Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-828/2024 12.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(048)-815/2023 saylı qətnaməsindən (hakim A.Kiçibəyov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, 9600 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ildə X1 1998-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtibarnamə əsasında almışdır. İllərdirki həmin avtomobili özü istifadə etmişdir. Bəzi problemləri olduğundan avtomobilini satmaq qərarına gəlmişdir. Lerik rayon Babagil kənd sakini olan Cavabdehyla öz aralarında ilkin 3000 manat ödəməklə, yerdə qalan məbləği 28 ay müddətinə hər ay 400 manat ödəməklə cəmi 14200 manata satılması barədə razılıqa gəlmişlər. Cavabdeh 2023-cü ilin mart ayında ilkin 3000 manat ona ödəniş etmiş, 4 ay 400 manat ödəniş etdikdən sonra, qalan borcunu ödəməkdən boyun qaçırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçıdan “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili öz aralarında sövdələşərək ilkin olaraq 3000 manat verməklə, 28 ay müddətində hər ay 400 manat ödəmək şərti ilə almışdır. İddiaçıya 4 ay müddətinə 400 manat ödəniş etrdikdən sonra imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Sonra Sabir tərəfindən avtomobilə verilən etibarnamənin müddəti bitdiyindən avtomobili polislər dayanacaqa aparmışdır. Daha sonra maşının əvvəlki sahibini taparaq onunla sövdələşərək həmin şəxsdən öz qohumunun adına etibarnamə alaraq maşını satmışdır. Onun iddiaçıya hal-hazırda 9600 manat borcu vardır. Lerik Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(048)-815/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 9600 manat məbləğində pulun, 119 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsi 2(048)- 815/2023 saylı qətnaməsi ilə qanunvericiliyin tələblərini ciddi və kobud surətdə pomuş, iddianı təmin etmişdir. Belə hakim qətnaməsində onun sözlərini təhrif etmiş, iddiaçının əsassız uydudrmalarına istinat etmiş, onun avtomabilin mülküyətçisi ilə əlbir olmasına diqqət yetirməmiş, avtomobilin kimin satdığını aydınlaşdırmamış, iddiaçının belə bir vəziyyəti özünün yaratmasına məhəl qoymamış və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. İzahatını isə təhrif edərək iddiaçının ona etibarnamə vermədiyini, mülküyətçi ilə əlbir olub avtomobili ondan alıb satdıqqlarına diqqət yetirməmişdir. Məhkəmə qanunsuz qətnamə qəbul edərkən iddiaçının tələblərinin heç bir hüquqi əsaslarının olmadığına dair sübutlar, iddiaçının ona etibarnamə vermədiyini, avtomobilin tərəfindən deyil, iddiaçı və sahibi tərəfindən satıldığına məhəl qoymamış və sübutlar nümayiş etdirməmişdir. Məhkəmə iddiaçının dediklərinə dair heç bir qanuni sübutu öz qətnaməsində göstərməmişdir. Bununla da qanunvericiliyin bütün tələblərini ciddi pozmuşdur. Birinci instansiya olaraq Lerik Rayon Məhkəməsi qanunsuz qətnaməsini qəbul edərkən yalnız və yalnız iddiaçının uydurma, əsassız sözlərinə istinad etmişdir ki, bu da heç bir halda işin hallarına uyğun gəlmir. Yəni məhkəmə qanunsuz qətnamə qəbul edərkən iddiaçının tələblərinin heç bir hüquqi əsaslarının olmadığına məhəl qoymamış, iddiaçının ona etibarnamə vermədiyini, avtomobilin tərəfindən deyil, iddiaçı və sahibi tərəfindən satıldığına məhəl qoymamış və sübutlar nümayiş etdirməmişdir. Bu faktlar isə belə qətnamənin qəbul edilməsi üçün uyğun deyildir. Birinci instansiya məhkəməsinə iddianın əsassız olduğunu təsdiq edən, yəni avtomobilin nə vaxt və hansı müddətə olan etibarnamə əsasında aldığı, hansı müddətdə müddətin bitdiyi, DYP idarəsinin bu səbəbdən avtomobili həbs etdiyi, avtomobilin başqa şəxslər tərəfindən satıldığı, ondan iddiaçının sifarişi ilə alındığı barədə sübutlar təqdim etsə də, bu hal açıq aydın görünsə də, məhkəmə bunlara diqqət yetirməmiş, araşdırmamış, yalnız iddiaçının dediklərinə istinad edərək qanunsuz qətnamə çıxarmışdır. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Kürdəxanı təcridxanasında saxlanılır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisəli nəqliyyat vasitəsinin mülkiyyətçisi olmuş X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh avtomobili cərimə meydançasından çıxarmaq üçün avtomobilin sahibi Nüsrət Mehralıyevi taparaq onunla görüşür və adına etibarnamə verməsini xahiş edir. Nüsrət Mehralıyev isə cavabdehə 3000 manat ödədiyi təqdirdə etibarnamə verəcəyini bildirir. Bunlar öz aralarında razılaşırlar və alverçi taparaq avtomobili satırlar. Alverçi həmin puldan 3000 manatını Nüsrətə verib, qalıq 4000 manatı Cavabdeh verir. Avtomobil elə həmin gün də satqıları adamın adına sənədləşdirilir. Həmin avtomobili Mehralıyev Nüsrətdən almışdı, adına keçirməməyinin səbəbi isə mühərrikini dəyişdirməyi idi. Belə ki, BDYPİ-nə getmiş, orada ona bildirmişlər ki, avtomobil burada qalmalı, sənədlər yoxlanılmalıdır, 2 ay sonra avtomobili adına keçirə bilər. Avtomobil satıldıqdan sonra Mehralıyev Nüsrətin alverçidən aldğı 3000 manat ona hissə-hissə ödəməyə başlayıb, artıq həmin puldan 600 manatını ödəyib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X7 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə iştirakı olmadan baxımasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: 08 iyul 2022-ci il tarixli ƏN-Vİİİ № 383939 saylı etibarnamənin sürətindən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan 1998-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” hüquqları ilə İddiaçı etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 1 il müddətinə verilib, 08 iyul 2023-cü il tarixinədək qüvvədədir; 16 fevral 2023-ci il tarixli ƏN-Vİ № 466771 saylı etibaretmişi etibaretmə qaydasında verilmiş etibarnamənin sürətindən görünür ki, mülkiyyətçi X4 təmsil edən nümayəndə İddiaçı sahibliyində olan 1998-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili “idarə etmək” hüququ ilə Cavabdeh etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə 4 ay 20 gün müddətinə verilib, 08 iyul 2023-cü il tarixinədək qüvvədədir; Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5474 saylı qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 119 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh ölkə Başçısına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək aşağıdakıları bildirmişdir: 2023-cü ilin mart ayında İddiaçı 300 manat depozit, aylıq 400 manat olmaqla “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşəm. Avtomobili 4 ay istifadə edib ödənişimi etmişəm. 08 iyul 2023-cü il tarixdə yolda polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Səbəb isə verilən etibarnamənin müddətinin bitməsi idi. Həmin vaxt İddiaçı zəng edərək ona vəziyyəti bildirdim. O mənə yenidən etibarnamə verəcəyini bildirdi və prosesi uzatmağa başladı. Mən də avtomobilin texniki sənədində göstərilən sahibini tapıb ondan alacağımı düşündüm. Həmin şəxs X5r. Mən onunla görüşdüyüm zaman o, avtomobilin ona aid olduğunu, Sabirin ondan xəbərsiz avtomobili satdığını əsas gətirərək, mənə etibarnamə verməyəcəyini dedi. X8 öz adına olan avtomobili cərimə meydançasından çıxararaq satmış, aramızdakı danışığa əsasən mənə dəymiş 4600 manat ziyandan 4000 manatını ödəmişdir. Adımda heç bir hüquqi sənəd olmadığı və avtomobilin satışında iştirak etmədiyim halda, həmin avtomobili mənə icarəyə vermiş İddiaçı haqqımda Lerik Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Lerik Rayon Məhkəməsi də, öz mənafeyi üçün əleyhimə qərar çıxarıb. Adımda heç bir hüquqi sənəd olmadan, heç bir alqı-satqıda iştirak etmədiyim halda, Lerik Rayon Məhkəməsinin haqqımda çıxardığı qərar başa düşülən deyil. Sizdən xahiş edirəm ki, bu işin dərindən araşdırılmasının təmin edilməsində mənə kömək edəsiniz. İnanıram ki, Sizin köməkliyiniz sayəsində haqq öz yerini tapacaq. Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən təqdim edilmiş mübahisəli 1998-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılan qeydiyyat hərəkətlərindən aşağıdakılar müəyyən olunur: 03 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobili X7 alaraq mülkiyyətinə keçirir və adına müvafiq şəhadətnamə verilir; Avtomobilə dair mülkiyyətçi X7 tərəfindən 25 iyul 2016-cı ildən 25 iyul 2017-ci ilədək, 22 iyul 2017-ci ildən 22 iyul 2018-ci ildədək, 03 iyul 2018-ci ildən 03 iyul 2019-cu ilədək, 03 iyul 2019-cu ildən 03 iyul 2020-ci ilədək, 22 iyul 2020-ci ildən 22 iyul 2021-ci ilədək, 13 avqust 2021-ci ildən 13 avqust 2022-ci ilədək, 08 iyul 2022-ci ildən 08 iyul 2023-cü ilədək olan dövrlər ərzində İddiaçı nəqliyyat vasitəsinə sərəncam hüququ ilə, 16 fevral 2023-cü ildən 08 iyul 2023-cü il tarixinədək İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə istifadə hüququ ilə, 19 iyul 2023-cü ildən 19 iyul 2024-cü ilədək mülkiyyətçi X7 tərəfindən X2 nəqliyyat vasitəsinə sərəncam hüququ ilə, 19 iyul 2023-cü ildən 17 iyul 2024-cü ilədək mülkiyyətçi X7 tərəfindən X9 nəqliyyat vasitəsinə istifadə hüququ ilə, 24 iyul 2023-cü ildən 18 iyul 2024-cü ilədək mülkiyyətçi X7 tərəfindən X9 nəqliyyat vasitəsinə sərəncam hüququ ilə etibarnamələr verilmişdir, 24 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsi özgənikiləşdirilərək X10 adlı şəxsin mülkiyyətinə keçmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli 1998-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 mart 2015-ci ildən X7 mülkiyyətində olmaqla, 25 iyul 2016-cı ildən başlayaraq 08 iyul 2023-cü il tarixinədək olan dövr ərzində üzərində sərəncam vermək hüququ ilə İddiaçı qanuni sahibliyində olmuşdur. İddiaçı tərəfindən avtomobilə dair 16 fevral 2023-cü ildən 08 iyul 2023-cü il tarixinədək Cavabdeh nəqliyyat vasitəsinə istifadə hüququ ilə etibarnamə verilmişdir. Sonuncu tərəfindən nəqliyyat vasitəsi idarə olunarkən X16 əməkdaşları tərəfindən etibarnamənin müddətinin bitməsi əsası ilə saxlanılmış, avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Sonrakı mərhələdə mülkiyyətçi X7 tərəfindən nəqliyyat vasitəsinə dair sərəncam və istifadə hüququ ilə başqa şəxslərə etibarnamələr verilmiş, 24 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsi özgənikiləşdirilərək X10 adlı şəxsin mülkiyyətinə keçmişdir. İşin mübahisəli halları isə aşağıdakılardan ibarətdir: İddiaçı həmin avtomobili ilkin olaraq 3000 manat, 28 ay ərzində isə hər ay 400 manat ödənişlər edilməsi şərtilə 2023-cü ilin mart ayında Cavabdeh satdığını, Əlimusa tərəfindən 4 ay ərzində hər ay 400 manat ödəniş edildikdən sonra ödənişlərin dayandırıldığını, sonuncu tərəfindən avtomobilin dəyərinin 9600 manat hissəsinin ödənilmədiyini, Cavabdeh isə İddiaçı mübahisəli avtomobili 2023-cü ilin mart ayında ilkin 3000 manat, hər ay 400 manat ödəniş etməklə icarəyə götürdüyünü, 4 ay ərzində hər ay üçün 400 manat ödəniş etdiyini, avtomobilə dair Sabir tərəfindən verilən etibarnamə müddətinin 08 iyul 2023-cü il tarixdə bitməsi ilə əlaqədar yol polisi əməkdaşları tərəfindən avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirildiyini, Sabir söz versə də, ona yeni etibarnamə verə bilmədiyini, avtomobilin mülkiyyətçisini taparaq ona etibarnamə verməsini xahiş etdiyini, lakin mülkiyyətçi tərəfindən avtomobil cərimə meydançasından çıxarılaraq başqa şəxsə satıldığını, avtomobilə görə Sabirə ümumilikdə ödəmiş olduğu 4600 manat pulun 4000 manat hissəsinin mülkiyyətçinin ona qaytardığını bildirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz; Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur; Maddə 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz; Maddə 365.1.1. Etibarnamənin müddətinin bitməsi etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Maddə 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslardır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı sahibliyində olan nəqliyyat vasitəsi üzərində sərəncam vermək səlahiyyətində olmuş, mübahisəli nəqliyyat vasitəsini dəyəri hissə-hissə ödənilməsi şərti ilə cavabdehin sahibliyinə verməklə, faktiki alqı-satqı münasibətlərinə girmişdir. İddiaçı satıcı olaraq cavabdehə, yəni alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda, bu vəzifəsini icra etməmiş, nəqliyyat vasitəsi mülkiyyətçisi tərəfindən alıcıdan alınaraq, başqa şəxsə satılmaqla özgəninkiləşdirilmişdir. İddiaçı alqısatqı müqaviləsinin tərəfi olaraq satıcı kimi Mülki Məcəllənin 568.1-ci maddəsində nəzərdə tutulan “satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur” vəzifəsini icra etmədiyi halda, alıcıdan vermədiyi əmlakın dəyərinin ödənilməsini tələb etməkdə haqlı ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(048)-815/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-828/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-828/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver