Məhkəmə qərarları › İş №2(106)-838/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-838/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-838/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pulun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh əvvəldən tanımış və onunla yaxın münasibətləri olmuşdur. Cavabdeh 18 iyul 2019-cu ildə ondan 1.000 (bir min) manat borc pul istəmişdir. Həmin vaxt o, Cavabdeh 1.000 manat borc pul vermişdir. Cavabdeh ondan 1.000 manat borc alması barədə öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 1.000 manat borc pulu 18 oktyabr 2019-cu il tarixinə kimi qaytaracaqdır. Bundan sonra Cavabdeh aldığı 1.000 manat borcundan 2022-ci ilin aprel ayında 100 manatını qaytarmış və 900 manat borclu qalmışdır. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh borclu qaldığı 900 manat pulu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh borca görə 900 (doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, o, İddiaçı xx.xx.2019-cu il tarixdə 800 manat borca pul almışdır. İddiaçı ona həmin pulu verərkən öz xətti ilə qəbz yazdırmış, qəbzdə pulun məbləğini 1000 manat olaraq qeyd etdirmişdir. İddiaçı ona bu pulu faizə vermişdir. Aralarında olan razılığa əsasən o, həmin pulu və faizləri ilə birlikdə 18 oktyabr 2019-cu il tarixədək qaytarmalı idi. Məhkəməyə təqdim edilmiş əlyazma qəbzdə həmin borcun xx.xx.2019-cu il tarixədək qaytaracağı barədə şərt qeyd edilmişdir. İddiaçıya həmin pulu faizləri ilə birlikdə qeyd edilən tarixdən də tez qaytarmışdır. Ancaq ağlına gəlməmişdir ki, verdiyi həmin əlyazma qəbzi qarşı tərəfdən geri alsın və ya həmin qəbzdə borcun olmaması ilə bağlı qeydlərini aparsın. Onun iddiaçıya hər hansı borcu yoxdur. Məhkəmə iddiaçının verdiyi əlyazma qəbzlə kifayətlənmişdir. Mütləq məhkəmə işə baxarkən həmin borcun olub-olmamasını, pulun tələb edilməsinin qanuni olub-olmamasına da qiymət verməli idi. Həmçinin iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Ona məhkəmə tərəfindən göndərilmiş bildirişlər və işin nəticəsinə dair qətnamə çatmamışdır. Belə ki, o, hərbiçidir, əvvəllər Füzuli rayonunda yerləşən N saylıhərbi hissədə qulluq etmişdir. 2020-ci ilin fevral ayının 12-sindən etibarən Bakı şəhəri ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edir. Bu səbəbdən qeydiyyatda olduğu ünvanda yaşamır və onun həmin ünvanda qeydiyyatda olması formal xarakter daşıyır. O, 2020-ci ilin fevral ayının 12-dən Bakıda yaşayır. Lakin məhkəmə tərəfindən yaşamadığı ünvana məhkəmə bildirişi göndərilmiş, bildiriş ona çatdırılmamış, o, lazımi qaydada xəbərdar olunmadığından öz müdafiəsini hazırlamağa imkanı olmamış, həmçinin iddiayaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə bilməmiş və digər prosessual hüquqlarından istifadə edə bilməmişdir. Onun mülki işdən məlumatı olmamışdır. Qətnamə 26 fevral 2024-cü il tarixdə ona təqdim edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, 2 ay müddətinə borc almış, borcu ödəmək üçün bank kartını iddiaçıya vermişdir. Borcunu ödəmiş, kartı geri götürmüşdür. Eyni zamanda, razılaşmanın müddətinin başa çatmasından 4 il keçib, artıq iddia müddəti ötmüşdür. Cavabdeh qeyd etmişdir ki, borcunu qaytarmasa idi iddiaçı 4 il müddətində iddia verə bilərdi. İddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Özü hərbiçidir, 2020-ci ilin fevral ayının 12sindən etibarən Bakı şəhəri ərazisində yerləşən N saylı hərbi hissədə quluq edir. Həmin tarixdən də Bakı şəhərində Qaradağ rayonu ünvan 2 ünvanda yaşayır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstəmişdir ki, cavabdeh ona borcunu qaytarmamışdır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İddiaçının tələbinə görə, o, 18 iyul 2019-cu ildə Cavabdeh 1.000 manat borc pul vermiş, cavabdeh öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 1.000 manat borc pulu 18 oktyabr 2019-cu il tarixinə kimi qaytaracaqdır. Həmin puldan 100 manat qaytarmış, qalan 900 manat ona qaytarılmamışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, borc üzrə iddiaçının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, onların arasında borc müqaviləsi bağlanmalı, müqavilənin şərtləri, o cümlədən borcun məbləği, onun qaytarılma müddəti və s. şərtlər dəqiq müəyyən edilməli, borc məbləğinin cavabdehə verilməsi, cavabdehin borcu qaytarmaması, pul məbləğinin cavabdehin qanunsuz sahibliyində (istifadəsində) qalması, cavabdehin onu qaytarmaqdan imtina etməsi kimi hallar müəyyən edilməlidir. Bu hallardan hər-hansı birinin müəyyən edilməməsi iddianın təmin edilməsindən imtinaya əsas verir. Tərəflər arasında yazılı borc müqaviləsi olmamışdır. Lakin iş materiallarına əlavə qəbzə görə, Cavabdeh 18 iyul 2019-cu il tarixdə 1000 (min) manatı 18 oktyabr 2019-cu il tarixə qaytarmaq şərti ilə İddiaçı borc pul almışdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iştirak etməmişdir. Apellyasiya şikayətində və izahatında cavabdeh iddiaçı ilə borc münasibətində olduğunu və qəbzdəki imzanın ona məxsus olduğunu inkar etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində Cavabdeh iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Müəyyən edilir ki, tərəflər arasındakı razılaşmanın müddətinin başa çatmasından üç ildən artıq vaxt keçmişdir. Lakin bu müddət ərzində tələbkar borcu tələb etməmişdir. Birinci instansiya məhkəməsinin keçirilməsindən cavabdehin məlumatı olmamışdır, ona görə, o, öz etirazını məhkəməyə təqdim etmək imkanında olmamışdır. Belə ki, onun Beyləqan rayonu, 1-ci Şahsevən kəndində ünvanı üzrə məhkəmə bildirişləri “Köçüb” qeydi ilə geriməhkəməyə qaytarılmışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında müəyyənləşdirilmiş hüquqi mövqeyinə görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı tərəf iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal göstərməmiş, yaxud bu barədə hər hansı sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu iddiaçının özünə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(020)-1743/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 900 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar