Məhkəmə qərarları › İş №2(106)-821/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-821/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-821/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Tərlan oğlunun sədrliyi ilə, Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbi barədə mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(048)- 1042/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1500 manat sığorta ödənişi məbləğinin və 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 1500 manat sığorta ödənişi məbləği və 35 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək Lerik Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməklə mülki işin apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədən cavabdeh 27 fevral 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti verə bilməmiş və poçt vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Lakin cavabdeh qətnamədən apellyasiya şikayətini elektron qaydada 03 mart 2025-ci il tarixdə vermişdir. Lerik Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti bərpa edilmiş və mülki iş materiallarına baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsinin əsasını guya məhkəmə elektron sistemi vasitəsilə şikayət verə bilməməsi olmuşdur. Onun elektron məhkəmə vasitəsilə apellyasiya şikayətini verə bilməməsi müddətin bərpası üçün əsas deyildir. Cavabdeh tərəfindən 03 mart 2025-ci il tarixdə məhkəmənin müvafiq qətnaməsindən elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verməsi buna dəlalət verir ki, o, apellyasiya şikayətini vaxtında elektron məhkəmə vasitəsilə verə bilərdi. Lerik Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. MPM-in 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, Lerik Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməsinə dair Lerik Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(048)-1042/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar