Məhkəmə qərarları › İş №2(106)-837/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-837/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-837/2025 21.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 1500 (min beş yüz) manat, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və rəyin alınması üçün ödənilmiş 70 (yetmiş) manat pul vəsaitinin alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, ailə ehtiyacını təmin etmək məqsədilə iribuynuzlu mal-qara saxlayır. xx.xx.2024-cü il tarixdə baytar həkimi kimi özünü təqdim edən Astara rayonu, Artupa kəndində yaşayan Cavabdeh dəvət etmiş, o da gəlib heyvana baxmışdır. İnəyə “Butadet” adlı iynə vurmuşdur. İynəni vurandan 48 saat keçəndən sonra ikinci iynə vurmalı olmasına baxmayaraq, bu müddəti gözləməmiş 24 saat keçəndən sonra “Prateks” adlı iynəni vurmuş, nəticədə inək ölmüşdür. Cavabdeh öz səhvini başa düşmüş və inək onun günahı üzündən tələf oluduğundan ölmüş inəyin cəsədini götürüb aparmış və vəd vermişdi ki, inəyin əvəzinə inək alıb verəcəkdir. O da razılaşmışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh verdiyi vədə əməl etməmiş, vurmuş olduğu ziyanı ödəməkdən bəhanələrlə yayınmışdır. Odur ki, cavabdeh tərəfindən vurulmuş ziyanın tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəfindən tələf olmuş inəyin bazar qiymətini müəyyən etməkdən ötrü "Cənub Qiymətləndirici” Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət edilmişdir. Mütəxəssis tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, tələf olmuş inəyin rəngi qara-qəhvəyidir, diri çəkisi 240 kq, yaşı 1,6 ay, cinsdəndönmə damazlıq dişi gənc inəkdir. İnəyin bazarda təklif olunan qiyməti 1500 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirməyə görə 70 manat vəsait ödəmişdir. Cavabdeh vurulmuş zərərə görə 1500 manatın, ödənilmiş dövlət rüsumun 45 manatın və rəyə görə ödənilmiş 70 manatın alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən, yəni 500 (beş yüz) manat hissədə qəbul edərək, həmin hissədə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsi ilə (Hakim: İlqar Məmmədov), iddianın təmin edilməsi, Cavabdeh 1500 (min beş yüz) manat dəymiş zərər, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və mütəxəssis rəyi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-199/025 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ondan 1500 (bir min beş yüz) manat dəymiş zərər, dövlət rüsumu üçün ödənilmiş 45 (qırx beş) manat və mütəxəssis rəyi üçün ödənilmiş 70 (yetmiş manat) məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-199/025 saylı qətnaməsini qanunsuz və əsassız hesab edərək apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün qeyd edir ki, Astara rayonunun Ərçivan qəsəbəsində yaşayır. Uzun illər Astara rayonunun Ərçivan qəsəbəsi üzrə baytarlıq idarəsində həkim, həkim köməkçisi ixstisasları üzrə baytarlıq sahəsində işləmişdir. Baytar olmağına dair müvafiq peşəni təsdiq edən dövlət səviyyəli diplomla təltif olunmuşdur. Bildirir ki, İddiaçı məxsus olan iribuynuzlu heyvanlara müalicə daim onun nəzarətiylə aparılmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı iribuynuzlu heyvanlarına müalicə etmək üçün onu həyətində olan tövləyə dəvət etmişdir. İribuynuzlu heyvanlara baxış keçirərkən ona məlum olmuşdur ki, İddiaçı heç bir həkim məsləhəti və nəzarəti olmadan iribuynuzlu heyvanlara xüsusi vitaminlər vurmuş, həmçinin baytarlıq peşəsinə malik olmayan şəxs tərəfindən də heyvanlara vaxtaşırı müalicə edilmişdir. İribuynuzlu heyvanlara müalicə edərkən 4 baş iribuynuzlu heyvanın (inəyin) ağır qan paraziti (malyariya) xəstəliyi olduğundan müvafiq profilaktik tədbirlər görülmüşdür. 4 baş inəkdən birində protokol qaydalarına uyğun olaraq “Butadet” adlı iynə vurulmuşdur. Lakin heyvanın qanında qan paraziti həddindən artıq ağır olduğundan vurulan iynənin faydası olmamış, heyvan tələf olmuşdur. Digər heyvanlara isə müalicə davam etdirilmiş və sağaldılmışdır. Heyvan tələf olduqdan sonra iddiaçıya heyvanın hansı səbəbdən ölməsi barədə ekspertiza keçirilməsini tələb etsə də, o, buna əhəmiyyət verməmiş, inəyi ekspertiza olmadan basdırmışdır. Bundan başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-199/025 saylı qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, Cavabdeh baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığı halda müəyyən pul məbləği qarşılığında İddiaçı təsərrüfatında olan xəstə heyvanlara müalicə aparmış, lakin müalicənin düzgün aparılmaması nəticəsində Cavabdeh təqsirinə görə İddiaçı maddi ziyan dəymişdir. Yuxarıda qeyd etdiyi kimi, baytarlıq fəaliyyəti ilə uzun illərdir məşğuldur və bu barədə müvafiq peşəni təsdiq edən dövlət səviyyəli diplomla təltif olunmuşdur. Lakin məhkəmə heç bir araşdırma aparmadan, iddianı təmin etmişdir. İş fəaliyyətini və baytarlıq hüququnu təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə olunmuşdur. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsinin tam ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, o, iddianı 500 manat həcmində qəbul etməmiş, sadəcə olaraq təqsiri olmamasına rəğmən iddiaçının israrla onu günahlandırması səbəbindən və nəticə olaraq iddiaçının maddi məhrumiyyətə düçar olmasını nəzərə alıb 500 manat köməklik edəcəyini bildirmişdir. Bir daha bildirir ki, heyvanın tələf olmasında hər hansı formada təqsiri yoxdur. Qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin aydın başa düşülməsi üçün məhkəmə kollegiyası hüquqi nəticələrin aşağıdakı kateqoriyalar üzrə araşdırılmasını məqsədəmüvafiq hesab edir: İş materiallarında olan damazlıq dişi gənc inəyin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qeyd olunan qara-qəhvəyi rəngli, diri çəkisi 240 kq, yaşı 1,6 ay, cinsdəndönmə damazlıq dişi inəyin orta bazarda təklif qiyməti 1500 (min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli etirazında göstərilmişdir ki, o, Astara rayon Ərçivan qəsəbəsi üzrə baytarlıq idarəsində işləyir. İddiaçı baytarlıq idarəsinə müraciət edərək, 4 inəyinin qızdırmalı halda vəziyyətinin ağır olduğunu və qan parazit (malyariya) xəstəliyi olduğunu bildirmiş, həyətindəki tövlədə saxladığı həmin inəklərə baxış keçirib müalicə edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı inəklərin tanışı baytar həkim tərəfindən bundan qabaq peyvənd edilməsini demişdir. O da tövlədəki inəklərə baxış keçirərkən həmin 4 inəyi müalicə etmişdir. İnəklərdən biri müalicəyə tabe olmamış, inəklərin vəziyyəti ağır olmuş, biri ölmüş, qalan inəklərə müalicə etmişdir. Ölmüş inək həmin gün basdırılmışdır. İddiaçı ekspertiza keçirilməsinə də icazə verməmişdir. O, baxışa gedərkən inəyə iddiaçının vitamin vurduğunu görmüşdür. Baytarın məsləhəti olmadan heyvana vitamin vurmaq olmaz. Ona görə qaldırılan iddianı əssasız sayır. Odur ki, İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli etirazında göstərilmişdir ki, onun 40 yaşı var. Ailəlidir, 3 uşaq atasıdır. Ailədə tək işləyir. 2014-cü il tarixdə X2 baytarlıq feldşir ixtisasını bitirmişdir. Astara idarəsinin baytarlıq feldşir peşəsinə işə qəbul olmuşdur. 2021-ci il tarixdən baytar həkiminin köməkçisi işləyir. 2024-cü il tarixdə Astara rayonunun Ərçivan qəsəbə sakini İddiaçı ailəvi dostu Nicat Əhədov ona bildirmişdir ki, dostu İddiaçı təsərrüfatında bir baş kələ xəstə olduğuna görə müraciət etmişdir. Gedib baxış keçirəndən sonra məlum olmuşdur ki, heyvanın qızdırması vardır. Nicat Əhədov, ailə dostu baxandan sonra Ayaz ondan heyvanı sağalda bilib-bilməyəcəyini soruşmuşdur. O bildirmişdir ki, bunu bacara bilməz. Ayaz ona müraciət etmiş, o da baxış keçirəndən sonra bildirmişdir ki, bu heyvan qan parazit xəstəliyi keçirdir və öhdəsinə götürmüşdür, vətəndaşa kömək kimi müalicəsini etmişdir və kələ tam sağalmışdır. 3-cü günü ona zəng edib bildirmişdir ki, onun 4 baş heyvanı da həmin qan parazit xəstəliyinə tutulub. Zəng edib onu öz evinə dəvət etmişdir. Ərçivan qəsəbə özəl baytar həkimininin telefonu sönülü olduğundan o da məcburi halda İddiaçı kömək göstərmək üçün təsərrüfatına getmişdir. 4 baş heyvanı tövləsinə gətirib müəyyən etmişdir ki, bunlar da qan parazit xəstəliyinə yoluxmuşdur, temperaturlarını ölçdükdə 41 dərəcə olduğu məlum olmuşdur. “Butaleks” tərkibində olan pereparatı tətbiq edib səhərisi gün yenidən həmin təsərrüfata gəlmişdir. Baxış keçirəndən sonra İddiaçı heyvanların vəziyyətinin necə olduğunu soruşmuş, o da temperaturlarının 40,5 dərəcə olduğunu və vitamin tətbiq etdiyini bildirmişdir. Hansı iynəni vurduğunu soruşduqda vitamin S və vitamin B12 olduğunu bildirmişdir. O da öz növbəsində vitamin S-in qanı parçaladığını demişdir. Özü özbaşına vurmuşdur. O da proteks dərmanını hər 4 heyvana tətbiq etdikdən sonra üçünə normal, birinə isə pis təsir etmişdir. Dördündən biri tələf olmuşdur. İddiaçı üstünə təzyiq göstərib ona demişdir ki, həmin heyvanın əvəzinə başqa heyvan versin. Düyənin yaşı 1,6 aylıqdır və iddiaçı düyəni ekspertiza etmədən düyə üçün arayışlar toplamışdır. Diri çəkisi 150 kg ət, 75 kg çəkiyə qarşı ondan 1500 manat vəsait tələb edir. Heyvanın yaşı səhv və saxta sənədləşdirilib. Ona köməklik göstərilməsini və işin araşdırılmasını xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığı halda müəyyən pul məbləği qarşılığında İddiaçı təsərrüfatında olan xəstə heyvanlara müalicə aparmış, lakin müalicənin düzgün aparılmaması nəticəsində Cavabdeh təqsirinə görə İddiaçı maddi ziyan dəymişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, mülki hüquqda maddi ziyan ümumi anlayış olmaqla zərər kimi başa düşülür və zərər 3 formada özünü göstərir. Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusunun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi; 3) zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və 4) hüquqpozan şəxsin təqsirinin olması. Hazırkı iş üzrə iddiaçıya məxsus heyvanın tələf olması və nəticədə ona ziyan dəyməsi işin mübahisəsiz halıdır. Lakin həmin zərərin məhz cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh baytar olmadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini qeyd etsə də, cavabdehin təqdim etdiyi sübutlarda onun 2014-cü il tarixdə X2 baytarlıq feldşir ixtisasını bitirdiyi, 27 yanvar 2022-ci ildən "xxxx" MMC-də Astara rayonu ərazisində kənd təsərrüfatı üzrə sosial işçi-baytar köməkçisi vəzifəsində işlədiyi görünür. Həmçinin İddiaçı qeyd edir ki, Cavabdeh baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığı halda müəyyən pul məbləği qarşılığında İddiaçı təsərrüfatında olan xəstə heyvanlarını müalicə etmiş, lakin müalicənin düzgün aparılmaması nəticəsində Cavabdeh təqsirinə görə İddiaçı maddi ziyan dəymişdir. Lakin heyvanın məhz Cavabdeh vurduğu iynədən tələf olması barədə ekspert rəyi və yaxud digər mötəbər sübut mövcud olmamış, iddiaçı tərəfindən cavabdehin təqsiri sübuta yetirilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmə araşdırması, tələbin öz təsdiqini tapmaması, təqsiri sübut edən lazımi dəlillərin məhkəməyə təqdim edilməməsi əsası ilə başa çatmalı və iddia rədd edilməlidir. İddianın birinci instansiya məhkəməsində cavabdeh tərəfindən 500 manat həcmində etiraf olunması ilə bağlı kollegiya qeyd edir ki, bu hal cavabdehin təqsirli olması və iddianı qismən etiraf etməsi kimi qəbul edilə bilməz. Belə ki, işdə heyvanın məhz Cavabdeh vurduğu iynədən tələf olması barədə mötəbər sübut yoxdur. Eyni zamanda, cavabdeh özü də apellyasiya baxışı zamanı 500 manat pulu təqsirli olmasına görə deyil, cavabdehin israrla onu günahlandırması səbəbindən və nəticə olaraq iddiaçının maddi məhrumiyyətə düçar olmasını nəzərə alıb köməklik məqsədilə təklif etdiyini bildirmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)199/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar