Məhkəmə qərarları › İş №2(106)-835/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-835/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-835/2023 05.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 3M-895 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra etməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 385.1, 442, 445.1, 445.2.1, 279, 295-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1, 59.3 və 37.2-ci maddələrinə istinad edərək, cavabdehdən İddiaçı BOKT ASC-in xeyrinə əsas borc üzrə 30 000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 17 354.89 (on yeddi min üç yüz əlli dörd dollar səksən doqquz sent) ABŞ dolları, cərimə borcuna görə 18 450 (on səkkiz min dörd yüz əlli) ABŞ dolları, cəmi 65 804.89 (altmış beş min səkkiz yüz dörd dollar səksən doqquz sent) ABŞ dollarının və 31 (otuz bir) manat dövlət rüsumunun tutulmasına, tələbinə cavabdehə məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin əsas borc üzrə 30 000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 17 354.89 (on yeddi min üç yüz əlli dörd dollar səksən doqquz) ABŞ dolları, cərimə borcuna görə 18 450 (on səkkiz min dörd yüz əlli) ABŞ dolları, cəmi 65 804.89 (altmış beş min səkkiz yüz dörd dollar səksən doqquz sent) ABŞ dollarının və 31 (otuz bir) manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsinə, cavabdehin əşyaları ilə birlikdə Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında yerləşən mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə iddianın həcminin artırılmasına dair ərizə göndərərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh İddiaçı BOKT ASC-in xeyrinə əsas borc üzrə 30 000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 32 518.92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları, cərimə borcuna görə 53 880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları, cəmi 116 398.93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaiti hesabına yaranmış əsas borc üzrə 30 000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 32 518.92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları, cərimə borcuna görə 53 880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları, cəmi 116 398.93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı BOKT ASCyə ödənilməsinə, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı təşkilatla aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən ona illik 28 faiz olmaqla 60 ay müddətinə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddaçı təşkilatla aralarında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, maddi imkanı olmadığından kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə kredit müqaviləsi üzrə hazırkı borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də maddi imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir. Özündən asılı olmayan səbəblərdən borcunu ödəyə bilmədiyi halda iddiaçı təşkilatın ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə göndərərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh İddiaçı BOKT ASC-in xeyrinə 30 000 (otuz min) ABŞ dolları əsas borcun, 32 518.92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları faiz borcunun, 53 880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları dəbbə pulunun, cəmi 116 398.93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaiti hesabına yaranmış 30 000 (otuz min) ABŞ dolları əsas borcun, 32518.92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları faiz borcunun, 53 880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları dəbbə pulunun, cəmi 116 398.93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmasına və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-in nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxılmasını mükün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi (Hakim: Q.Paşayev) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 30 000 (otuz min) ABŞ dolları əsas borc, 26 044 (iyirmi altı min qırx dörd) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə, cəmi 58 044 (əlli səkkiz min qırx dörd) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələb Cavabdeh məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə yaranmış 30 000 (otuz min) ABŞ dolları əsas borc, 26 044 (iyirmi altı min qırx dörd) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə, cəmi 58 044 (əlli səkkiz min qırx dörd) ABŞ dolları borcu (borcun ödənlicəyi gun Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla) və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 100000 (bir yüz min) manat müəyyən edilməsi, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 119.1, 308.1, 317.1, 386.1, 385.1, 442, 445.1, 445.2.1, 421.2, 423.2, 424.2, 462.1 və İpoteka haqqında qanunun 33, 34.1, 39.3.3, 59.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şahbazov X1 Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İş materiallarında olan «FİNOKO” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 28 faiz olmaqla 60 ay müddətinə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «FİNOKO” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək hər ay 934 (doqquz yüz otuz dörd) ABŞ dolları ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «FİNOKO” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı «FİNOKO” BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı istehlak kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 30 000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 32 518.92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları, cərimə borcuna görə 53 880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları, cəmi 116 398.93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı Bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı Bank tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0759/21 saylı hesabatdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 100 000 (bir yüz min) manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 3M-895 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini “tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli və yaranmış əsas borc cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir.” əsaslı hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləği hissəsində razılaşır və hesab edir ki, iddiaçı təşkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi “Odur ki, məhkəmə cərimənin azaldılaraq 2000 ABŞ dolları həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir.” ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də, əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2017-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat və onun üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 51000 manat, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə bazar dəyəri 91000 manat təşkil edir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)22/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərardadı ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işin təzələnməsi və baxışa təyin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli, 2(073)22/2019 saylı qərardad ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. 08 yanvar 2020-ci il tarixli, 2(073)04/2020 saylı qərardad ilə, iddia ərizəsi baxılmamış saxlanılmışdır. 18 sentyabr 2020-ci il tarixli, 2(073)04/2020 saylı qərardad ilə, mülki iş üzrə icraat təzələnmişdir. 01 oktyabr 2020-ci il tarixli, 2(073)4/2020 saylı ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi haqqında qərardad ilə, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. İşdə olan müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0759/21 saylı hesabatdan müəyyən edilir ki, Cavabdeh məxsus Abşeron rayonu Fatmayı kəndi Qara Qarayev küçəsi 59 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 100000 (bir yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddianın ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslı olmuş və gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni olmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, ipoteka ilə yüklü edilmiş evin real bazar dəyəri 300000 manat olmasına baxmayaraq birinci instansiya məhkəməsi evin likvid dəyərini 100000 manat müəyyən etmişdir. Həmçinin iddiaçının faiz tələbinə obyektiv qiymət verilməmiş, həddindən artıq faiz tələb edildiyi halda mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh evin qiymətləndirilməsi barədə hesabatla birinci instansiya məhkəməsi icraatı zamanı tanış olmaqla məlumatlı olmuşdur. Əgər həmin qiymətləndirilmə barədə hesabatla razı deyildisə, o zaman hesabata etiraz və ya yenidən evin qiymətləndirilməsi barədə vəsatətlə müraciət edə bilərdi. Cavabdeh qanunvericiliyin ona verdiyi hüquqlardan birinci instansiya məhkəməsi icraatı zamanı istifadə etməmişdir. Görünür o, bununla razılaşmış və mübahisələndirməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi faiz borcunun yüksək məbləğdə olduğunu nəzərə alaraq iddia tələbini faiz borcu hissəsində qismən təmin etmişdir. Belə ki, iddiaçı faiz borcuna əsasən cavabdehdən 32 518.92 ABŞ dolları tələb etmişdir. Birinci instansiya məhkəməsi isə iddianın faiz borcu tələbinə dair hissəsinə qiymət verərək faiz borcu iddiaçı təşkilatın tələb etdiyi kimi deyil, tərəflər arasında bağlınmış kredit müqaviləsi üzrə öhdəliyin başa çatdığı dövrə olan məbləğlə, yəni 26 044 (iyirmi altı min qırx dörd) ABŞ dolları müəyyən etmişdir. Həmçinin birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçı əgər iddianın faiz borcu hissəsində belə razı deyildisə ekspertizanın keçirilməsi barədə vəsatət verə bilərdi. Lakin görünür ki, o bu hüququndan da istifadə etməmişdir. Hal-hazırda iddianın faiz borcu hissəsində ekspertizanın təyin edilməsi əlavə sübutların toplanmasına yönəldiyindən və bu da apellyasiya məhkəməsi icraatının mahiyyətinə ziddir. Belə ki, nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsi icraatı zamanı iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddianın faiz borcu hissəsində ekspertizanın təyin edilməsi apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan ekspertiziya təyin edilə bilməz. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, mövcud qanunvericiliyə əsasən bank öz üzərinə düşən vəzifələri yerinə yetirmiş lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin formal mülahizə hesab edir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsası hesab etmir. Həmçinin qeyd edilən apelyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar