanvar 2016cı il tarixli Əlavə Sazişə əsasən krediitin kapitallaşdırılmasının da nəzərə alınması ilə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 yanvar 2024-cü il tarixli 9/9798 saylı rəyindən də göründüyü kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 10.226,54 manat, faiz borcu üzrə 0,00 manat (21%-lə), xx.xx.2021-ci il tarixə əldən çıxmış fayda borcu üzrə 6.098,53 manat (5%-lə) olması aşkar edilir. Habelə diqqətə çatdırılmalıdır ki, xx.xx.2022-ci il tarixdən sonrakı dövrə aid ödənişlər (rəydə xx.xx.2022-ci il tarixdən sonrakı dövrə 200 manat ödənişin olması müəyyən edilmişdir) icra icraatı mərhələsində nəzərə alınmalıdır. Bununla yanaşı, kollegiya diqqətə çatdırır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmə iclasında MPM-in 89.2-ci maddəsinə uyğun olaraq rəy vermiş (26 yanvar 2024-cü il tarixli 9/9798 saylı) ekspert Rəvan Nağızadə ilə tərəflərin iştirakı ilə rabitə vasitələrindən istifadə edilməklə əlaqə saxlanılmışdır. Ekspert bildirmişdir ki, iş materiallarına əlavə edilmiş yalnız cari hesabdır. 2014-cü il tarixli kredit müqaviləsində cərimə hesabı mövcud deyil və işə əlavə edilməmişdir. Buna görə də, cərimə hesablanmamışdır. Xüsusi biliyə malik olan şəxs kimi göstərir ki, qeyd edilən səbəbdən, əlavə ekspertiza keçiriləcəyi halda belə cərimə borcu üzrə hər hansı rəyin verilməsi mümkün olmayacaqdır. Kollegiya yuxarıda göstərilənlərə əsasən İddiaçı ASC-nin təkrar məhkəməmühasibatlıq ekspertizası təyin olunması barədə heç bir mötəbər mühasibatlıq sənədləri ilə təsdiq edilməyən sonradan verilmiş vəsatəti ilə razılaşmır. İddiaçı tərəfin vəsatəti əsasında 26 yanvar 2024-cü il tarixdə ekspertiza aparılarkən məhkəməyə təqdim edilmiş müstəqil auditor rəyi də işə əlavə edilmişdi. Ancaq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdi. Bununla yanaşı, kollegiya nəzərə çatdırır ki, ekspert yalan rəy verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur ki, bu da onun verdiyi rəyin daha mötəbər hesab olunmasına rəvac verir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cərimə məbləğini 3000 manat həddində müəyyən etmişdir. Kollegiya mövcud məhkəmə təcrübəsinin tələblərini, habelə dispozitivlik prinsipini rəhbər tutaraq hesab edir ki, cərimə borcu 1000 manat həddində müəyyən edilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən - 21 avqust 2014-cü il tarixli 6-BİZ-1-0-1659-14 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində dəyişdirilərək həmin kredit müqaviləsi üzrə əsas borcun məbləği 10226,54 manat, faiz borcunun məbləği 0,00 manat, cərimə borcunun məbləği 1000 manat və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış pulun məbləği (MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) 4018,55 manat, ümumilikdə 15245,09 manat müəyyən edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Kollegiya diqqətə çatdırır ki, qətnamə məhkəmə xərclərinə dair hissədə dəyişdirilməməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli 9/6539 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 manat və 26 yanvar 2024-cü il tarixli 9/9798 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 150 manatı İddiaçı ASC-dən, 150 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(064)-265/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən - 21 avqust 2014-cü il tarixli 6-BİZ- 1-0-1659-14 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində dəyişdirilsin. Həmin kredit müqaviləsi üzrə əsas borcun məbləği 10226 (on min iki yüz iyirmi altı) manat 54 (əlli dörd) qəpik, cərimə borcunun məbləği 1000 (min) manat və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış pulun məbləği 4018 (dörd min on səkkiz) manat 55 (əlli beş) qəpik, ümumilikdə 15245 (on beş min iki yüz qırx beş) manat 09 (doqquz) qəpik müəyyən edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. 25 sentyabr 2023-cü il tarixli 9/6539 saylı ekspert rəyinin verilməsi üzrə tədqiqatın dəyəri qismində 200 (iki yüz) manat və 26 yanvar 2024-cü il tarixli 9/9798 saylı ekspert rəyinin verilməsi üzrə tədqiqatın dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin 150 (yüz əlli) manatı İddiaçı ASC-dən, 150 (yüz əlli) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar