Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-834/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 və onun nümayəndəsi Vəkil iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə, cəmi 33844,54 manat kredit borcunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 məxsus əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC BOKT ilə Yardımlı rayonu, Zəngələ kənd sakini Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 saylı kredit müqaviləsinə əsasən ona 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsi, ev 40-da yaşayan Cavabdeh2 öz adından və ünvan 2iat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 7E/18129 və 7E/18178 nömrələri ilə reyestrdə qeydə alınmış etibarnamələr əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 adlarından çıxış edərək, Abşeron rayonu, Saray qəsəbəsində 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini "xxxx" MMC BOKT ilə arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə iddiaçının xeyrinə yüklü etmişdir. İpoteka Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Borcalan ilə bağlanmış kredit müqaviləsinin 4.2.2-ci maddəsinə görə, borcalan kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirməlidir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, kredit verən borcalan tərəfindən istifadə olunmuş kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin kredit müqaviləsinin 5.3cü maddəsinə əsasən, borcalan kredit verən qarşısında alınmış kredit və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmasına görə girov (ipoteka) ilə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinin 5.4-cü maddəsinə əsasən, borcalan öz öhdəliklərini yerinə yetirmədikdə, qanunvericiliyə uyğun olaraq girov əmlakı ödənişə yönəldilir. Girov əmlakının (ipotekanın) ödənişə yönəldilməsi zamanı faktiki alınmış və qaytarılmamış kredit məbləğlərinin (hesablanmış faizlər və cərimələr də daxil olmaqla) qaytarılması təmin edilir. Həmin kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən, kreditin və ona hesablanmış faizlərin bu müqavilənin şərtləri əsasında tam ödənilməsinə və öhdəliklərin tam yerinə yetirilməsinə qədər bu müqavilə öz qüvvəsini saxlayır. Bununla da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilmir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdehlərin 28 yanvar 2013-cü il tarixli, 11 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixə olan 20625,47 manat əsas borcunun və 4201,44 manat faiz borcunun ödənilməsi təmin edilməlidir. Eyni zamanda, cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 5.5-ci maddəsinə əsasən, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə görə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir və yuxarıda göstərilən kredit müqaviləsi üzrə müvafiq olaraq hesablanmış cərimənin məbləği 9017,63 manat təşkil edir. Beləliklə də, cavabdehlərin əsas, faiz və cərimələr daxil olmaqla, cəmi 33844,54 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, əsas öhdəliyə görə cavabdeh olan Cavabdeh1 26 dekabr 2013-cü ildə vəfat etmişdir. Yardımlı Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(038)-95/2018 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Sonradan iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Yardımlı Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(038)-95/2018 saylı qərardadı ilə icraatı dayandırılmış mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə iddia tələbinin dəyişdirilməsi qərarına gəlmişdir. İddiaçı MPM-in 53-cü maddəsinə əsasən tələbin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tələb edilən 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə olmaqla, cəmi 33844,54 manat kredit borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra onların həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəyişdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 hüquqi varisi müəyyən edilməmişdir. Yardımlı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(038)-01/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqam Həsənquliyev) iddia təmin edilmiş, Cavabdeh1 tələb edilən 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu və 9017,63 manat cərimə olmaqla, cəmi 33844,54 manat kredit borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərrac yolu ilə satılması, torpaq sahəsinin ilkin satış qiymətinin likvid qiymət olaraq 63000 manat müəyyən edilməsi və satışdan əldə olunan vəsait hesabına borcun iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********80 reyestr nömrəli 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona birlikdə iş qurmağı, yəni kredit agentliyi açmağı təklif etmişdir. Bu məqsədlə də ona bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsində bu işi qursunlar, tanışlarını da bu işə cəlb edərək işi sonralar daha da inkişaf etdirərlər. Cavabdeh1 Cavabdeh2 bunun üçün notariat kontoruna gedib ona və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə bağlı bəzi sənədlərə imza atılmasının lazım olduğunu bildirmişdir. O da Cavabdeh1 sözlərinə inanaraq onunla birlikdə və təkidi ilə notariat kontoruna gedərək işin mahiyyətini bilmədən sənədə imza atmışdır. Sonradan ona məlum olmuşdur ki, bu sənəd 28 yanvar 2013-cü il tarixli, 11/1 saylı ipoteka müqaviləsi imiş. Bir neçə aydan sonra anlamışdır ki, aldanmışdır. Bundan sonra Cavabdeh2 Cavabdeh1 tələb etmişdir ki, gedib torpağın sənədlərini geri götürsünlər, Cavabdeh1 isə ona sənədi indi verə bilməyəcəyini, pul götürdüyünü, quracaqları işə görə lazım olduğunu, götürdüyü pulu qaytarması üçün möhlət verməsini, ondan sonra torpağın sənədlərini qaytacağını bildirmişdir. Bundan 4-5 gün sonra onlar yenidən görüşmüş, Cavabdeh1 ona yenə də bir qədər səbr etməsini söyləmişdir. Bu zaman aralarında mübahisə olmuş, Cavabdeh1 1 həftə möhlət istəmişdir. Bu müddət ərzində Cavabdeh2 onun öldüyünü eşitmişdir. İddiaçının onları məhkəməyə verməsini isə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları onlara gələndə bilmişdir. Qətnaməni aldıqdan sonra ona məlum olmuşdur ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 kredit müqaviləsi üzrə cəmi 33844,54 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonralar Cavabdeh1 öldüyü üçün onun hüquqi varisi müəyyən edilənədək iş dayandırılmışdır. Bundan sonra iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə vəsatətlə müraciət edərək, Cavabdeh1 tələb olunan məbləğin ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə isə Cavabdeh1 öldüyü üçün, onun hüquqi varisi müəyyən edilənədək işi dayandırsa da, varisin müəyyən olunması ilə bağlı məsələ həll olmadan işi təzələmiş və heç bir əsas olmadan iddianı təmin etmişdir. Sonradan Cavabdeh2 məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 23 faizlə 25000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11/1 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 öz adından və ünvan 2iat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 adından 19 oktyabr 2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Abşeron rayonu, Saray qəsəbəsində 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. İddiaçı həmin kredit müqaviləsində göstərilən məbləği cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh1 26 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Həqiqətdə isə həmin torpaq sahəsi ipoteka ilə yüklü edilən zaman Cavabdeh2 işin əsl mahiyyətindən xəbəri olmamış, aldanmışdır. Məhkəmə cavabdehin hüquqi varisi tapılana qədər işi dayandırsa da, sonradan iddiaçının MPM-in 53-cü maddəsinə əsasən verdiyi vəsatət əsasında cavabehin hüquqi varisi ilə bağlı məsələyə münasibət bildirmədən iddiaçının ərizəsini qanunsuz olaraq təmin edib tələbi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaka yönəltmişdir. Nəticədə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Belə ki, əsl cavabdehin hüquqi varisi, yəni əmlakını qəbul edənlər bu öhdəliklərdən azad olunur, Cavabdeh2 və onun ailə üzvləri isə Cavabdeh1 götürdüyü puldan 1 manat da olsa, qəbul etmədən öz mülkiyyətindən məhrum edilir. Bu isə ədalətsizlikdir. Cavabdeh1 kifayət qədər maddi imkanı yüksək olan, biznes fəaliyyəti ilə məşğul olan, torpaq sahələri, evi, obyektləri olan bir şəxs olmuşdur. Təbii ki, onun əmlaklarını qəbul edəcək varisi olmuşdur. Məhkəmə işi onun varisi müəyyən olunana qədər dayandırsa da, sonradan hansısa səbəbə görə bu məsələyə toxunmamış, əsas cavabdeh ola-ola, tələbi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaka yönəltmişdir. İşə baxan məhkəmə prosessual hüquq normalarını pozaraq cavabdehlərin iştirakı olmadan işə baxmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, 28 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi onun aldadılması yolu ilə bağlanmışdır. Belə ki, mərhum Cavabdeh1 onu kredit agentliyi açmaq adı ilə aldatmış, agentliyin yaradılması üçün isə onun və ailə üzvlərinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin yaratmaq istədikləri hüquqi şəxsin balansına qoyulmasının vacib olduğunu bildirmişdir. Cavabdeh1 torpaq sahəsi ilə bağlı bəzi sənədləri Cavabdeh2 imzalatmış, sonuncu həmin sənədlərin torpağın Cavabdeh1 kredit borcuna görə ipotekaya qoyulması ilə bağlı olduğundan xəbərsiz olmuşdur. Bir neçə ay sonra ona məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh1 kredit borcuna görə ipoteka qoyulmuşdur. O, bu barədə Cavabdeh1 etirazını bildirmiş, Cavabdeh1 15 gün ərzində məsələni həll edəcəyini və torpaq sahəsini girovdan çıxaracağını bildirmişdir. Lakin sonradan o, qəzaya düşərək ölmüşdür. Cavabdeh1 ölümündən sonra onun qardaşları bu məsələni həll etməyə söz versələr də, etməmişlər. Hazırda hesab edir ki, ipoteka müqaviləsi onun aldadılması ilə bağlandığından Cavabdeh1 borcuna görə tutma onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə yönəldilə bilməz. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil Cavabdeh2 ilə eyni məzmunda çıxış etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi dayandırılmış icraatı təzələməklə yanlışlığa yol vermişdir. Belə ki, nə qədər ki Cavabdeh1 hüquqi varisləri müəyyən edilməmişdir, o vaxtadək də icraat dayandırılmış olaraq qalmalı idi. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda Cavabdeh2 apellyasiya şikayətində iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir və apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəyir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki kredit verən "xxxx" MMC BOKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 nömrəli kredit müqaviləsindən görünür ki, kredit verən borcalana 24 ay müddətinə illik 23 faizlə 25000 manat məbləğində kiçik və orta biznesin inkişafı üçün istehlak krediti vermiş, borcalan isə ona ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməsini və geri qaytarılmasının təmin edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, borcalan kredit verən qarşısında alınmış kreditin və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmamasına görə girov (ipoteka) ilə məsuliyyət daşıyır. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən, borcalan öz öhdəliklərini yerinə yetirmədikdə girov (ipoteka) qanunvericiliyə uyğun olaraq ödənişə yönəldilir. Girov (ipoteka) üzrə borclu girov (ipoteka) müqaviləsində göstərilən müddətdə borcu qeydşərtsiz ödəməlidir. Girovun (ipotekanın) ödənişə yönəldilməsi zamanı faktiki alınmış və qaytarılmamış kredit məbləğlərinin (hesablanmış faizlər və cərimələr də daxil olmaqla) qaytarılması təmin edilir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablayır. Cərimə faizi ödənişlərin gecikdirilmə vaxtının ilk günündən hesablanır. İşdəki xx.xx.2013-cü il tarixli, 16 nömrəli kassanın məxaric orderinin surətindən görünür ki, 25000 manat Cavabdeh1 verilmişdir. İşdəki "xxxx" MMC BOKT ilə Cavabdeh2 arasında (öz adından və ünvan 2iat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 adlarından çıxış edərək) bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, 28 yanvar 2013-cü il tarixli, 11 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yükləməyi öz öhdəsinə götürmüşdür. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1857 ha torpaq sahəsi üzərində Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh2 hüququnun "xxxx" MMC BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq "xxxx" MMC BOKT qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1857 ha torpaq sahəsi üzərinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı aparılmışdır. İşdəki Cavabdeh1 kredit borcu barədə "xxxx" MMC BOKT-nin xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, kreditin qalıq məbləği 20625,47 manat, hesablanmış faiz 4201,44, hesablanmış cərimə 9017,63 manat olmaqla, cəmi borc 33844,54 manat təşkil edir. İşdəki Yardımlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü ildə ölmüşdür. İşdəki "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 14 aprel 2022-ci il tarixli, 0316/22/İKA nömrəli hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan, **********80 reyestr nömrəli 0,1857 ha torpaq sahəsinin rəy verilən günə bazar qiyməti 75000 manat, likvid qiyməti 63000 manat təşkil edir. İşdəki xx.xx.2018-ci il tarixli, 020 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh2 apellyasiya şikayətinin 28 yanvar 2013cü il tarixli ipoteka müqaviləsinin Cavabdeh1 onu aldatması ilə bağlanılmasına dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “B.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Cavabdeh2 kredit agentliyinin yaradılması ilə əlaqədar torpaq sahəsinə dair sənədləri imzaladığını zənn etsə də, aldadılma nəticəsində ipoteka müqaviləsini imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini inandırıcı hesab etmir və bildirir ki, 28 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi imzalanarkən Cavabdeh2 həmin sazişlə tanış olmaq və bu barədə aldadılmış olsaydı, onun dərhal öz etirazlarını bildirmək imkanı olsa da, o, həmin vaxt hər hansı etiraz bildirməmiş, müqaviləni imzalamışdır. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayətinin məzmunundan, eləcə də, apellyasiya məhkəməsinin iclasında verdiyi izahatından aydın olur ki, o, imzaladığı və aldadıldığını iddia etdiyi sənədin ipoteka müqaviləsi olduğunu hələ mərhum Cavabdeh1 sağlığında bilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 aldadıldığını iddia etdiyi əqd barədə artıq 2013-cü ildə məlumatlı olmuşdur. Lakin Cavabdeh2 həmin ipoteka müqaviləsinin onun aldadılması ilə bağlandığını bildiyi 2013-cü ildən etibarən bir il ərzində həmin əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmçinin, məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, Cavabdeh2 ipoteka müqaviləsi ilə bağlı borcalan Cavabdeh1 öz etirazını bildirdiyini qeyd etsə də, müqavilənin digər tərəfi olan kredit verən və hazırkı iş üzrə iddiaçı "xxxx" MMC BOKT-yə qarşı hər hansı etiraz irəli sürməmiş, öz iradə ifadəsini etməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 tərəfindən aldadılması ilə bağlı qeyd etdiklərinin təsdiq olunması halında belə, "xxxx" MMC BOKT-nin aldatmadan xəbərdar olmaması və xəbərdar olmalı olmaması müəyyən edilir ki, bu da əqdin qeyd edilən əsasla mübahisələndirilməsini istisna edir. Belə ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, ipoteka müqaviləsinin onun aldadılması və onda yanlış fikrin yaradılması ilə bağlanılmasına dair Cavabdeh2 apellyasiya şikayətinin dəlili əsassızdır. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Cavabdeh1 hüquqi varisləri müəyyən edilmədən onun borcuna görə tutmanın Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsi düzgün deyil. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. İşdəki Yardımlı rayon Dövlət notariat ofisinin 25 dekabr 2020-ci il tarixli, 61 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu, Zəngələ kənd sakini mərhum Cavabdeh1 barəsində Yardımlı rayon Dövlət notariat ofisində vərəsəlik işi açılmamış, onun miras qoyduğu əmlak, həmçinin mirası qəbul etmiş vərəsələri barədə heç bir məlumat aşkar olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, əsas öhdəlik üzrə borclu Cavabdeh1 26 dekabr 2013-cü il tarixində ölmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən onun hüquqi varislərinin müəyyən edilməsi üçün işin icraatı dayandırılmışdır. Sonradan iddiaçı tərəfindən Yardımlı rayon Dövlət notariat ofisinin 25 dekabr 2020-ci il tarixli məktubu məhkəməyə təqdim edilmiş, iş üzrə icraatın təzələnməsi xahiş edilmiş, iddia tələbi dəyişdirilərək ipoteka predmetinə tutmanın yönəldilməsi xahiş edilmişdir. Yardımlı rayon Dövlət notariat ofisinin 25 dekabr 2020-ci il tarixli, 61 nömrəli məktubundan göründüyü kimi, mərhum Cavabdeh1 mirası qəbul etmiş vərəsələri ilə yanaşı, onun miras qoyduğu əmlak barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdeh1 miras əmlakının olmaması, eləcə də, ondan qalan miras əmlakı qəbul etmiş hər hansı vərəsənin olmaması səbəbindən birinci instansiya məhkəməsi iş üzrə icraatı təzələməyə, iddiaçı isə iddia tələbini dəyişərək, ipoteka predmetinə tutmanın yönəldilməsini xahiş etməyə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 19 aprel 2023-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, ipoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir:
1. əsas borc;
2. faizlər;
3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;
4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Məhkəmə kollegiyası ipoteka predmentinə tutmanın yönəldilməsi ilə bağlı belə nəticəyə gəlir ki, Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsi öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyindən və təminat vasitəsi ipoteka olan əsas öhdəlik icra edilmədiyindən, əsas öhdəlik üzrə borclu Cavabdeh1 ölsə də, ondan miras qalmış hər hansı əmlak, yaxud onun mirasını qəbul etmiş hər hansı hüquqi varisi müəyyən edilmədiyindən, bununla da iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yarandığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov
Hakimlər: İlham Əsədov
Tofiq Heydərov