Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-808/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-276/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 7120 manat zərərin, vəkilə ödənilmiş 500 manat məhkəmə xərcinin əvəzinin və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 96 manatın əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Toyota Prius” markalı avtomobili idarə etməsi üçün Cavabdeh həvalə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Atatürk prospektində cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozaraq idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili “Opel” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpmışdır. Həmin zərbənin təsirindən avtomobil yararsız hala düşmüşdür. Bununla bağlı, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ bəndinin tələbini pozduğu üçün DİN-in BDYPRİ tərəfindən cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmiş və o, təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 7120 manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ “Avangard” Avto Servisin zərər aktı ilə təsdiq olunmuşdur. İddiaçı dəfələrlə cavabdeh şəxsdən qalıq pulu ödəməsini tələb etsə də, o, pulu ödəməkdən imtina etmişdir. Bu mübahisənin həlli üçün vəkil tutulmuş, ona 500 manat xidmət haqqı ödənilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-276/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, Toyota Prius markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 7120 manatın və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin e-2(049)-276/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə avtotexniki ekspertizası təyin edilməklə vurulmuş ziyanın real məbləğinin müəyyən edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, **-DK-*** dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş və həmin avtomobili taksi şirkətinin meneceri kimi özünü ona təqdim edən və bütün ödənişləri və xərcləri hesablayıb ödəyən və avtomobillərin sağlamlığına nəzarət edən İlham adlı şəxsdən götürmüşdür. Həmin maşınla da taksi fəaliyyətini həyata keçirmişdir. İlhamdan başqa heç kimlə hesablaşmamışdır və hazırkı iddia üzrə iddiaçını da tanımır. 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində olarkən qarşısında olan avtomobil anidən əyləcə basdığından, o da maşını saxlamaq üçün əyləcə basanda anidən əyləc sistemində problem yaranmış və idarə etdiyi avtomobil dayanmayıb “Opel Zafira” markalı avtomobillə toqquşmuşdur. O da dərhal İlhama telefon vasitəsilə zəng vurub ona avtoqəza barədə məlumat vermiş və bundan sonra hadisə yerinə gələn yol polisi əməkdaşları müvafiq ölçmə işlərini aparandan sonra cavabdehə sağlamlığının bərpa olunması üçün bir gün vaxt verilmiş və o da səhhətində hər hansı problemin olub-olmamasının yoxlatdırılmasından ötrü xəstəxanalardan birinə müayinə olunmaq üçün getmişdir. Səhəri gün İlham onunla görüşüb onlara 4000 manat məbləğində ziyan vurulduğunu bildirməklə 4000 manat onlara ödəyəcəyi təqdirdə cavabdehin onlara borcunun olmayacağını bildirmişdir. Cavabdeh də həmin vaxt onda olan 1000 manatı İlhamla gələn Tapdıq adlı şəxsin yanında İlhama vermiş, cavabdehin onlarda olan 300 manat depoziti də götürmələrini, yerdə qalan 2700 manatı isə Lənkəran rayonunda valideyninə məxsus olan “VAZ-2106” markalı maşını satıb ödəyəcəyini bildirmişdir. İlham da, Tapdıq da onunla razılaşmış və onlar getmişlər. Bir neçə gündən sonra İlham yenə də ona zəng vuraraq depoziti götürdüyünü və cəmi onlara ödədiyi 1300 manatdan əlavə də 4000 manat yenə də onlara pul ödəməli olduğunu bildirmişdir. Belə olan halda aralarında mübahisə yaranmış və cavabdeh avtomobilin ziyanının hesablanması üçün onun iştirakı ilə mütəxəssis baxışının keçirilməsini istəsə də, nə baxışda iştirakı təmin edilməmiş, nə də avtomobili ona göstərməməklə hansı ehtiyat hissələrinin zədələnməsi və ümumilikdə nə qədər ziyanın vurulması barədə ona heç bir məlumat və ya sənəd təqdim etməmişlər. Bundan sonra, İlham bir neçə müddət keçdikdən sonra cavabdehə zəng vuraraq maşına vurduğu ziyanın 7120 manat olduğunu, 1300 manatın isə həmin ziyana aid olmadığını, maşının da ona deyil, bir xanıma aid olmasını bildirmişdir. Dəfələrlə İlhamla əlaqə yaratmaq istəsə də, İlham onunla görüşüb məsələnin həll olunmasını istəməmişdir. Məhkəmədən cavabdehə bildiriş gələndən sonra ona məlum olmuşdur ki, İlhamın Tapdıqla ondan aldıqları 1300 manat borcdan çıxılmamış, maşına 7120 manat guya ziyan dəyməsi barədə rəy alıb məhkəməyə verilmişdir. Məhkəmə iclasında İlhamın və Tapdığın ondan depozitlə birlikdə 1300 manat ziyandan aldıqlarını bildirməklə onların məhkəmə iclasına çağırılmasını, eyni zamanda avtomobilə dəyən ziyanın yenidən hesablanması üçün avtotexniki ekspertizanın təyin edilməsini tələb etsə də, məhkəmə onun bu vəsatətlərini təmin etməmiş və vəsatətin hansı əsasla rədd edilməsi, yuxarıda adları qeyd olunan şəxslərin məhkəməyə çağırılmadan və eyni zamanda vurulmuş ziyanın şişirdilmiş olması aşkar surətdə görünsə də, həmin məbləğin dəqiqləşdirilməsindən ötrü ekspertizanın keçirilməsinə ehtiyacın olmaması barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Bundan başqa, məhkəmə heç bir hüquqi əsası olmayan ziyan aktını sübut növü kimi qəbul edərək mötəbər sübut hesab etmiş və həmin rəydə qeyd olunan məbləği guya real zərər olaraq qiymətləndirmişdir. Məhkəmə iddiaçının yalnız iddia ərizəsində qeyd etdiyi heç bir sübuta uyğun gəlməyən sözlər əsasında qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə onun etirazda da qeyd etdiyi xüsusatları araşdırmamış, vəsatətlərinin qeyd olunan halların araşdırılması üçün xüsusi əhəmiyyətə malik olmasını nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etməklə yanaşı, hansı əsaslara görə ödədiyi 1000 manatın və depozitdə olan 300 manatın iddiaçı tərəfindən götürülməsi və reallıqda iddiaçının onun hesabına əsassız varlanmaya nail olmaq niyyətini araşdırmamaqla həmin hissələri də qətnamədə əsaslandırmamışdır. İş üzrə qiymətləndirmədə xüsusi biliyə malik olan ekspertin rəyi tələb olunduğu halda və bu barədə vəsatət də verməsinə baxmayaraq məhkəmə həmin hala qiymət verməmiş və heç bir əsası olmayan, hansı şəraitdə qiymətləndirilmə aparılması göstərilməyən mütəxəssis rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Apellyasiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş və bildirmişdir ki, iddiaçıya məxsus olan “Toyota Prius” markalı avtomobilə dəymiş zərərin həcmi şişirdilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, şəxsi işləri ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə iclasında iştirak etməsinin imkanı xaricində olduğunu bildirmiş, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini avtomobilə vurulmuş zərərin məbləği hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə vurulmuş maddi ziyan məbləğinə aid hissədə dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 5-ci vərəqində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-DK-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır. İş materiallarının 71-ci vərəqində olan 25 mart 2022-ci il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, **-DK-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı səlahiyyət verdiyi X3 tərəfindən həmin nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti 21 noyabr 2024-cü il tarixədək Cavabdeh etibar edilmişdir. İşdəki Binəqədi RPİ X7 Şöbəsinin nəqliyyat vasitələrinin zədələnməsi barədə 025005 nömrəli arayışının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi “Toyota” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yanı və dam hissəsi əzilmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı X2, nəqliyyat vasitəsi isə “Opel” markalı, **-ET-***-dir. İşdəki “Avangard” Avto Servisin dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri üçün 3040 manat, işçiliklər üçün 4080 manat tələb olunur. Dəymiş zərər 7120 manat təşkil edir. İşdəki 24 oktyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 96,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarının 9-cu vərəqinə iddiaçıya məxsus avtomobilə aid fotoşəkillər əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, **-DK-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin nəqliyyat vasitəsini 25 mart 2022-ci il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə əsasında idarə etmişdir. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan zaman 01 aprel 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı “Avangard” Avto Servisin dəymiş zərərin hesablanmasına dair aktını təqdim etmiş, həmin aktla dəymiş zərərin məbləği 7120 manat müəyyən edilmişdir. İddiaçı isə öz tələbində avtomobilinə dəymiş zərərə görə 7120 manatın, dövlət rüsumu kimi ödədiyi 96 manatın və vəkil üçün ödənilmiş 500 manatın cavabdehdən tutularaq ona verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə tələbini qismən təmin edərək, avtomobilə dəymiş zərərə görə 7120 manatın və dövlət rüsumu kimi ödənilmiş 96 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi avtomobilə dəymiş zərər məbləğinin şişirdildiyini qeyd etmiş, zərərin məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmədiyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(106)-808/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında xx.xx.2022-ci il tarixində baş vermiş qəza nəticəsində İddiaçı məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı, “X6” markalı, 2006-cı il buraxılışlı avtomobilə dəymiş zərərin həcminin, ehtiyat hissələrin və görülmüş işlərin dəyəri ayrıayrılıqda göstərilməklə, cəmi neçə manat təşkil etməsi barədə sual qoyulmuşdur. İşdəki məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 9/5145 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “X6” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6020 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin qiyməti 3040 manat, təmir-bərpa işlərinin qiyməti isə 2980 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası 25 sentyabr 2023-cü il tarixli, 9/5145 saylı rəyi vermiş ekspertin əmtəəşünaslıq sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, həmin rəy ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə cavabdehdən vurulmuş zərərin əvəzinin tutulmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə vurulmuş maddi ziyan məbləğinə aid hissədə dəyişdirilməli, tutulmalı olan zərərin məbləği məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 9/5145 saylı ekspert rəyinə uyğun olaraq 6020 manat məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində avtomobilə vurulmuş zərərə görə 1000 manat və 300 manat (depozit pulu kimi) olmaqla, cəmi 1300 manat ödədiyini bildirsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə kollegiyası iş üzrə ekspertizanın həyata keçirilməsini cavabdehin xahiş etməsini nəzərə alaraq belə hesab edir ki, hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 9/5145 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspert xərci Cavabdeh tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-276/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi avtomobilə vurulmuş maddi zərərin məbləği hissəsində dəyişdirilsin. “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə Cavabdeh tutularaq İddiaçı ödənilməli olan məbləğ 6020 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 9/5145 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspert xərci Cavabdeh alınıb X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-808/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-808/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver