Məhkəmə qərarları › İş №2(106)-826/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-826/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-826/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan qızının sədrliyi ilə, hakimlər İsmayılov Orxan Nadir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh qızının, iddiaçı ”Bank Standart” QSC Kommersiya Bankının nümayəndəsi Əzimov Rauf Nəriman oğlunun, Cavabdeh2 iştirakı ilə, iddiaçı ”Bank Standart” QSC Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)-2043/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)-2043/2022 saylı qətnaməsi ilə (hakim İsayev Mütəllim) iddia qismən təmin edilərək, cavabdehlər Baxşıyevə Rəvanə Abdulla qızından və Cavabdeh1 müştərək qaydada 2209 manat 32 qəpik əsas borc, 2470 manat 21 qəpik faiz, 100 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298 manat 84 qəpik faiz olmaqla, cəmi 5078 manat 37 qəpik pul vəsaitinin və ödənilmiş 78 manat 12 qəpik dövlət rüsumunun iddiaçı LPO "xxxx" QSC-nin xeyrinə tutulması və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)- 2043/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" QSC Kommersiya Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC-nin Lənkəran filialı ilə cavabdeh Baxşıyevə Rəvanə Abdulla qızı arasında bağlanmış 25 may 2015-ci ıl tarixli 1xx/xx/108435/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 3000 manat məbləğdə kredit verilmişdir. Cavabdeh Baxşıyevə Rəvanə Abdulla qızına kredit verilərkən Cavabdeh1 ilə bank arasında 25 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə görə zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Habelə, kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcalan borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı LPO QSC “Bank Standard” KB-dən 25 may 2015-ci il tarixində götürmüş olduğu 3000 manat məbləğində kredit borcu üzrə kifayət qədər ödəniş etməyinə baxmayaraq, hazırda iddiaçı təşkilatın yenidən ondan və qeyrilərindən 5811.66 manat məbləğdə kredit borcunu tələb etməsi tam əsassız və şişirdilmiş tələbdir. Məhkəmə işin faktiki halları üzrə heç bir araşdırma aparmamışdır. Belə ki, məhkəmə təkcə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı LPO QSC “Bank Standard” KB-dən Cavabdeh2 25 may 2015-ci il tarixində 3000 manat məbləğdə kredit götürmüşdür və iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Halbuki, borc tələbi üzrə mübahisələrdə məhkəmə ödəniş cədvəlini əsas götürməklə, aylıq ödənilmiş ödənişləri hesabdan çıxarışla müqayisə etməklə, yekun nəticəyə gəlməli idi. Hazırkı tələb üzrə təmin olunmuş qətnamədə isə, iddiaçı tələbində hansı tələbi qeyd edibsə, məhkəmə də heç bir araşdırma aparmadan, yalnız cərimə məbləğə münasibətdə azaltma etməklə iddianı qismən təmin etmişdir. Halbuki, tələb olunan faiz məbləğinə nəzər yetirərkən analoqu olmayan tələb aşkar şəkildə görünməkdədir. Əsas məbləğdən daha yüksək məbləğdə faiz borcun tələb olunması məhkəmənin diqqətindən yayınmışdır. Cavabdeh2 məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüşdür. Bununla əlaqədar, dəfələrlə müraciətlər etsə də, ona hər hansı köməklik göstərilməmişdir. İddiaçı ”Bank Standart” QSC Kommersiya Bankının nümayəndəsi Əzimov Rauf Nəriman oğlu apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)-2043/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya rəsmi qaydada hər hansı müraciət edilməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların (və ya səlahiyyətli nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etməmişdir. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan yalnız cərimə məbləğinin azaldılmasına dair dəlilin araşdırılması və ona lazımi hüquqi qiymət verilməsi zəruridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 25 may 2015-ci il tarixi kredit müqaviləsindən görünür ki, LPO "xxxx" KB QSC tərəfindən cavabdeh Baxşıyevə Rəvanə Abdulla qızına 48 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Baxşıyevə Rəvanə Abdulla qızının iddiaçı LPO "xxxx" KB QSC-yə 2209 manat 32 qəpik əsas borc, 2470 manat 21 qəpik faiz, 833 manat 29 qəpik cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298 manat 84 qəpik faiz olmaqla, cəmi 5811 manat 66 qəpik məbləğində borcu mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 25 may 2015-ci il tarixi kredit müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mülki işin apellyasiya baxışı zamanı problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan müəyyən olunur ki, hazırkı mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüş, 01 mart 2019-cu il tarixə mövcud qalıq borcunun məbləği 2209 manat 32 qəpik (hazırkı iddia ilə tələb olunan əsas borc məbləği) müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam hərtərəfli araşdırılmaması, mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, nəzərə alınır ki, MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ”Bank Standart” QSC Kommersiya Bankı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının irəli sürdüyü adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Yuxarıda qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Bundan başqa, Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 ilə ”Bank Standart” QSC Kommersiya Bankı arasında bağlanmış hazırkı kredit üzrə borcu Fərmanın təsiri altına düşmüş borcun azaldılmasına yönələn məbləğ çıxılmaqla, qalıq əsas borcun məbləği 2209 manat 32 qəpik məbləğ müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırkı iş üzrə cavabdehlərə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, borcun məbləğinin azaldılması nəzərə allınmalı və iddia tələbi yalnız azaldılan borc məbləği həddində təmin edilməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Habelə, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Beləcə, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarının tam aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla da apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Beləliklə, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)-2043/2022 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(049)-2043/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" QSC Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit borcu qismində 2209 (iki min iki yüz doqquz) manat 32 (otuz iki) qəpik məbləğdə pul vəsaitləri tutularaq "xxxx" QSC Kommersiya Bankına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar