Məhkəmə qərarları › İş №2(106)-818/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-818/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-818/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(041)-352/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 13848 manat məbləğində pulun və ödənilmiş 131.54 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir bazarında telefon, telefon aksessuarları və məişət əşyaları satıb ailəsini dolandırır. Cavabdehi rayon sakini kimi çoxdan tanımış və münasibətləri normal olmuş, bir-birinə həmişə etibar etmişlər. Dəfələrlə Vüqar onunla ticarət etmiş və həmişə də borcunu vaxtında qaytarmışdır. Sonuncu dəfə Cavabdeh tanışları adını sonradan bildiyi Nadir Kərimov, Şamo Kərimov, Günay Ələkbərova, Samir Piriyev və Elnur İbrahimzadə ilə gələrək onlara telefon lazım olduğunu demiş, o, da həmin şəxsləri tanımadığı üçün onlara telefon verməmişdir. Bundan sonra cavabdeh ayrı-ayrı vaxtlarda gələrək yuxarıda qeyd etdiyi şəxslərə telefonu öz adına götürərək həmin telefonlara görə ödənişləri özü edəcəyini bildirmiş və o, da Vüqarla münasibəti normal olduğu üçün və etibar edərək onun istədiyi müxtəlif markalı telefonları həmin şəxslərin iştirakı ilə şəxsən Cavabdeh özünə vermişdir. Belə ki, Cavabdeh ayrı-ayrı vaxtlarda xx.xx.20221-ci il tarixdə “Samsung A 52 markalı telefonu 7 ay müddətinə hər ay 122 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək, xx.xx.2021- ci il tarixdə “Redmi X3 PRO” markalı telefonu 12 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “Redmi” markalı telefonu hər ay 85 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə 1-ci ayı 150 manat qalan 9 ayı isə 114 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “”İphone 12 Pro Max” markalı telefon və “İphone” markalı saatı 20 ay müddətinə hər ay 394 manat ödəmək şərti ilə”Samsung A 71” markalı telefonu 12 ay müddətində hər ay 138 manat ödəmək şərti ilə,”Redmi Lite” markalı telefonu 9 ay müddətində hər ay 119 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixdə 10 ay müddətində hər ay 91 manat ödəmək şərti ilə Cavabdeh vermişdir. Cavabdeh yuxarıda qeyd edilən əşyalara görə az da olsa, ödəniş etsə də, sonradan ödənişlər olunmamışdır. O, Cavabdeh telefonların pulunu istəyəndə Vüqar ona bildirmişdir ki, həmin telefonları tanışları üçün götürmüş, pulunu onlar verəcəkdir. O, da Cavabdeh həmin şəxsləri tanımadığını, telefonu şəxsən ona verdiyini və götürlən əşyalara görə cədvəl üzrə ödənilməmiş məbləğlərin olduğunu bildirmişdir. O, Cavabdeh məhkəmədən kənar ödənişləri etməyini təklif etsə də, cavabdeh bu günədək heç bir ödəniş etməmiş və onunla aralarında olan razılaşmaya görə ümumilikdə 13848 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Cavabdeh öhdəliyinə əməl etməyərək heç bir ödəniş etməmişdir. Bundan sonra o, hər dəfə cavabdehə öhdəliyə əməl edərək pulun qaytarılmasını xahiş etmiş, lakin cavbdeh hər dəfə müxtəlif bəhalərlə pulu vermək istəməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(041)-352/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə ödənilməmiş cəmi 13848 manat məbləğində pul və ödənilmiş 131.54 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 13979,54 (on üç min doqquz yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2021-ci il tarixli müqavilənin özü ümumiyyətlə mübahisəlidir. Belə ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki, Cavabdeh tanışları Nadir Kərimov, Şamo Kərimov, Günay Ələkbərova, Samir Piriyev və Elnur İbrahimzadə üçün iddiaçıya müraciət etmişdir. Həmin müqavilədə Cavabdeh zamin və ya alıcı olması bilinmir və müqavilədə olan imzanın isə ona məxsus olmaması müqavilənin etibarsız hesab edilməsinə əsas yaradır. Birinci instansiya məhkəməsi qeyd edir ki, MM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Belə əsaslandırma ilə qətnamə çıxaran birinci instansiya məhkəməsi maraqlıdır ki, adıçəkilən şəxslərin üçüncü şəxs qismində məhkəməyə dəvət olunması ilə bağlı heç bir təklif və ya tədbir görməmiş, əksinə cavabdehin çətin vəziyyətə düşməsinə birtərəfli qətnamə çıxarmasına səbəb olmuşdur. İddiaçının təqdim etdiyi alğı-satqı müqaviləsindən göründüyü kimi müxtəlif mobil telefon vasitələrini şəxsən Cavabdeh deyil, sadəcə onu tanıdığı üçün adları çəkilən şəxsləri birbaşa alğı-satqı müqaviləsinin tərəfi kimi tanımamışdır. Amma mobil telefonları Nadir Kərimov, Şamo Kərimov, Günay Ələkbərov, Samir Piriyev və Elnur İbrahimovun iştirakları ilə Cavabdeh vermişdir. Kürdəmir Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, iş üzrə sübutlara, məlumatlara münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmaqla əsassız şəkildə bu məsələyə münasibət bildirməmişdir. Məhkəmə Nadir Kərimov, Şamo Kərimov, Günay Ələkbərova, Samir Piriyev və Elnur İbrahimzadəni məhkəmənin işi ədalətli araşdırması üçün üçüncü şəxs qismində cəlb etməli idi. Belə ki, həmin əmlaklar onların istifadəsində olduğu üçün qəbul edilmiş hər hansı bir qərar və ya qətnamə sonralar birbaşa onların maraqlarına toxunur və bu səbəbdən də, gələcəkdə icra prosesində problemlərin yaranmasına gətirib çıxaracaqdır. İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarına əsasən: xx.xx.20221-ci il tarixdə “Samsung A 52" markalı telefonu 7 ay müddətinə hər ay 122 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə “Redmi X3 PRO” markalı telefonu 12 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə, xx.xx.2021ci il tarixdə “Redmi” markalı telefonu hər ay 85 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə 1-ci ayı 150 manat qalan 9 ayı isə 114 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “”İphone 12 Pro Max” markalı telefon və “İphone” markalı saatı 20 ay müddətinə, hər ay 394 manat ödəmək şərti ilə” Samsung A 71” markalı, telefonu 12 ay müddətində hər ay 138 manat ödəmək şərti ilə,”Redmi Lite” markalı telefonu 9 ay müddətində hər ay 119 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə, 10 ay müddətində, hər ay 91 manat ödəmək şərti ilə Cavabdeh vermiş və Cavabdeh qeyd edilən əşyaların təhvil alınması barədə ödəniş cədvəlinə imza edərək yuxarıda qeyd edilən əşyalara görə ödəniş etməyi öhdəsinə götürmüşdür H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. Bununla belə, “Ödəniş cədvəli”ndən görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya qeyd olunan əşyalara görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni və üzləşmə aktını, malların təhvil aktılarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 13979,54 manat 54 qəpik məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi təsdiqini tapır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etmiş və izahat verərək bildirmişdir ki, iddiaçını tanıyır və münasibətləri normal olmuşdur. O, həqiqətən də iddiaçıdan telefonları öz adına götürərək tanışlarına vermiş, lakin onların ödəniş etməmələrindən məlumatı olmamışdır. İddiaçı telefon pullarının ödənilmədiyini deyəndə o, telefonları verdiyi tanışları ilə əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmişdir. İndi onun özü həmin şəxslərə etibar etdiyi üçün bu vəziyyətə düşmüşdür. Onun heç bir günahı yoxdur, odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəllilərini vəkillə təmin olunan cavabdehin hüquqlarının müdafiəsi üçün qətnamənin ləğvi istiqamətində irəli sürülmüş əsaslı olmayan formallıq hesab edir. Hətta iş üzrə xətşünaslıq ekspertizasının da təyini üçün real əsas görünmür. Belə ki, işdə olan sənədlərdə cavabdeh tərəfindən icra edilmiş imzalar onun şəxsiyyət vəsiqəsində və digər sənədlərindəki sərbəst imza nümunələri ilə vizual cəhətdən oxşardır. Habelə dəyəri tələb edilən mobil telefonların onun tərəfindən təhvil alınması halı birinci instansiya məhkəməsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(041)-352/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində qətnamədən şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar