Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-828/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)- 151/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin əvəzində 400 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi vardır. Bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış da verilmişdir. Cavabdehlər 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə həmin torpaq sahəsinin kənarına çəkilmiş daş hasara ziyan vurmuşlar. Belə ki, 01 dekabr 2024-cü il tarixdə cavabdehlər daş hasarı təpiklə vuraraq sökmüşlər. Həmin vaxt cavabdehlərdən hasarı nə üçün uçurtduqlarını soruşsa da, onlar məhəl qoymamış, əksinə onu söyüb-təhqir etmişlər. O da baş vermiş hadisə barədə Saatlı RPŞ-yə şikayət etmiş, uçurulmuş hasarıı isə usta çağıraraq bərpa etdirmişdir. 04 dekabr 2024-cü il tarixdə cavabdehlər yenidən həmin yerə gələrək bərpa etdirdiyi hasarıı lom və böyük çəkiclə (qvaltla) uçurmuşlar. Hazırda uçurulmuş hasarı bərpa etdirməmişdir. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi şikayət əsasında Saatlı RPŞ-nin TB-də araşdırma aparılmış və 11 dekabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdehlərin ona məxsus olan hasarı uçurtması və nəticədə ona ziyan dəyməsi öz təsdiqini tapmışdır. Hasarının cavabdehlər tərəfindən uçurulmasına görə ona 400 manat ziyan dəymişdir.Cavabdehlərin guya həmin hasarı da onların öz evlərinə girişçıxışa mane olması barədə dedikləri də yalandır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı (hakim M.Sadıqov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 149 manat və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, cəmi 179 (bir yüz yetmiş doqquz) manat pulun müştərək qaydada alınaraq İddiaçı verilməsi və iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin kənarına çəkdiyi daş hasar 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən uçurularaq sökülmuş, nəticədə iddiaçıya 149 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehlərin mülki hüquq pozuntusu törədərək iddiaçıya 149 manat ziyan vurmaları cavabdehlərin özlərinin etirafedici izahatları, Saatlı rayon polis şöbəsinin 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı, Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı və 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarları və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: İddiaçı mülkiyyətində olan, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin kənarına çəkdiyi daş hasar 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən uçurularaq sökülmuş, nəticədə iddiaçıya 149 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehlərin mülki hüquq pozuntusu törədərək iddiaçıya 149 manat ziyan vurmaları cavabdehlərin özlərinin etirafedici izahatları, Saatlı rayon polis şöbəsinin 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı, Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı və 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarları və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 149 manat pul müştərək qaydada alınaraq İddiaçı verilməli, iddianın qalan hisssəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 23, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi 25 ilə yaxın onların istifadəsində olmuşdur. Sonradan iddiaçı həmin torpaq sahəsini onların xəbəri olmadan öz mülkiyyətinə keçirmişdir. Onlar tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır. Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi 25 ilə yaxın onların istifadəsində olmuşdur. Sonradan iddiaçı həmin torpaq sahəsini onların xəbəri olmadan öz mülkiyyətinə keçirmişdir. İddiaçı darvazanı sökərək daş hasar hörmüş, onlar da həmin hasarı uçurmuşdurlar. Polis onlara cərimə yazmış, daha sonra iddiaçı hazırkı iddianı qaldırmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Həyətin cavabdehlərə heç bir aidiyyəti yoxdur, cavabdehlər ondan 1 kilometr aralıda yaşayırlar. Cavabdehlər özbaşına şəkildə ona məxsus hasarı uçurmuş, maddi ziyan vurmuşlar. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsi ilə razılaşmış, apellyasiya şikayəti verməmişdir. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, hazırki halda Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdırılmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin kənarına çəkdiyi daş hasar 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən uçurularaq sökülmuş, nəticədə iddiaçıya 149 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehin mülki hüquq pozuntusu törədərək iddiaçıya 149 manat ziyan vurmalarını birinci instansiya məhkəməsində etirafedici izahatı ilə təsdiq etmişdir. Saatlı rayon polis şöbəsinin 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı, Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı və 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarları və digər iş materialları ilə də bu hal təsdiq edilir. Şikayətin dəlili ondan ibarətdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi 25 ilə yaxın onların istifadəsində olmuşdur. Sonradan iddiaçı həmin torpaq sahəsini onların xəbəri olmadan öz mülkiyyətinə keçirmişdir. Onlar tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər iddiaçıya 149 manat ziyan vurmuşdurlar. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda isə cavabdehlərin iddiaçıya ziyan vurduğu iş materialları ilə öz təsdiqini tapmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, mütəxəssis rəyinə əsasən 4 metr uzunluğunda, 13 mişar daşı hündürlüyündə hörgünün xx.xx.2024-cü il tarixə ərsəyə gəlməsi üçün orta bazar qiyməti ilə 279 manat pul xərclənə bilər. Tikinti ləvazimatı kimi istifadə olunmuş mişar daşları həyətyanı sahədə qaldıqlarından 130 ədəd dəyəri 130 manat olan mişar daşlarının qiyməti mütəxəssis rəyində nəzərdə tutulmuş 279 manat qiymətdən çıxılmalı və İddiaçı dəymiş ziyanın məbləği 149 manat qəbul edilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 149 manat məbləğində cərimə edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 149 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutlar iş üzrə obyektivliyin təmin olunması, iddiaların və ya müdafiələrin əsassız olmamasının yoxlanılması, məqsədəuyğun və qanuni qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sübutlar deyilənlərin söz və iddia səviyyəsində qalmaması, onların hüquqi sənədlərlə təsdiqlənməsi funksiyasını yerinə yetirir. İş üzrə təqdim edilmiş yazılı sübutlar məhkəmənin işin hallarını düzgün müəyyən etməsinə, tərəflərin öhdəlik və hüquqlarını aydınlaşdırmasına əsas vermişdir. Bu sənədlər subyektiv yanaşmaların deyil, obyektiv faktların əsas götürülməsini təmin etmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında İddiaçı Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən torpaq sahəsində hasar tikdiyindən və həmin hasar da onların öz evlərinə giriş-çıxışa mane olduğundan qardaşı Cavabdeh2la birlikdə əvvəlcə 01 dekabr 2024-cü il, daha sonra isə 04 dekabr 2024-cü il tarixdə İddiaçı tikdirdiyi hasarı sökdüklərini və iddiaçıya dəymiş ziyanın 149 manat təşkil etməsi ilə razı olduğunu qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatla apellyasiya şikayətinin dəlilləri bir-birini təkzib edir. Belə ki, cavabdehlərin mülki hüquq pozuntusu törədərək iddiaçıya 149 manat ziyan vurmaları cavabdehin özünün etirafedici izahatı ilə təsdiq edilir. Hüquqi baxımdan birinci instansiya məhkəməsində etiraf edilmiş fakt məhkəmə tərəfindən həqiqət kimi qəbul edilməlidir. Etiraf könüllü və şüurlu şəkildə edilibsə, sonradan ondan imtina prosesi ləngitmək kimi qiymətləndirilə bilər. Cavabdehin ziyan faktını inkar etməsi onun əvvəlki mövqeyini əsassız şəkildə dəyişməsi, prosesi ləngitmək və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, etiraf edilən faktlar üzrə mövqenin sonradan dəyişdirilməsi əsassız hesab edilir. Belə dəyişikliklər iddia və müdafiə hüququnun həyata keçirilməsinin deyil, məhkəmə qərarının qüvvədən düşürülməsi məqsədilə prosessual imkanlardan sui-istifadənin təzahürüdür. Göründüyü kimi cavabdehlərin iddiaçıya ziyan vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi 25 ilə yaxın cavabdehin istifadəsində olması və sonradan iddiaçının həmin torpaq sahəsini cavabdehin xəbəri olmadan öz mülkiyyətinə keçirməsi dəlili ilə bağlı qeyd edir ki, şikayətin bu dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(055)-151/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-828/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-828/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver