Məhkəmə qərarları › İş №2(106)-790/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-790/2024

20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-790/2024 20.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 01 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 12 iyun 2001- ci ildə “Kənan” ildə adlı, 02 noyabr 2002-ci ildə “Ləman” ildə adlı və 15 noyabr 2010-cu ildə “Ömər” ildə adlı 3 (üç) uşağı anadan olmuşdur. Övladları Kənan və Ləman hazırda yetkinlik yaşlarına çatmışlar. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Birgə nikahlarından anadan olmuş oğlan uşaqları X2 üçün aliment ödənilməsi məqsədi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X2 üçün 7 (yeddi) il ərzində hər ayın 30-dan etibarən 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutularaq, özünün xeyrinə ödənilməsi barədə 21 oktyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq, barışıq sazişini könüllü şəkildə icra etməmişdir. O da barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında maraqlı şəxs Cavabdeh ilə aralarında “birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Bununla yanaşı, müəyyən şərtlərlə razılığa gəlməklə mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin 103 (yüz üç) AZN sabit pul məbləği həddində azaldılması barədə MŞC/MT020/2023-00427 saylı, 05 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Ötən müddət ərzində Cavabdeh ödədiyi 103 (yüz üç) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Ömərin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqları Ömər orta məktəbdə təhsil alır, onu saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Düzdür, özü Bakı şəhərində evlərin birində yaşlı qadına qulluq edir və buna görə hər ay 200 (iki yüz) AZN məbləğində xidmət haqqı alır, lakin məktəbli uşaqları Ömərin gündəlik tələbatını qarşılamaqda çətinlik çəkir. Eləcə də cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsində “mühəndis” vəfizəsində işləyir və bununla yanaşı, onun əlavə gəlir mənbəyi də vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Ramil yetkinlik yaşına çatmayan oğlan uşaqları Ömərə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onunla maraqlanmır və ünsiyyət saxlamır. Düzdür, özü bir ana kimi uşağına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Ramili bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 01 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların birgə nikahından 12 iyun 2001-ci ildə “Kənan” ildə adlı, 02 noyabr 2002-ci ildə “Ləman” ildə adlı və 15 noyabr 2010-cu ildə “Ömər” ildə adlı 3 (üç) uşağı anadan olmuşdur. Övladları Kənan və Ləman hazırda yetkinlik yaşlarına çatmışlar. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Məlum olduğu kimi, mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X2 üçün 7 (yeddi) il ərzində hər ayın 30-dan etibarən 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin qazancından tutularaq, ərizəçi İddiaçı xeyrinə ödənilməsi barədə 21 oktyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi əsasında ərizəçi İddiaçı ilə aralarında “birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X2 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Bununla yanaşı, müəyyən şərtlərlə razılığa gəlməklə mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olmuş 15 noyabr 2010-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş 140 (yüz qırx) Azn sabit pul məbləğində alimenti 103 (yüz üç) AZN məbləği həddində azaldılması barədə MŞC/MT020/2023-00427 saylı, 05 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Hesab edir ki, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Onu da qeyd edir ki, o, ikinci dəfə 29 noyabr 2021-ci il tarixdə “Zəminə” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 14 yanvar 2023-cü ildə “Ruhim” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Bu səbəbdən də, o, İddiaçı ilə birgə nikahlarından 15 noyabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 103 (yüz üç) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi imkanı çatır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Tərlan Nüsrətov), iddianın qismən təmin edilməsi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin məbləği 170 (yüz yetmiş) AZN sabit pul məbləği həddində artırılması, tərəflərin birgə nikahından 15 noyabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 170 (yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 58, 75, 76, 78 və 112-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cəbrayıl rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(072)-86/2024 saylı qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə uyğun izahat verərək izahatında apellyasiya şikayətinin təmin edilməsi, Cəbrayıl rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(072)-86/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 560044 №-li, 02 dekabr 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 15 noyabr 2010-cu ildə “X6” adında uşaqları anadan olmuşdur.. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 182983 №-li, 13 fevral 2014cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 14 yanvar 2009-cu il tarixdə ləğv edilmiş və akt qeydləri kitabında 2 № ilə ilə qeyd edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-100/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında “birgə nikahlarından 15 noyabr 2010- cu ildə anadan olmuş X2 üçün 140 (yüz qırx) AZN sabit pul məbləğində alimentin ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 21 oktyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 462182 №-li, 29 noyabr 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Qurbanova Zəminə Vəkil qızı arasında 29 noyabr 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 568 № ilə qeyd edilmiş və və nikah bağlandıqdan sonra arvada “Təhməzova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 828016 №-li, 06 fevral 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Təhməzova Zəminə Vəkil qızının rəsmi nikahından 14 yanvar 2023-cü ildə “X4” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsinin 203 saylı, 30 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Biləsuvar Rayon Mənzil-Kommunal İstismar Sahəsində “mühəndis” vəzifəsində işləyir və əmək haqqısı 478 (dörd yüz yetmiş səkkiz) AZN məbləği təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat həddində müəyyən edilməlidir.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği 15 noyabr 2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat həddində müəyyən edilmiş və həmin pul vəsaiti qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay tutulub, İddiaçı ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 360 (30x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-86/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar