Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-823/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 9150 manat pulun və ödənilmiş 112 manat dövlət rüsumunun, cəmi 9262 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən mənzilinin təmir edilməsi üçün iş üzrə Cavabdeh müraciət etmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh mənzilin təmirinə aprel ayında başlamalı, həmin ilin sentyabr ayında təhvil verməli idi. Cavabdehlə mənzilin ümumi təmir xərcinin dəyərini 15000 manata razılaşmışlar. Bu məqsədlə cavabdehə ilkin olaraq 4550 manat pul vermişdir. Lakin cavabdeh pulu aldıqdan sonra işə müxtəlif bəhanələrlə may ayında başlamışdır. Həmçinin, işə özü deyil, iddiaçının tanımadığı müxtəlif insanları cəlb etmişdir. Cavabdeh günlərlə fasilələr verirdi. O, paralel olaraq digər insanların işini də apardığı üçün iddiaçının mənzilində, demək olar ki, işi tamamilə dayandırmışdı. İddiaçı tez-tez ölkə hüdudlarından kənarda olduğundan işlərin dayanması, cavabdehin fürsətdən istifadə edərək heç bir iş görməməsi, azacıq görülmüş işlərin isə keyfiyyətsiz olması barədə həyat yoldaşı iddiaçıya məlumat verirdi. İddiaçı bu barədə cavabdehə irad bildirdikdə o, yenidən qısa müddətə işə başlayır, lakin işi yenə də dayandırırdı. Belə vəziyyət uzun müddət davam etmiş və cavabdeh işi ümumiyyətlə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, cavabdeh artıq zənglərə də cavab vermirdi. Məcburiyyət qarşısında qalaraq cavabdehin qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. İddiaçının şikayət ərizəsi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis Bölməsində araşdırılmışdır. Araşdırma zamanı cavabdeh özünü müdafiə xarakterli izahat verərək göstərmişdir ki, guya iddiaçının həyat yoldaşı onun işləməsinə mane olmuşdur. Əslində isə belə olmamışdır. İşlərin keyfiyyətsiz və ləng görülməsinin səbəbi cavabdehin məsuliyyətsizliyi ilə yanaşı, onun paralel olaraq təxminən 3 yerdə başqa adamların da işini qəbul etməsi və hər kəsin işini qismən başlamaqla onları özündən asılı vəziyyətə salması olmuşdur. Cavabdeh iddiaçıdan aldığı 4550 manat pulun müqabilində heç bir iş görməməsi ilə yanaşı, iddiaçının təmir üçün aldığı materiallara da zərər vurmuşdur. Belə ki, cavabdeh biri 1500 manat, digəri 2300 manat olmaqla iki ədəd pəncərəni yararsız hala salmışdır. Bundan başqa, cavabdeh 800 manat dəyərində olan alçıpanı yararsız hala salmışdır. Beləliklə, cavabdeh ona ümumilikdə 9150 manat maddi zərər vurmuşdur. Göstərilənlərə əsasən, cavabdehdən vurduğu zərərin əvəzi olaraq 9150 manat pulun və ödənilmiş 112 manat dövlət rüsumunun, cəmi 9262 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh mənzilin təmir edilməsi adı ilə iddiaçıdan 4550 manat pul almış, həmçinin ümumi dəyəri 3800 manat olan 2 ədəd pəncərəni və 800 manat dəyərində alçıpanı zay etmişdir. Beləliklə, cavabdeh ona ümumilikdə 9150 manat maddi zərər vurmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya həm də mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçı ailəsi ilə birgə qərarlaşdırmışdır ki, yeni mənzilə köçsünlər və uşaqlarını Binə qəsəbəsində yerləşən orta məktəbdən çıxarıb Bakı şəhəri, Nəsimi rayonunda yerləşən orta məktəbə qoysunlar. Lakin cavabdehin təqsiri üzündən iddiaçı tərəf bunu edə bilməmişdir. Mənzilin uzun müddət təmir edilməməsi, planlaşdırılan bütün əhəmiyyətli işlərin bu səbəbdən təxirə salınması, həmçinin xeyli miqdarda maddi zərərlə üzləşməsi onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə cavabdehin məhkəmədə izahatını əsas götürərək, “iddiaçının mənzilində divar hörgüsü, suvaq işi, rəngləmə, malyar işi görmüşdür”, “iddiaçının həyat yoldaşı təmir-tikinti işlərinə maneçilik törətdiyindən cavabdeh işləri yarımçıq buraxmışdır” və s. heç bir sübuta əsaslanmayan nəticəyə gəlmişdir. Məhkəmə bu nəticəyə gəlməsinə əsas olan maddi sübutu qətnamədə göstərməmişdir. Məhkəmə yerində baxış keçirmədən, ekspertiza təyin etmədən qeyd edilən nəticəyə gələ bilməzdi. Məhkəmə iş üzrə sübutları tam obyektiv və hərtərəfli araşdırmadan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfi məhkəmə icraatına cəlb etmədən birtərəfli qaydada qərar qəbul etmişdir. Belə ki, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə yazılı müraciət etsə də, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan qətnamə qəbul etmişdir. İddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 127-ci, Mülki Prosessual Məcəllənin 9-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddələrində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Qətnamənin iddianın rədd edilməsi barədə əsaslandırıcı hissəsində işin faktiki hallarına qiymət verilməmiş, sübutetmə barədə qanunvericiliyin tələbi pozulmuş, maddi sübutlara qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, onları səhv təfsir etmiş, iddiaçının cavabdeh tərəfindən etiraf edilən həcmdə sübutlarına (cavabdehin ondan pul almasına dair etirafına) qiymət vermədən iddia tələbini rədd etmişdir. Məhkəmə sübutetmə prinsiplərini pozaraq iddiaçının iddia tələbinin əsasını təşkil edən cavabdehin etirafı həcmində pul məbləğinin cavabdeh tərəfindən işlərin görülməsinə sərf edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən yalnız cavabdehin izahatına əsaslanmışdır. Məhkəmə qətnamədə hansı səbəblərdən cavabdehin aldığı pulun əvəzində işlər görməsi nəticəsinə gəlməsini göstərməmişdir. Cavabdehin özünü müdafiə xarakterli izahat verməsi və aldığı 4550 manatın əvəzində həmin dəyərdə işlər görməsini bildirməsi gözləniləndir. Məhkəmə cavabdehdən həmin məbləğdə işlər görməsini sübut etməyi tələb etməmişdir. Məhkəmə həmçinin iş üzrə ekspertiza təyin etməmişdir. Məhkəmə çəkişmə prinsipini pozaraq iddiaçını məhkəmə icraatına cəlb etməməsi səbəbindən iddiaçı məhkəməyə şahidlərini təqdim edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və Lerik Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının isə apellyasiya şikayətində də qeyd edilmiş qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş məktubları göndərilmiş, apellyasiya şikayətində qeyd edilmiş telefon nömrəsinə məhkəmə iclasları barəsində “SMS” xəbərdarlıq göndərilmiş, eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barəsində bildiriş elektron formada apellyasiya şikayətində qeyd edilən elektron poçt ünvanına göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həqiqətən də, İddiaçı onun yaxın dostudur. İddiaçı bir gün ona müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A ünvanında mənzil aldığını və mənzilin təmirini ona etdirmək istədiyini bildirmişdir. Onlar evin təmirini usta kimi 15000 manata razılaşmış, o, iddiaçıdan ilkin olaraq 4550 manat məbləğində pul almış, iddiaçı özü isə Rusiya Federasiyasına getmişdir. Lakin iddiaçının arvadı onun həmin mənzildə işləməsini istəmədiyindən onun işinə mane olmağa başlamış və narazılıq yaratmışdır. Bundan sonra, o, mənzildə işlərin görülməsini dayandırmışdır. Lakin o, həmin mənzildə hər hansı bir əşyanı yararsız hala salmamış, əksinə həmin mənzildə bir sıra təmir-tikinti işləri görmüşdür. Belə ki, iddiaçıya məxsus mənzildə arakəsmələr tikmiş, həmin arakəsmələrə və evin suvaqsız yerlərinə suvaq vurmuş, astar-üzlük işlərini görmüş, evin elektrik sisteminin 30 faizini, su və sanitariya sisteminin 20 faizini quraşdırmış, mansara bitişik navalça xətlərini dəyişmişdir. Həmin işlərin görülməsinə görə aldığı 4550 manat pulu da xərcləmişdir. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi biri 1500 manat, digəri isə 2300 manat dəyərində olan pəncərələrin, dəyəri 800 manat olan alçıpanın yararsız hala salınması ilə əlaqədar isə bildirir ki, həqiqətən də, mənzildə 2 ədəd bahalı pəncərə olmuş, lakin onun tərəfindən həmin pəncərələrə hər hansı xələl gətirilməmişdir. Alçıpan isə normal quraşdırılmışdır. Lakin sonradan həmin alçıpanın və pəncərələrin iddiaçının özü tərəfindən zədələnib-zədələnməməsi ona məlum deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Fəxrin Bektaşiyə verdiyi izahatda qeyd etmişdir ki, o, Lerik rayonunun Lüləkəran kəndində qeydiyyatdadır və hal-hazırda Suraxanı rayonu, Binə qəsəbəsində ailəsi ilə birgə yaşayır. 2022-ci ilin may ayının əvvəlində tanıdığı İddiaçı ilə razılığa gələrək ünvan 1 ünvanında yerləşən, ona məxsus mənzili tam təmir etmək üçün 15 manata iş götürmüşdür. Mənzildə təmir işləri apardığı müddətdə Asif ona ümumilikdə 4550 manat pul vermişdir. Bu məbləğdən mənzildə müəyyən işlər görülmüş, təmir üçün dəvət etdiyi ustaların pulları verilmişdir. Təxminən iyul ayının əvvəllərində Asif bir müddətlik xarici ölkəyə getmişdir. Bundan sonra, Asifin həyat yoldaşı Ülkər xanım mənzilə gələrək gec iş görmələrini bəhanə gətirib işi dayandırmağı tələb etmişdir. Bundan sonra, mənzili tərk edib mənzilin açarlarını binanın mühafizəçisinə təhvil verməyi tələb etmişdir. Asif xaricdən gəldikdən sonra Cavabdehla dəfələrlə əlaqə saxlasa da, o, Asifin həyat yoldaşının hərəkətlərinə əsəbləşərək zənglərinə cavab verməmişdir. Mənzildə təmir işləri aparılan müddətdə Ülkər xanım hər dəfə mənzilə baxmağa gələndə təmirdə yeni əlavələr və dəyişikliklər tələb edirdi. Sonuncu dəfə onlar mənzilə gələndə bir daha dəyişikliklər olmayacağını bildirdilər. Amma bir müddət sonra yenidən əlavələr etdilər. Bu da onların işlərinin gecikməsinə səbəb olmuşdur. Cavabdeh hazırda Asifə təmirlə bağlı heç bir borcu yoxdur. O və dəvət etdiyi ustalar üzərinə düşən işləri ediblər və Ülkər xanım onların işini dayandırmasaydı, təmiri vaxtında təhvil verərdilər. Onun Asiflə 20 ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ailəsi Əskəri tanıyır və onun qohumlarının evlərini də Əskər özü təmir etmişdir. O, Asifi hədələməmiş və onu bıçaqlayacağını deməmişdir. Sonuncu dəfə Asiflə aralaşdıqda onunla mehribancasına sağollaşmışlar və aralarında heç bir münaqişə olmamışdır. İş materiallarının 80-82-ci vərəqlərində olan İddiaçı barəsində elektron qaydada sorğulanmış əmlak məlumatlarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A ünvanında yerləşən 245 nömrəli mənzilin mülkiyyətçisi İddiaçıdur. İddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən ekspertizanın keçirilməməsi ilə əlaqədar dəlili nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(106)-823/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur:
1. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh tərəfindən arakəsmələrin tikilməsi, həmin arakəsmələrə və evin suvaqsız yerlərinə suvaq vurulması, astar-üzlük işlərinin görülməsi, evin elektrik sisteminin 30 faizinin, su və sanitariya sisteminin 20 faizinin quraşdırılması, mansara bitişik navalça xətlərinin dəyişdirilməsi ilə bağlı işlər görülmüşdürmü? Əgər görülmüşdürsə, həmin işlərdən hansının görüldüyü göstərilməklə, həmin işin görülməsinə görə təmir-tikinti xərcinin dəyəri (usta pulu ayrıca qeyd edilməklə) nə qədər təşkil etmişdir?
2. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə iddiaçının iddia etdiyi alçıpan və pəncərələr yararsız hala salınmışdırmı? Əgər salınmışdırsa, yararsız hala salınmış alçıpan və pəncərələrin dəyəri nə qədər təşkil edir? İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, 10/5464 saylı ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:
1. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzil faktiki vəziyyətdə tam təmirli vəziyyətdə olduğundan, mənzilin su, elektrik, kanalizasiya, istilik xəttləri tam olaraq çəkildiyindən, divarlar, tavan və döşəmədə bütün təmir işləri görüldüyündən həmin mənzildə Cavabdeh tərəfindən hansı işlərin görülməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda baxış zamanı mənzilin divarlarına navalça vurulması müəyyən olunmadı.
2. Baxış zamanı İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə yararsız hala salınmış alçıpan və pəncərələrin mövcud olmadığı müəyyən edildi. İddiaçı həmin materialları təmir zamanı mənzildən götürdüyünü bildirdi. 18 sentyabr 2023-cü il tarixli, 10/5464 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşdəki "xxxx" ASC-nin Xəzər filialında ödənilmiş xx.xx.2022-ci il tarixli, 8251 nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin bildirdiyi işin faktiki hallarından müəyyən olunur ki, onlar arasında yaranmış münasibətlər podrat münasibətləri olmuşdur. Bu münasibətlər üzrə iddiaçı sifarişçi, cavabdeh isə podratçı qismində çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçının 9150 manat məbləğində olan iddia tələbi 2 hissədən ibarətdir. Onun 4550 manat hissəsi cavabdehə ödənilmiş muzd ilə bağlı, 4600 manat hissəsi isə cavabdeh tərəfindən iddiaçının məmulatlarına zərər vurulması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə 4550 manat pul ilə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Qeyd edilən müddəalardan göründüyü kimi, podrat münasibətlərində podratçının əsas mənafeyi razılaşdırılmış muzdun ona ödənilməsi ilə bağlıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh ümumilikdə 15000 manat məbləğində muzda razılaşmış, iddiaçı ilkin olaraq 4550 manat məbləğində pulu cavabdehə vermişdir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun mənzilində işlərin görülməsinə 2022-ci ilin may ayında başlanıldığını qeyd etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixində Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Fəxrin Bektaşiyə verdiyi izahatında iddiaçının həyat yoldaşı Ülkər xanımın təxminən 2022-ci ilin iyul ayında onlardan işləri dayandırmalarını tələb etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müəyyən müddət ərzində iddiaçıya məxsus mənzildə təmir işləri görmüşdür. İddiaçı iddia edir ki, cavabdehlə podrat münasibətlərinin davam etdirilməməsinin səbəbi cavabdehin məsuliyyətsizliyi, onun eyni vaxtda 3 şəxsin evində təmir işlərini aparması və görülmüş işlərin isə ləng və keyfiyyətsiz olması ilə əlaqədar olmuşdur. Cavabdeh isə bildirir ki, o və cəlb etdiyi ustalar tərəfindən mənzildə bir sıra təmir işləri görülməsinə, iddiaçıya məxsus mənzildə arakəsmələrin tikilməsinə, həmin arakəsmələrə və evin suvaqsız yerlərinə suvaq vurulmasına, astarüzlük işlərinin görülməsinə, evin elektrik sisteminin 30 faizinin, su və sanitariya sisteminin 20 faizinin quraşdırılmasına baxmayaraq, iddiaçının həyat yoldaşı tərəfindən onun həmin mənzildə işləməsinə mane olunmuş və bu səbəbdən də o işləri dayandırmışdır. O, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ona verilmiş 4550 manat muzd müqabilində göstərilən işlər icra olunmuş, digər ustaların da muzdu həmin puldan ödənilmişdir. İddiaçı öz tələbinin hüquqi əsasını təşkil edən istinad etdiyi halları təsdiq etmək üçün mötəbər sübutları təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus mənzildə hər hansı təmir işləri aparmaması, eləcə də cavabdehin keyfiyyətsiz iş görməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. O, sübut olaraq sadəcə cavabdehin polis şöbəsində verdiyi izahata və özünün mülahizələrinə istinad etmişdir. Məhkəmə kollegiyası onu da bildirir ki, cavabdeh tərəfindən iddiaçının ona verdiyini qəbul etdiyi 4550 manat məbləğində pul onlar arasında razılaşdırılmış ümumi muzd məbləği çərçivəsində verilmişdir. Cavabdeh həmin məbləğ qarşılığında müxtəlif işlərin görülməsini qeyd etməsinə baxmayaraq, iddiaçı həmin dəlili inkar edən hər hansı təkzibedici sübut təqdim etməmişdir. Halbuki, iddia tələbinin əsasını təşkil edən halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin əsaslılığı üçün zəruri olan mötəbər sübutları özü təqdim etməli, sübutetmə vəzifəsini digər şəxsin, eləcə də, məhkəmənin üzərinə qoymamalıdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində əldə edilmiş ekspert rəyində də qeyd edilir ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzil faktiki vəziyyətdə tam təmirli vəziyyətdə olduğundan, mənzilin su, elektrik, kanalizasiya, istilik xəttləri tam olaraq çəkildiyindən, divarlar, tavan və döşəmədə bütün təmir işləri görüldüyündən həmin mənzildə cavabdeh tərəfindən hansı işlərin görülməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən ekspertizanın belə keçirilməsinə baxmayaraq, iddiaçıya məxsus mənzilin artıq tam təmirli olması səbəbindən orada cavabdehin hansı işləri görüb-görməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə məsuliyyət müxtəlif işlər gördüyünü bildirən cavabdehin üzərinə qoyula bilməz. Odur ki, birinci instansiya məhkəməsi 4550 manat məbləğində pula dair hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddia tələbinin cavabdeh tərəfindən iddiaçıya məxsus pəncərələrə və alçıpana vurulmuş zərərin əvəzi qismində 4600 manat məbləğində pula dair hissəsi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı qeyd edir ki, cavabdeh ona məxsus 1500 manat və 2300 manat dəyərində olan 2 ədəd pəncərəni və 800 manat dəyərində olan alçıpanı yararsız hala salmaqla ona maddi zərər vurmuşdur. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Lakin hazırkı iş üzrə iddiaçı ona məxsus əşyaların cavabdeh tərəfindən yararsız hala salınması ilə bağlı ona maddi zərərin vurulduğunu iddia etsə də, həqiqətən də qeyd edilən dəyərdə olan pəncərələrin və alçıpanın yararsız hala salınmasını və bu əməlin cavabdeh tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə 4600 manat məbləğində vurulmuş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə də iddia tələbi əsaslı olmamışdır. İşdəki 18 sentyabr 2023-cü il tarixli ekspert rəyində də qeyd edilmişdir ki, baxış zamanı iddiaçıya məxsus mənzildə yararsız hala salınmış alçıpan və pəncərələrin mövcud olmadığı müəyyən edilmiş, iddiaçı həmin materialları təmir zamanı mənzildən götürdüyünü bildirmişdir. Göründüyü kimi, hazırda iddiaçıya məxsus ümumilikdə 4600 manat dəyərində olan pəncərələrə və alçıpana cavabdeh tərəfindən zərərin vurulması halının öz təsdiqini tapmaması ilə yanaşı, qeyd edilən əşyaların mövcudluğu belə iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, cavabdeh də iddiaçıya məxsus mənzildə hər hansı əşyanı yararsız hala salmadığını qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini 4600 manat məbləğində vurulmuş ziyanla əlaqədar pul tələbinə dair hissədə də təmin etməməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, pul və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Beləlikdə də, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarının 20-ci vərəqində olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, iddiaçı Lerik Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iş üzrə 27 dekabr 2022-ci il tarixə, saat 10:40-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarının 25-ci vərəqində olan xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, iddiaçı Lerik Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iş üzrə 19 yanvar 2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd edilən teleqramlardan göründüyü kimi, iddiaçı məhkəmə iclasları barəsində məlumatlı olsa da, özü teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda isə apellyasiya şikayətinin məhkəmənin iddiaçı tərəfi məhkəmə icraatına cəlb etmədən birtərəfli qaydada qərar qəbul etməsi ilə bağlı dəlilinin əsassız olduğu öz təsdiqini tapır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə yazılı müraciət etdiyini qeyd etsə də, iş materiallarında bu cür yazılı müraciətin mövcudluğu müəyyən edilmir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna aid hissədə də tələbi təmin etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, 18 sentyabr 2023-cü il tarixli, 10/5464 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2(048)-49/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 18 sentyabr 2023-cü il tarixli, 10/5464 saylı ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.