Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-809/2025 10.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (İddiaçı QSC) X1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-84/2025 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixdə ünvanladığı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və müqavilə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 778,85 manat ödəniş etmiş və оnun iddiaçıya 3521,15 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 153 gün üçün hesablanmış faiz borcu 496,37 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 153 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 96,14 manat təşkil edir. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi əsasında ona aylıq 1,6667 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10900 manat manat məbləğində kredit də verilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1247,37 manat ödəniş etmiş və оnun iddiaçıya 9652,63 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 224 gün üçün hesablanmış faiz borcu 1177,72 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 224 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 291,89 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 96,14 manat cərimə və xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 291,89 manat cərimə borcunun, iki kredit müqaviləsi üzrə ümumilikdə 15235,90 manat borcun və ödənilmiş 135,71 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-84/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 10 manat cərimə, cəmi 4027,52 manat və xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 50 manat cərimə, cəmi 10880,35 manat, ümumilikdə 14907,87 manat borc və 134 manat məbləğdə ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nın xeyrinə ödənilməsi qət edilmişdir. X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bankın iddia tələbində göstərdiyi kimi iddianı təmin etmişdir. Onun uzun müddət banka ödənişlərini nəzərə almamış, bank tərəfindən ona artıq məbləğin hesablandığını qeyd etsə də, həmin məsələ üzrə heç bir araşdırma aparmadan, bankın nümayəndəsinin iştirakı olmadan məhkəmə çəkişməsi aparmadan qərar qəbul etmişdir. Bu da onun vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Habelə məhkəmə ekspertiza keçirməmişdir. İddiaçı QSC məhkəməyə etiraz göndərərək bildirmişdir ki, cavabdehin apellysiya şikayətinə əlavə olunmuş sənədlərdə guya mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verdiyi bildirilsə də, nə məhkəmə iclas protokollarında, nə də məhkəmə iclasının audio və video yazılarında bu hal öz əksini tapmışdır. Həmçinin vəsatət məhkəmənin dəftərxanasına təqdim olunmamış və prosesdən əvvəl elektron kabinetə əlavə olunmamışdır. Bundan başqa, cavabdehin apellyasiya şikayətində tələbinin konkret nədən ibarət olduğu göstərilməmiş və qətnamə çıxarılarkən dəqiq olaraq hansı nöqsanlara yol verildiyi bildirilməmiş, sadəcə müddətin uzadılaraq qətnamənin icrasından yayınması məqsədi ilə verilmişdir. Odur ki, apellyasiya şikayətini təmin etməyərək, qətnamənin qüvvədə qalmasını xahiş etmişdir. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: xx.xx.2023-cü il tarixli ərizələrdən, bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindən, 1 saylı əlavədən və ödəniş planından görünür ki, cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş, ərizələr ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş və həmin ərizələrə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə aylıq 2,8033 faizlə 36 ay müddətinə 4300 manat, xx.xx.2023-cü il tarixli, 005A********** saylı krediti müqaviləsi üzrə aylıq 1,1667 faizlə 48 ay müddətinə 10900 manat kredit verilmişdir. Maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 3521,15 manat əsas, 496,37 manat faiz, 96,14 manat cərimə və xx.xx.2023-cü il tarixli 005A********** saylı digər kredit müqaviləsi üzrə isə 9652,63 manat əsas, 1177,72 manat faiz, 291,89 manat cərimə, ümumilikdə 15235,90 manat məbləğində borcu yaranmışdır. Bildirişlərdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit müqavilələri üzrə hesablanmış və ödənilməmiş ümumilikdə 15235,90 manat pul vəsaitinin ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Habelə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Kollegiya qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bu baxımdan, Mülki Məcəllənin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Habelə apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə rəğmən onların məhkəmə iclasında iştirakı məsələsi onların hüququdur. Bundan əlavə, cavabdehin ödənişlərinin nəzərə alınmaması barədə dəlilinə gəldikdə isə bildirilməlidir ki, məhkəmə tərkibi mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət görmür. Belə ki, müqavilənin icra müddəti bitmədiyi halda məhkəməyə müraciət olunmuş və hər iki müqavilə üzrə daha əvvəlki tarixə qalıq borc məbləğləri hesablanaraq maliyyə arayışı tərtib edilmişdir. İşdən də göründüyü kimi, son ödənişlər maliyyə arayışından öncəki tarixə aparılmışdır. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası baxışı zamanı sonrakı tarixdə ödənişə dair hər hansı mötəbər sübut (qəbz və s.) təqdim etmişdir. Beləcə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-84/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-809/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-809/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver