Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-84/2024 29.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(020)-515/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumuna görə 70 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhər sakinləri Cavabdeh2 və onun oğlu Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ağır xəstələri olduğu üçün borc pula ehtiyacı olduqlarından ondan 5000 manat məbləğində borc pul alaraq 20 gün müdətində, yəni 13 noyabr 2021-ci il tarixdə geri qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Həmin öhdəliklə bağlı öz aralarında razılığa gəldiklərindən Əbülfət tərəfindən qəbz tərtib olunmuş və hər ikisi – ata və oğul öz imzaları ilə həmin borc müqaviləsini təsdiq etmişlər. Hətta cavabdehlər qəbzdə əgər borclarını vaxtında qaytarmasalar, məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşdür. Cavabdehlər ondan aldıqları borc pulu tez bir zamanda geri qaytaracaqlarına dair dəfələrlə söz versələr də, müxtəlif bəhanələr gətirərək borclarını geri qaytarmamışlar. Hazırda borclarını ödəməkdən boyun qaçırırlar. Mülki işə sadələşdirilmiş icraat qaydasında baxılaraq Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-515/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 70 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, işdə olan qəbz kiril əlifbası ilə yazılmışdır, halbuki o həmin əlifba ilə yaza bilmir. O iddiaçının heç vaxt görməyib və onu tanımır. Pulun nə vaxt və harada verilməsindən heç bir məlumatı yoxdur. Birinci instansiyada məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İşin halları hərtərfli araşdırılmamış, məhkəməxətşünaslıq ekspertizası keçirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2023-cü il tarixli 2(106)-1107/2023 saylı qərardadı ilə apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh1 məhkəmədə verdiyi izahatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli 4/749 saylı rəyi ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətini müdaifə edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(020)-515/2023 saylı qətnaməsi – “Cavabdeh1 da 5000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 70 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ağır xəstə olduqları üçün borc pula ehtiyacları olduqlarından 20 gün müddətinə qaytarmaq şərti ilə 5000 manat məbləğində pul vəsaiti götürmüşlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli 2(106)-1107/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli rəyinə görə iş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli borc müqaviləsindəki (səhifə 9) imza Cavabdeh1 tərəfindən, qəbzin əlyazma mətni isə Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 2(106)-1107/2023 saylı iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli 4/749 saylı rəyinə görə iş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli borc qəbzindəki yazılar və 2 ədəd “Ибишов Елвин” yazılarının qarşısındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisəli məqam 23 oktyabr 2021-ci il tarixli borc qəbzindəki “Ибишов Елвин” yazılarının qarşısındakı imzaların Cavabdeh1 tərəfindən icra olunub-olunmaması məsələsidir. Məhkəmə kollegiyası apellyatorun xahişi ilə iş üzrə iki dəfə ekspertiza keçirmiş və hər iki ekspert rəyində 23 oktyabr 2021-ci il tarixli borc qəbzindəki yazıların Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, sonuncu və daha çox imza nümunələri (sərbəst və eksperimental) əsasında aparılmış ekspertiza ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli 4/749 saylı rəyi ilə) 23 oktyabr 2021-ci il tarixli borc qəbzindəki yazıların və 2 ədəd “Ибишов Елвин” yazılarının qarşısındakı imzanın Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətini, ekspert rəyini və işin digər materiallarını nəzərə alaraq iş üzrə qənaəti belədir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc mübahisəsinin yaranmasını sübuta yetirən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Həmçinin Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - “Cavabdeh1 5000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(020)- 515/2023 saylı qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmiş və buna görə də, qətnamə yalnız ona aid hissədə yoxlanılmışdır. Ancaq iş üzrə digər Cavabdeh2 adıçəkilən qətnamədən apellyasiya şikayəti verməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 4/1489 saylı ekspert rəyinə görə 127 manat və 13 iyun 2024-cü il tarixli 4/749 saylı ekspert rəyinə görə 127 manat, cəmi 254 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(020)-515/2023 saylı qətnaməsi qismən - “Cavabdeh1 5000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 4/1489 saylı ekspert rəyinə görə 127 (yüz iyirmi yeddi) manat və 13 iyun 2024-cü il tarixli 4/749 saylı ekspert rəyinə görə 127 (yüz iyirmi yeddi) manat, cəmi 254 (iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-84/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-84/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver