Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-824/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi İlham Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084077AZN31024 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 5376.67 manat cərimə borcu olmaqla cəmi 8261.4 manat məbləğində kredit borcun və 103 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi İlham Hüseynov iddia tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084077AZN31024 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 6673.71 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat borcun və 13.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 13325İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu saytda yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. İddiaçı PAŞA Bank» ASC-nin etibarnamə üzrə nümayəndəsi İlham Hüseynov məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirərək məhkəmədən işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki iddiaçı PAŞA Bank» ASC-nin ondan tələb etdiyi cərimə məbləğinin çox olduğunu, özünün heç bir yerdə işləmədiyini bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi (Hakim: A.Kiçibəyov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 116 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3000.73 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cərimə məbləğini tamamilə silməklə öhdəliyin icrasının gecikdirilməsi müddətini nəzərə almamışdır . Odur ki, İddiaçı ASC Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakının olmadan keçirilməsini və Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsini İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində, yəni qətnamənin cərimə borcunun tutulması hissəsində qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbini qismən təmin etməsini, tələbin qismən əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermiş, şikayətində qətnamənin iddianın cərimə məbləğinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18% ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 0084077AZN31024 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 6673.71 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-13325İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu saytda yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. Bununla da, cavabdehə illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla 8000 manat məbləğində istehlak xərcləri məqsədi ilə birdəfəlik kredit verilmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri və cərimə borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən İddiaçı ASC-nin Cavabdeh tələb etdiyi cərimə məbləğinin tənasübsüz sürətdə yüksək olduğunu, cavabdehin heç bir yerdə işləmədiyini əsas götürərək cərimə məbləğinin silinməsini məqsədəmüvafiq hesab edərək iddia tələbini qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cərimə məbləğinin silinməsi barədə mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi qanunvericilikdə öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cavabdeh cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilməsini nəzərdə tutmuşdur. Belə olan halda iddiaçının cavabdehdən cərimə borcunun tələbi əsaslı olmuşdur. Cavabdehin heç bir yerdə işləməməsi cərimə borcunun silinməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə cərimə borcunun tutulması hissəsində yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə qətnaməni həmin hissədə ləğv edilməsi üçün əsaslar yaratmışdır. Kollegiya iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini qarşılıqlı təhlil edərək qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə iddiaçı qarşısında 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 6673.71 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat borcu yaranmışdır. Kollegiya onu da nəzərdən qaçırmır ki, cərimə borcunun iddia olunan həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Kollegiya cavabdehin heç bir yerdə işləməməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 250 manat cərimə borcu tutularaq İddiaçı ASC-yə verilməlidir. Qeyd olunan məbləğdə dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq yuxarıda göstərilən məbləğdə müəyyən olunmalıdır. Kollegiya yekun olaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi cərimənin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh 250 (iki yüz əlli) manat cərimə borcu tutularaq İddiaçı ASC-ə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Cavabdeh münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 250 ( iki yüz əlli) manat olduğundan yəni qətnamənin mübahisəndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğundan cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)570/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat cərimə borcu tutularaq İddiaçı ASC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-824/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-824/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver