Məhkəmə qərarları › İş №2(106)-806/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-806/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-806/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 1400 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 34 manat məbləğdə dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin olunaraq, Cavabdeh 600 (altı yüz) manat məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 15 (on beş) manatın alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)- 1624/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh bir qonşu kimi tanımışdır. Əvvəllər münasibətləri çox yaxşı olub. 2019-cu ildən bəri mütəmadi olaraq onun qızının təhsili üçün pul götürüb ona vermişdir. O, pulu qaytarmaqla onda inam yaradıb. O, dəfələrlə müəyyən vaxtlarda ondan pul götürüb, gecikdirmiş olsa da gətirib verib. O, əvvəllər verməli olduğu puldan 500 manat borclu qalmışdır. Ona vəd verirdi ki, “narahat olma, həmin pulu verəcəyəm”. 2021-ci ilin avqust ayında onların evinə gəldi və ona dedi ki, qızının məktəbi üçün 600 manat məbləğdə pul lazımdır. Onun üçün 600 manat məbləğdə pul verdi. Sonra - 2021-ci ilin oktyabr ayında yenə onlara gəldi, qızının məktəbi üçün ondan 300 manat pul istədi. O, bu dəfə 300 manat pul verdi. Cavabdeh söz verdi ki, lotoreya götürüb ona borclu olduğu 1400 manat məbləğdə pulu verəcəkdir. Lakin söz verdiyi sözə əməl etmədi. Hər dəfə ondan pulu istəyəndə vaxt alırdı. Bu qaydada cavabdeh 9 ay vədlər verərək onu aldatdı və sonra o, 2022-ci ilin aprel ayının 27-nə pulu qaytarmağı söz verdi. Yenə ona inanıb möhlət verdi. Onu aldatdıqca, o da pul götürdüyü adam aldadırdı. O, hər dəfə ona bir çox adamlardan borc aldığını deyirdi. Bundan sonra İlhaməyə dedi ki, “qoy mən sənin yoldaşına deyim, sənə dəstək olsun və pulu ödəsin”. İlhamə ona yalvarıb deyirdi ki, “ona demə, pulu mən özüm ödəyəcəyəm. Həmişə necə ödəmişəm, indi də elə ödəyəcəyəm.” 2022-ci ilin may ayının 11-də yoldaşı ona zəng edib bildirdi ki, İlhamənin borcunu özü verəcək. Qızı may ayında məktəbi bitirəcək, həmin vaxta qədər imkanı olmayacaq, pulu iyun ayında ödəyəcəyini dedi. Gəlib hələ bu barədə yoldaşı ilə də danışdı. Onun verdiyi sözə inandı. Samirə adlı şəxsdən pul alıb cavabdehə verdiyi pulu götürdüyü şəxsə olan borcunu ödədi və Samirəyə 1400 manat məbləğdə borclu qaldı. İlhamənin əri söz versə də, İlhamə gəlib evində onu təhqir etdi, özünü öldürəcəyini dedi və bildirdi ki, “bunu sənin üstünə atacağam”. Bundan sonra Samirə məcbur olub onun yoldaşının yanına getdi, onunla bu barədə söhbət etdi. İlhamənin yoldaşı da söz verdi ki, 2022-ci ilin iyul ayında 1400 manat pulu hissə-hissə ödəyəcəkdir. Lakin bu günə qədər həmin puldan ödənilməyib. Cavabdeh iddia ərizəsinə etiraz təqdim təqdim edərək izahatında bildirmişdir ki, İddiaçı tanıyır. Hərdən ondan pul götürüb artıqlaması ilə ödəmişdir. Ondan pulu faizlə götürürdü. Bu hadisədən əvvəl İddiaçı 350 manat faiz ilə pul götürmüşdür. Həmin pulu götürən vaxt 1200 manat dəyərində, 750 əyarlıq 25 qram qızıl sep, qolbaq, 1000 manat dəyərində brilyant qaşlı üzük-sırğa, qızıl kulon 2 qramlıq qiyməti 300 manata, nişan üzüyü qiyməti 1200 manata, bir qızıl üzük 2 qramlıq 200 manata, bir nişan üzüyü 4 qram qiyməti 600 manat girov qoymuşdur. 350 manat pulun əvəzinə 800 manat bir və 1000 manat bir pul vermişdir. Pulu tam artıqlaması ilə ödəyib qurtardıqdan sonra qızıllarını istəmişdir. Ona deyib ki, “sən pulu vaxtında ödəmədiyinə görə sənin qızıllarını satmışam”. Sonradan yenə ona pul lazım oldu. İddiaçı 600 manat sələmə ilə pul götürdü. Ondan götürdüyü pulu hər ay 120 manat aylığın ödəyirdi. Bundan əlavə ona pulu gecikdirəndə ondan 200-300 manat əlavə pul alırdı. Dekabrın 16-da ona 500 manat Mehriban adlı qadınla pul göndərmişdir. Həmin vaxt Sudabə ona deyib ki, “500 manat pulu aldım”. Bundan əlavə qonşudan faizlə 1500 manat pul alıb Sudabəyə vermişdir. Qardaşından da 300 manat alıb Sudabəyə vermişdir. xx.xx.2022-ci il tarixdə Sevinc adlı qadından sələmə ilə 1000 manat pul götürüb ona evində vermişdir. Axır vaxtlar İddiaçı onu yeznəsi ilə hədələyirdi. Ona deyirdi ki, “sənin universitetdə oxuyan qızını götüzdürcəyəm, onun başına oyunlar açdıracağam, sənin yoldaşına sənin haqqında pis məlumatlar verəcəyəm. O, bu hadisələrdən bezib özünü öldürmək məqsədi ilə sirkə içdi və xəstəxanaya düşdü. İçdiyi sirkənin nəticəsində mədəbağırsağı sıradan çıxmışdı. İndi də müalicə etdirir. Onu pis-pis sözlərlə hədələyirdi. Onun evinə tanımadığı qadın göndərib pul tələb etdirirdi. Xəstəxanadan yatdığı vaxt İddiaçı bir dəfə də olsun gəlib ona dəymədi. Heç bir vaxt İddiaçı 1400 manat pul almamışdır. Axırıncı dəfə cəmi 600 manat pul almışdır, onu da artıqlaması ilə ödəmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tanıyır. Hərdən ondan faizlə pul götürüb artıqlaması ilə ödəmişdir. Hadisədən əvvəl İddiaçı 350 manat sələmə ilə pul götürmüş, həmin pulu götürən vaxt 1200 manat dəyərində, 750 əyarlıq 25 qram qızıl sep, qolbaq, 1000 manat dəyərində brilyant qaşlı üzük- sırğa, qızıl kulon 2 qramlıq qiyməti 300 manata, nişan üzüyü qiyməti 1200 manata, bir qızıl üzük 2 qramlıq 200 manata, bir nişan üzüyü 4 qram qiyməti 600 manat girov qoymuşdu. 350 manat pulun əvəzinə 800 manat bir və 1000 manat bir pul vermişdi. Pulu tam artıqlaması ilə ödəyib qurtardıqdan sonra qızılları istəmişdir. Ona deyib ki, “sən pulu vaxtında ödəmədiyinə gorə sənin qızıllarını satmışam.” Sonradan yenə pul lazım olduqda, İddiaçı 600 manat faiz ilə pul götürdü. Götürdüyü pulu hər ay 120 manat aylığın ödəmişdir. Bundan əlavə, pulu gecikdirəndə ondan 200-300 manat məbləğdə əlavə pul alırdı. Dekabrın 16-da ona 500 manat Mehriban adlı qadınla göndərmişdir. Həmin vaxt Sudabə ona deyib ki, “500 manat pulu aldım”. Bundan əlavə, qonşudan faizlə 1500 manat pul alıb Sudabəyə borcundan vermişdir. Qardaşından da 300 manat alıb Sudabəyə vermişdir. xx.xx.2022-ci il tarixdə Sevinc adlı qadından faizlə 1000 manat pul götürüb ona evində vermişdir. Axır vaxtlar İddiaçı onu yeznəsi ilə hədələyirdi. Ona deyirdi ki, “sənin universitetdə oxuyan qızını götüzdürcəyəm, onun başına oyunlar açdıracağam, sənin yoldaşına sənin haqqında pis məlumatlar verəcəyəm.” Bu hadisələrdən bezib özünü öldürmək məqsədi ilə sirkə içmiş və xəstəxanaya düşmüşdür, içdiyi sirkənin nəticəsində mədə-bağırsağı sıradan çıxmış və müalicəsini davam etdirir. Heç bir vaxt İddiaçı 1400 manat pul almamış, axırıncı dəfə cəmi 600 manat pul almış, onu da artıqlaması ilə ödəmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin obyektiv, hərtərəfli araşdırmayaraq cavabdehin təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh iddiaya dair verdiyi etiraz ərizəsində və məhkəmədə izahatı zamanı bildirmişdir ki, İddiaçı faizlə verdiyi pulun girovu olaraq verdiyi qızılları onun razılığı olmadan iddiaçı tərəfindən satılması bildirilmişdir. Bundan əlavə, müxtəlif vaxtlarda Sudabəyə 800, 500, 300, 200, 400 manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı aralarında olan şifahi razlaşmaya əsasən müxtəlif vaxtlarda borc pul götürməyini və qaytadıqlarını inkar etmir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ərizəsində və izahatında cavabdehə ondan tələb etdiyi 1400 manat pulu hissə-hissə olaraq - 600 manat cavabdehin qızının təhsilinə, sonradan 300 yenə təhsil ilə əlaqədar, 500 manat isə işdə kompyuteri sındırdığına görə verdiyini bildirir. İddiaçının özü tərəfindən dəvət olunmuş şahid ifadəsində iddiaçının evində verdiyi borcla bağlı problemin yaşanmaması üçün iddiaçının özünə 1400 manat pulu başqa şəxslərdən toplam alıb verdiyini, sonra da həmin pulun dalıyca özü gedərək cavabdehin ərindən tələb etdiyini bildirir. Səs yazılarında isə iddiaçı cavabdehə onun qızının təhsilinə görə 600 manat verdiyini, həmçinin əvvəllər də cavabdehə vermiş olduğu 800 manat puldan ödənilməmiş qalıqların qaldığını bildirir. Bundan başqa cavabdeh izahat və etirazında iddiaçıdan əvvəllər müxtəlif məbləğlərdə borc aldığını, lakin qaytardığını etiraf edir, sonuncu dəfə isə iddiaçıdan 600 manat pul aldığını və tam şəkildə qaytardığını bildirir. Belə ziddiyyətli məqamda məhkəmə mülki qanunvericiliyin prinsiplərini və daxili inamını rəhbər tutaraq hesab edir ki, cavabdehin qızının təhsil xərclərinin ödənilməsi məqsədilə iddiaçıdan 600 manat alması hər iki tərəfin izahat və təqdim etdikləri sübutlarla təsdiq olunur. Lakin cavabdeh həmin 600 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Məhz iddiaçının tələbinin bu hissədə haqlı olması qənaətinə gələrək məhkəmə həmin hissədə iddianın təminini mümkün hesab edir. Cavabdeh vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dəvət olunmuş şahid Məcidova Samurə Usubbala qızı ifadəsində bildirmişdir ki, İddiaçı qaynanasıdır. Oğlunun evində söz-söhbət düşdüyündən o aranı sakitləşdirmək üçün Sudabəyə 1400 manat pul vermişdi. Sonradan pulunu istəyəndə Sudabə həmin pulu Cavabdeh ala bilmədiyini demiş, özü İlhamənin evinin yerini öyrənərək ora getmiş, həyətdən səslənərək İlhamənin ərini çağırmış və ona borclarını qaytarmağı xahiş etmişdir. İşdə olan birinci instansiya məhkəməsində cavabdeh tərəfindən dəvət olunmuş şahid Ağayev Böyağa Rəhman oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısıdır. Bacısı ona İddiaçı ondan pul tələb etdiyini bildirərək ona kömək etməsini xahiş etmişdi. O, Sudabəyə zəng vuraraq borcu qaytarmaq üçün 3-5 gün vaxt istədi, maaşını alanda verəcəyini bildirdi. Birinci instansiya məhkəməsində hər iki tərəf sübut qismində telefon səs yazılarını təqdim etmiş, hər iki tərəfin razılığı ilə səs yazıları sübut qismində qəbul edilərək məhkəmədə səsləndirilmiş, tərəflər disklərdəki səslərin onlara məxsus olmasını bildirərək məhkəmə tərəfindən tədqiq olunmasını xahiş etmişlər. Səs yazılarının səsləndirilməsi zamanı tərəflər arasında həqiqətən də borc münasibətlərinin olması təsdiq olunur. Söhbətlərin gedişatından iddiaçının cavabdehə hansı məbləğdə pul verməsi konkret olaraq səslənməsə də, verilən pulun “iddiaçıya əlavə faiz ödənilməsi şərti ilə verilməsi” müəyyən olunur. Səs yazılarında cavabdeh müxtəlif vaxtlarda iddiaçıya zəng vuraraq ondan möhlət istəyir və qısa zaman ərzində pulu qaytaracağına dair vədlər verir. İddiaçı isə öz növbəsində cavabdehdən pulunu tələb edir. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazısında (40-cı dəqiqədən sonra) iddiaçı yanına danışmağa gəlmiş cavabdeh və onun əri ilə borc barəsində söhbətlər aparır və cavabdehin ona olan borcunu ödənilməsini tələb edir. Cavabdeh əri tərəfindən iddiaçıya verilmiş “konkret olaraq İlhamənin sizə nə qədər borcu var” sualına “600 manat bir və əvvəllər verdiyim 800 manatdan qalıqlar” deyə İddiaçı bildirir. Məhkəmə hesab etmişdir ki, ilk öncə məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə, sübut qismində təqdim etdiyi şahid ifadəsi və səs yazıları arasındakı ziddiyyəti diqqətdən qaçırmır. Belə ki, iddiaçı ərizəsində və izahatında cavabdehə ondan tələb etdiyi 1400 manat pulu hissə-hissə olaraq – 600 manat cavabdehin qızının təhsilinə, sonradan 300 yenə təhsil ilə əlaqədar, 500 manat isə işdə kompyuteri sındırdığına görə verdiyini bildirir. İddiaçının özü tərəfindən dəvət olunmuş şahid ifadəsində iddiaçının evində verdiyi borcla bağlı problemin yaşanmaması üçün gəlninə, yəni iddiaçının özünə 1400 manat pulu başqa şəxslərdən toplam alıb verdiyini, sonra da həmin pulun dalıyca özü gedərək cavabdehin ərindən tələb etdiyini bildirir. Səs yazılarında isə iddiaçı cavabdehə onun qızının təhsilinə görə 600 manat verdiyini, həmçinin əvvəllər də cavabdehə vermiş olduğu 800 manat puldan ödənilməmiş qalıqların qaldığını bildirir. Bundan başqa, cavabdeh izahat və etirazında iddiaçıdan əvvəllər müxtəlif məbləğlərdə borc aldığını, lakin qaytardığını etiraf edir, sonuncu dəfə isə iddiaçıdan 600 manat pul aldığını və tam şəkildə qaytardığını bildirir. Cavabdehin qızının təhsil xərclərinin ödənilməsi məqsədilə iddiaçıdan 600 manat alması hər iki tərəfin izahat və təqdim etdikləri sübutlarla təsdiq olunur. Lakin cavabdeh həmin 600 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələbinin qalan 800 manat hissəsinə, məhkəmə tələbin cavabdeh tərəfindən mübahisələndirilməsini, həmçinin tələbin bu hissədə ziddiyyətli xarakter daşımasını nəzərə alır, belə ki, artıq yuxarıda göstərildiyi kimi - ərizəsində 500 manat köhnədən qalma borc, 300 manat cavabdehin qızının məktəbi üçün verilməsi, izahatlarında isə 500 manatın cavabdehin işində komputeri sındırması üçün ondan aldığını, iddiaçı tərəfində çağrılmış şahidin isə 1400 manat pulu iddiaçıya toplam verməsi, səs yazılarında isə özünün əvvəllər vermiş olduğu 800 manat puldan qalan qalıqlara görə tələb etdiyi məlum olur. Həmçinin “800 manatdan qalma qalıqların konkret olaraq hansı dövrdə, necə verildiyi, qalıqların hansı məbləği təşkil etdiyi” məhkəməyə məlum deyil, bundan başqa cavabdeh həmçinin köhnə borclarını hiss-hissə qaytardığını həm məhkəmə iclasında, həm gizli yazılmış səs yazılarında bildirmiş, iddiaçı cavabdehin əvvəllər ona müxtəlif məbləğlərdə pul verdiyini lakin həmin pulun köhnə borclara aid etdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçının bu hissədə tələbi ziddiyyətli və şübhəli hallara əsaslanır, konkret deyil və belə tələbin təmini məqbul hesab edilə bilməz. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin 600 manat məbləğdə alınmış borc pulun Cavabdeh tərəfindən İddiaçı qaytarılması barədə dəlili formal mülahizə xarakterli olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hazırkı halda qətnamə yalnız mübahisələndirilən (600 manat məbləğ) hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qalan hissəsinə toxunmur. Belə ki, qətnamənin həmin mübahisələndirilməyən hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Habelə, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Bunan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar