Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-83/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehlərdən Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “gediş-gəliş yolun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(018)-70/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) cavabdehlərdən Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “gediş-gəliş yolun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olmaqla Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə olan, cavabdehlər tərəfindən tutulmuş gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsinə dair adlarına 01 iyun 2016-cı il tarixdə ********** reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsində naringi ağacları əkib becərmişlər. Torpaq sahəsinə ümumi istifadədə olan gediş-gəliş yolun olmasına baxmayaraq, cavabdehlər artıq iki ilə yaxındır ki, ümumi istifadədə olan yolu çəpərə alaraq zəbt etmişlər. Dəfələrlə torpaq sahəsinə gedən yolun açılmasını cavabdehlərdən tələb etsələr də, bir nəticə əldə edə bilməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(018)-70/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddiaçıların ümumi birgə mülkiyyətlərində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2016-cı il tarixli ********** nömrəli çıxarışda qeyd edilən, Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0.1956 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən gediş-gəliş kimi istifadə edilən yolun cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 tərəfindən açılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, ümumi istifadədə olan gediş-gəliş yolu cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Məhkəmə tərəfindən İddiaçı1 və ailə üzvlərinin Astara rayonu, Tüləgüvan kəndi ərazisində mülkiyyətində olan 0.2044 hektar torpaq sahəsinə və İddiaçı1 istifadə etdiyi və hal-hazırda mübahisələndirdiyi yol sahəsi ərazinə baxış keçirilərkən də həmin 0.2044 hektar torpaq sahəsinə başqa yolun olmaması məlum olmuşdur. “X4”nin 7 yanvar 2022-ci il tarixli 587 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı1 istifadə etdiyi və halhazırda mübahisələndirdiyi yol sahəsi ərazinin ümumi “X5”nə əsasən yol kimi qeydə alınmayıb və ayrı-ayrı vətəndaşlara məxsus “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçı1 və ailə üzvlərinin Astara rayonu, Tüləgüvan kəndi ərazisində mülkiyyətlərində olan 0.2044 hektar torpaq sahəsinin Astara rayonu, Tüləgüvan kəndinin Kompleks Yerquluşu Layihəsində həmin torpaq sahəsinin qərb tərəfində nəzərdə tutulan 5 metrlik ümumi istifadə yolu digər torpaq istifadəçiləri tərəfindən bağlandığından iddiaçı və onun ailə üvləri mülkiyyətlərində olan torpaq sahələrinə getmək üçün hal-hazırda mübahisələndirilən yol sahəsindən gediş-gəliş kimi istifadə etmişlər. Odur ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. İddianın cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması tələbinə dair hissəsi təmin edilə bilməz. Çünki iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən açıldıqdan sonra cavabdehlərin qanunsuz və özbaşınalıq hərəkətləri iddiaçılara qarşı davam edilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Beləki, məhkəmə iclasında iştirak edən İddiaçı1 Ağakişi oğlu izahat verib bildirmişdir ki, onun və digər iddiaçıların mülkiyyətində Astara rayonu, Tüləgüvən kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0.1956 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onların adlarına 01 iyun 2016-cı il tarixli ********** nömrəli çıxarışla rəsmləşdirilmişdir. Həmin torpaq sahəsində naringi ağaclarını əkib becərirlər. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 artıq iki ilə yaxındır ki, ümumi istifadədə olan yolu çəpərə alıb zəbt etmişlər. Dəfələrlə torpaq sahəsinə gedən yolun açılmasını cavabdehlərdən tələb etsələr də, bir nəticə əldə edə bilməmişlər. Məhkəmə iclası olan zaman təmsil etdiyi şəxslər Azərbaycanda olmadıqları üçün, məhkəmə iclasında iştirak edə bilməmişlər. Məhkəmədə bu vəziyyətdən istifadə edərək yalnız iddiaçıların dediklərini əsas götürərək iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin ədalətli araşdırılması üçün mütəxəsislərə müraciət etmişdir və bu barədə rəy almışdır. Mülki işdə “X4” MMC-nin 7 yanvar 2022-ci il tarixli 587 nömrəli mütəxəsis rəyi olmuşdur. Həmin rəydə göstərilir ki, İddiaçı1 və ailə üzvlərinin Astara rayonu Tüləgüvən kəndi ərazisində istifadəsində olan 0.2044 hektar torpaq sahəsinin Astara rayonu, Tüləgüvən kəndinin X1 həmin torpaq sahəsinin qərb tərəfində nəzərdə tutulan 5 metrlik istifadə yolu digər torpaq istifadəçiləri tərəfindən bağlandığından, iddiaçı və onun ailə üzvləri mülkiyyətlərində olan torpaq sahəslərinə getmək üçün hal-hazırda mübahisələndirilən yol sahəsindən gedişgəliş kimi istifadə etmişlər. Daha sonra qətnamədə qeyd edilir ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli 10\747 nömrəli məlumatında qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəsislərinin rəyinin mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə 4 fevral 2022-ci il tarixli vəsatət göndərilmişdir. Lakin müvafiq mütəxəsis rəyi təqdim olunmadığından, ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə ekspertiza rəyini almadan, hətta mütəxəssislərin rəyini də nəzərə almadan, iddiaçıların torpaq sahəsinə yol nəzərdə tutulduğu halda və hu yol mövcud olduğu halda, təmsil etdiyi şəxslərin mülkiyyət hüququnu pozaraq onların torpaq sahəsindən qanunsuz olaraq gediş - gəliş yolu müəyyən etmişdir. Məhkəmə onların mülkiyyət hüquqularını qorumamış, onların torpaqdan öz istədiyi kimi istifadə etmək hüquqlarını pozmuşdur. Onların mülkiyyətində olan torpaq sahəsidən sərbəst istifadə etmək hüququ var və kiminsə həmin torpaqdan qanunsuz keçmək ixtiyarı yoxdur. Məhkəmədə Dövlət adından çıxardığı qətnamədə belə bir yanlışlığa yol verə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Lakin məhkəmə hüquqlarını qanunla qorumamış və mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsində qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçılar həmin yolun onlara məxsus olması barədə və ümumiyyətlə mübahisəli sahədən yolun keçməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə mütəxəsis rəyini nəzərə almamış, halbuki həmin rəyə görə həmin ərazidə hər hansı bir yol nəzərdə tutulmamaışdır. Mütəxəsis rəyi sübut deyil, yalnız məhkəməyə kömək etmək üçün nəzərdə tutulmuş bir vasitədir. Mütəxəssis rəyi sübut kimi qiymətləndirilə bilməz. Mütəxəssis rəyi yalnız ekspert rəyi ilə təsdiq olunarkən sübut kimi qiymətləndirilə bilər. Məhkəmədə qanunun bu tələbini nəzərə alaraq həmin mübahisə barədə ekspertiza təyin etməli idi. Məhkəmə ekspertiza təyin etsə də, ekspertin tələb etdiyi mütəxəssis rəyini ona təqdim etmədiyi üçün, ekspert rəy verməkdən imtina etmiş, məhkəmədə bununla kifayətlənmiş və ekspertizanın keçirilməsini təmin etmədən, heç bir sübuta istinad etmədən qətnamə qəbul etmişdir. Hakim bütün hallarda prosessin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qanunun tələb etdiyi kimi deyil, yəni izahatlarla, təqdim olunmuş sənədlərlə, öz qərarını əsaslandırmamışdır, məhkəmə öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə öz qərarını əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 388-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə mütəxəssis rəyini ekspertizaya göndərməmiş və həmin faktiki halı müəyyənləşdirməmişdir. Məhkəmə mübahisə predmeti olan gediş-gəliş yolunun mövcud olmasına dair mübahisəli yola dair ekspertiza keçirməmişdir. Halbuki bu faktiki hal məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edəcəkdi. Məhkəmədən xahiş edir ki, bu halı dəqiqləşdirmək üçün ekspertiza keçirsin. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi . Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış birgə iddiaçılar və digər Cavabdeh1 oğlu məhəmədə iştirak emtəmiş, nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar və bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən Cavabdeh2 münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2016-cı il tarixdə verilmiş **********25 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətindədir. Mülki işin apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur; 1) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2016-cı il tarixdə verilmiş **********25 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 və digərlərinin xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətlərində olmaqla ümumi birgə pay hüququ üzrə Astara rayonunun Tüləgüvan kəndində yerləşən 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 2) Ərazinin kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçıların yuxarıda qeyd edilən çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun haradan nəzərdə tutulduğu müəyən edilsin? 3) İddiaçıların faktiki olaraq son zamanlaradək gediş-gəliş yolu kimi istifadə etdikləri və hazırda cavabdehlər tərəfindən zəbt olunduğunu bildirdikləri ərazi, ərazinin kompleks yerquruluşu xəritəsinə əsasən yol kimi nəzərdə tutulub-tutulmadığı müəyyən edilsin? 4) Ərazinin kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçıların yuxarıda qeyd edilən çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolunun hansı torpaq sahəsi mülkiyyətçiləri tərəfindən zəbt olunduğu müəyyən edilsin? 5) Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/382 nömrəli 18 aprel 2023-cü il tarixli ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-795/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla iddiaçılar İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında ümumibirgə mülkiyyətlərində olan Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0,1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilmişdir. Qərardadın İkinci və dördüncü suallar üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-795/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və digərlərinin ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla ümumibirgə mülkiyyətlərində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yalnız qərb istiqamətində sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan (yaşayış məntəqələri torpaqları ilə iddiaçı və digər şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri arasında eni orta hesabla 5 metr) torpaq sahələri ilə həmsərhəd olması və sözügedən torpaq sahəsinə həmin yerdən (qərb istiqamətdən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən edilmişdir. Lakin faktiki olaraq həmin ərazidən də yol mövcud deyildir və sözügedən ərazisinin mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslər tərəfindən həyətyanı torpaq sahələri kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-795/2023 saylı mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçıların faktiki olaraq son zamanlaradək gediş-gəliş yolu kimi istifadə etdikləri və hazırda cavabdehlər tərəfindən zəbt olunduğu iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol kimi deyil, xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri olması, eyni zamanda yol kimi iddia edilən torpaq sahəsinin Cavabdeh1 oğlu və ailə üzvlərinin mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən deyil, digər şəxsin (JN-092) torpaq sahəsindən keçdiyi müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə ərazi kompleks yerquruluşu layihəsində nəzərdə tutulan yolun məhz cavabdeh tərəfindən zəbt olunması aparılmış araşdırmanın nəticəsi olaraq sübuta yetməmişdir. Belə ki, təyin olunmuş ekspertizanın rəyinə əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yalnız qərb istiqamətində bələdiyyə mülkiyyətində olan (yaşayış məntəqələri torpaqları ilə iddiaçı və digər şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri arasında eni orta hesabla 5 metr) torpaq sahələri ilə həmsərhəd olması və sözügedən torpaq sahəsinə həmin yerdən (qərb istiqamətdən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən edilmişdir. Lakin faktiki olaraq həmin ərazidən də yol mövcud deyildir və sözügedən ərazinin mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslər tərəfindən həyətyanı torpaq sahələri kimi istifadə edilməsi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-795/2023 saylı mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçıların faktiki olaraq son zamanlaradək gediş-gəliş yolu kimi istifadə etdikləri və hazırda cavabdehlər tərəfindən zəbt olunduğu iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol kimi deyil, xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri olması, eyni zamanda yol kimi iddia edilən torpaq sahəsinin Cavabdeh1 oğlu və ailə üzvlərinin mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən deyil, digər şəxsin (JN-092) torpaq sahəsindən keçdiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıların faktiki olaraq əvvəllər yol kimi istifadə etdikləri və hazırda da açılmasını tələb etdikləri ərazi işdə adı çəkilməyən JN-092 Dövlət Aktı əsasında işdə adı çəkilməyən tamamilə başqa şəxsin xüsusi mülkiyyətindədir. Ərazinin kompleks yerquruluşu layihəsində iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə yol yalnız qərb istiqamətində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin arasında yerləşən torpaq sahəsindən 5 metr enində nəzərdə tutulmuşdur. Lakin layihədə yol kimi nəzərdə tutulan həmin ərazi işdə adıçəkilməyən digər şəxs və ya şəxslər tərəfindən həyətyanı torpaq sahələri kimi istifadə edilir. Beləliklə iddianın təmin olunması üçün əsasların olmaması ilə yanaşı, iddia həmdə ona cavab verməli olan şəxsə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən, iddia ona cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(018)-70/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “gediş-gəliş yolun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması” təbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-83/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-83/2023
31.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver