Məhkəmə qərarları › İş №2(106)-812/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-812/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-812/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Sulddin oğlundan ibarət tərkibdə, iddiaçı Aslanova Ruhəngiz Habil qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasına dair Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(050)-251/2023 saylı qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-903/2020 saylı 04 may 2020-ci il tarixli qətnaməsi ilə 06 iyul 2014-cü ildə anadan olmuş Mirzəyev Hüseyn Fərman oğlunun və 18 aprel 2016-cı ildə anadan olmuş Mirzəyev Həsən Fərman oğlunun saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 1/3 hissə aliment tutulmasından əlavə, sabit pul məbləği hissəsi artırılaraq 120 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(050)-251/2023 saylı qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə daha dolğun, tam, hərtərəfli və düzgün araşdırma aparılaraq yeni yekun məhkəmə aktının qəbul edilməsini xahiş etsə də, şikayətində iddiaya münasibətdə konkret tələbini, iddianın tam və yaxud qismən təmin edilib-edilməməsini, şikayətin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Bundan başqa, Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə nəzərdə tutulmuş qətnamə və qərardadlardan şikayət verilməsinin tərtib edilməsi formasına riayət edilməmişdir. Cavabdeh Masallı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(050)-251/2022 saylı qərardadından şikayət verərək, onun ləğv olunmasını, Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(050)-251/2023 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, Masallı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(050)-251/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;https://www.e-qanun.az/framework/46945 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Cavabdeh Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək, şikayətin Məcəllə ilə müəyyən olunan forma məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya şikayəti Məcəllənin 361-ci maddəsinin tələbinə uyğun və Məcəlləyə 2 saylı əlavədə nəzərdə tutulmuş formada tərtib olunmuşdur. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti əsaslı olduğundan təmin edilməli, Masallı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(050)-251/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. İddiaçı Aslanova Ruhəngiz Habil qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(050)- 251/2023 saylı qərardadı ləğv edilsin. Masallı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(050)-251/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar