Məhkəmə qərarları › İş №2(106)-798/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-798/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-798/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(047)-26/2024 saylı qətnaməsindən (hakim C.İbrahimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4885 manat məbləğində dəymiş zərərin və ödənilmiş 69.40 manat dövlət rüsumunun alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “KİA RİO” minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, ona məxsus “Lexus GS250” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması Abşeron rayon X8 Şöbəsinin polis baş leytenantı X3 xx.xx.2023-cü il tarixli, TP5492073 saylı inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiqlənir. “KİA RİO” minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobillərin icbari sığorta növü üzrə "xxxx" ASC-də sığorta olunduğundan həmin sığorta şirkətinin əməkdaşları tərəfindən onun avtomobilinin təmirə yararlı olub-olmaması, təmir xərcinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin servisinə göndərilmişdir. MMC tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində həmin avtomobilə 9885 (doqquz min səkkiz yüz səksən beş manat) manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsi ilə nəzərdə tutulan 5000 (beş min) manat məbləğində pul ona ödənilmişdir. Hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın yerdə qalan hissəsi, yəni 4885 manat məbləğində pul və 69.40 manat dövlət rusumu, cəmi 4954.40 manat məbləğində pul da qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən onun xeyrinə tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh iddianın əsassız olduğunu bildirib, işə sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz etmişdir. Laçın Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(047)-532/2023 saylı qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır. Birinci instansiya Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində iddiaçının idarə etdiyi “Lexus GS250” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “KİA RİO” markalı **-TF-*** dövlət qeydiyat nişanlı avtomobillə toqquşmuşdur. Hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə onun avtomobilinə ziyan dəyməmişdir. Belə ki, iddiaçı dəymiş ziyanın bir hissəsini sığorta şirkəti vasitəsilə almışdır. Bundan başqa təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçının istifadəsində olan “Lexus GS250” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 6811 manat müəyyən olunmuşdur. Qeyd etdiklərinə əsasən də o, belə hesab edir ki, iddiaçı tərəfindən sığorta şirkətindən alınmış ziyan məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş ümumi ziyan məbləğindən çıxılaraq iddia tələbi qismən təmin olunmalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən, yəni 1811 manat hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(047)-26/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 1811 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun 39 manat hissəsinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin 22 manatının Cavabdeh 28 manatının isə İddiaçı alınaraq Dövlət büdcəsinə ödənilməsi qət etişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək təmin edilməyən hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qəbul edilmiş qətnamə əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza nəticəsində ona məxsus olan avtomobilin təmir bərpa xərclərinin 6811.00 manat müəyyən edilmişdir. Hesab edir ki, ekspert rəyi üzrə müəyyən edilmiş məbləğ əsaslı olmamışdır. Belə ki, tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmədən görünür ki, ona məxsus olan avtomobilə 9885 manat ziyan dəymişdir. Göründüyü kimi ekspert tərəfindən müəyyən edilmiş maddi zərər ilə "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə arasında kifayət qədər böyük fərq mövcuddur. Odur ki, iş üzrə təkrar ekspertiza təyin edilməli və real zərər əsasında iddia təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək olunmasını edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus avtomobili hər hansı bir rəsmi avtoservisdə təmir etdirməmiş, avtomobilinə aidd hisələri müxtəlif yerlərdən müxəlif satıcılardan alaraq, hissə-hissə təmir etdirmişdir. Həmin vaxt onda nağd pul olmamışdır. Avtomobilin təmirinə və aldığı ehtiyyat hissələrə dair onda qəbz yoxdur, lakin avtomibilinə 10000 manat məbləğindən daha çox pul xərcləmşdir. Həmin avtomobilin ehtiyyat hissələri Bakı şəhərində olmadığından, dostları vasitəsi ilə Dubaydan gətizdirmişdir. Əgər qəbzlə alsaydı həmin ehtiyyat hissələri və təmir daha da baha olardı. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunmayan hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında qismən ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə aşağıdakılar müəyyən olunmuşdur: BA 104245 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus GS250” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır; Abşeron rayon DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur; Fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “Lexus GS250” minik markalı **- XA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir; "xxxx" MMC tərəfindən verilmiş istifadə olunmuş ehtiyyat hissələri və materialları, həmçinin görülmüş işlər üzrə cədvəldən, "xxxx" ASC tərəfindən verilmiş sığorta aktından görünür ki, Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından İddiaçı istifadəsində olan “Lexus GS250” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 9885 manat həcmində müəyyən edilərək, İddiaçı dəymiş zərər qismində 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8442 nömrəli rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Lexus GS250” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 6811 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən, həmin qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1 maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı məxsus 2012-ci il buraxılışlı “Lexus GS250” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanla bağlı iddiaçı tərəfindən təqdim olunmuş ilkin qüsur aktını və həmin akt əsasında verilmiş ekspert rəyini müqayisəli şəkildə tədqiq edən kollegiya hesab edir ki, avtomobilin istehsal tarixi, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə verilən ekspert rəyi daha inandırıcı olduğundan, daha mötəbər sübut kimi qəbul edilməli və zərərin məbləği həmin rəy əsasında müəyyən edilməldir. İddiaçı real məruz qaldığı zərərin məbləğinə dair birinci instansiya məhkəməsinə qüsur aktından savayı hər hansı bir sübut (avtomobilin ehtiyat hissələrinin alınması qəbzləri, təmir-bərpa işlərinə çəkilən xərclərin qəbzləri və sair) təqdim etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı verdiyi izahatında da, avtomobilin təmirinə 10000 manatdan çox xərc çəkdiyini, avtomobili avtoservisdə təmir etdirmədiyini, avtomobilinə aidd hisələri müxtəlif yerlərdən müxəlif satıcılardan alaraq, hissə-hissə təmir etdirdiyini, avtomobilin təmirinə və aldığı ehtiyyat hissələrə dair onda qəbz olmadığını, ehtiyyat hissələrini dostları vasitəsi ilə Dubaydan gətizdirdiyini bildirmişdir. Qeyd olunan hallar əsasında avtomobilə yetirilən real zərərin məbləğini müəyyən etmək mümkün deyildir. Bundan başqa avtomobil hazırda təmir olunmuş vəziyyətdə olduğundan, yol nəqliyyat hadisəsi nəticəsində hansı hissələrinin zərərə məruz qalmasının müəyyən olunması istiqamətində əlavə araşdırmaların aparılması da, mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə əmtəəşünaslıq akspertizası iş materiallarında olan sənədlər, o cümlədən yetirilən zərərin məbləğini müəyyən edən iddiaçının yeganə sübutu kimi "xxxx" MMC-nin qüsur aktı əsasında aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İddiaçı tərəfindən avtomobilinə daha böyük məbləğdə real zərərin vurulması ilə bağlı sübutlar verilmədiyindən, iddianı təyin olunmuş ekspertizanın rəyinə müvafiq olaraq qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan qətnamədə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(047)-26/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar