Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-805/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Sabirabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC pul tələbi barədə sadələşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən 1847,80 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 07 mart 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir, ərizəyə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 15 aprel 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 199, 202-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinə əsasən işçisindən ona dəymiş ziyanın ödənilməsinə dair iddia ilə müraciət etmişdir. Müəyyən edilir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır MPM-in 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi, iddia ərizəsini yuxarıda göstərilən tələbə cavab vermədiyindən geri qaytarmışdır. Kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumunu ödəməkdən azad edilmə halları (ayrı-ayrı predmetlər və şəxslər üzrə) nəzərdə tutulmuşdur. Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddırlar. Kollegiya hesab edir ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının qorunmasını, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslandığı kimi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi də cəmiyyətin həssas təbəqələrinin, o cümlədən hüquqlarının pozulduğunu iddia edən işçilərin hüquqlarının qorunmasını, onlara edilən müəyyən güzəştləri nəzərdə tutur. Bu baxımdan dövlət rüsumundan azad edilməsi əmək münasibətlərində olan işçilərin hüquqlarının qorunmasına yönəldilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli,e-2(056)-1038/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-805/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-805/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver