Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-841/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(064)-1067/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Füzuli rayonu, Qarabağ kəndində yerləşməklə ona məxsus bir ədəd 50 tonluq çənin tərəfindən götürülməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun rəhbərliyi altında Füzuli rayonunda “Birlik” kəndli fermer təsərrüfatı yaradılarkən əmlak bölgüsü kimi digər materiallarla bərabər “Qarabağ" kolxozunun bazasında olmuş bir ədəd 50 tonluq çən ona verilmişdir. 1996-cı ildə Füzuli rayonu, Qarabağ kəndində ona məxsus bir ədəd 50 tonluq çən kənd əhalisinin su təminatına köməklik məqsədilə 10 il müddətinə 1996-cı ilin sentyabr ayından 2006-cı ilin sentyabr ayınadək müvəqqəti olaraq onların istifadəsinə verilmişdir. 2006-cı ildə kənd əhalisinin həmin çənə ehtiyacını nəzərə alaraq çəni götürməmişdir. Hazırda həmin çən köhnəldiyi üçün yenisi ilə əvəz olunmuş, ona məxsus mübahisəli çən isə istifadəsiz olaraq kənarda qalmışdır. Qeyd olunan çənini geri götürmək istədikdə, cavabdeh təşkilatın nümayəndələri ona maneə yaradaraq buna imkan verməmişlər. Bundan əlavə cavabdeh təşkilatın yerli nümayəndələri tərəfindən 14 sentyabr 2021-ci il tarixdə saxta akt tərtib edilərək guya həmin çənin Füzuli Sukanal İdarəsinə təhvil verildiyini göstərmişlər. Hansıki, həmin çən ona məxsus olmuş və onu heç kəsə və ya idarəyə satmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(064)-1067/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Füzuli rayonu, Qarabağ kəndində yerləşən bir ədəd 50 tonluq çənin İddiaçı tərəfindən götürülməsi ilə bağlı Cavabdeh ASC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı başçısı olduğu “Birlik” kəndli fermer təsərrüfatı yaradılarkən əmlak bölgüsü kimi digər materiallarla yanaşı “Qarabağ" kolxozunun bazasında olmuş bir ədəd 50 tonluq çən də təsərrüfata verilmişdir. 1996-cı ildə Füzuli rayonu, Qarabağ kəndində həmin çən kənd əhalisinin su təminatına köməklik məqsədilə 10 il müddətinə 1996-cı ilin sentyabr ayından 2006-cı ilin sentyabr ayınadək müvəqqəti olaraq əhalinin istifadəsinə verilmişdir. Sonradan qeyd olunan 50 tonluq çənə ehtiyacın olmaması səbəbindən iddiaçı onu götürmək istəsə də, cavabdeh təşkilatın nümayəndələri mane yaradaraq buna imkan verməmişlər. Cavabdeh ASC-nin 5 saylı Regional Sukanal İdarəsi İddiaçı müraciət edərək hazırda həmin çənin X9 balansında olduğunu bildirsədə, bu barədə hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın nümayəndələrinin maneçilik törətməsi idiaçının onun sahibliyində olmuş əmlaka, yəni çənə dair sahiblik hüquqlarını məhdudlaşdırır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur. “Azərsu" ASC-in İdarəetmə Aparatı tərəfindən 01 yanvar 2023-cü il tarixinə Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına əsasən məhkəmə mübahisəsinin predmeti olan 50 tonluq çənin cəmiyyətin balansında olması öz əksini tapmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, İddiaçı iddiası ilə bağlı 15 oktyabr 2021-ci il tarixdə 5№-li Regional Sukanal İdarəsinin rəhbərliyi və kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən 14 sentyabr 2021-ci il tarixdə Füzuli rayonunun Qarabağ kəndinin sakinləri ilə görüşülmüş və məsələ ilə bağlı söhbətlər aparılmışdır. Aparılmış söhbətlərin yekununda vətəndaşın iddiasının tam olaraq əssasız olması məlum olmuşdur. Belə ki, tərtib edilmiş aktda mübahisə predmeti olan 50 tonluq su çənin 1995-ci ildə əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə sakinlərin "X5" kimi qeyd etdikləri xeyriyyə təşkilatı İddiaçı vasitəçiliyi ilə Qarabağ kənd sakini Abbasov Əbdüldən müəyyən məbləğə alaraq, kəndi içməli su ilə təmin edən subartezian quyusunun yanında quraşdırmışdır. Daha sonra həmin çən X9 balansına qəbul olunmuşdur. Qeyd üçün bildiririk ki, akta əsasən həmin çən iddiaçı tərəfindən Xeyriyyə təşkilatına satılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçının mülahizələrinə istinad edərək, əsassız qətnamə çıxarmışdır. Bununlada məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdil. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdil. Əlavə olaraq bildirdi ki, cavabdehin apellyasiya şikayətində adı çəkilən Abbasov Əbdül onun işçisi olmuşdur və həmin çənin ona heç-bir aidiyyəti olmamışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqdaqəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş: B №000402 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktının surətindən görünür ki, İddiaçı başçısı olduğu “Birlik” kəndli (fermer) təsərrüfatına Füzuli rayon XDS RH-nin 30 noyabr 1994-cü il tarixli 11 saylı qərarına əsasən keçmiş “Qarabağ” kolxozunun ərazisindən cizgidə göstərilən 212 hektar kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və emalı üçün torpaq sahəsi istifadəyə verilmişdir. 12 noyabr 1994-cü il tarixində tərtib edilmiş aktın surətindən görünür ki, “Qarabağ” kolxozunun bazasında rentabelliyin aşağı olması və aqrar islahatlarla əlaqədar həmin kolxozun bazasında yeni yaradılan “Birlik” kəndli (fermer) təsərrüfatının başçısı İddiaçı əmlak bölgüsü kimi qeyd edilən əsas vəsaitlər, torpaq sahələri, həmçinin 1 ədəd yanacaq çəni (50 tonluq) və digər mal-material komissyanın iştirakı ilə sayılıb, ölçülüb təsərrüfatın başçısına verilmişdir. 15 avqust 1996-cı il tarixli aktın surətindən görünür ki, “Birlik” kəndli (fermer) təsərrüfatına məxsus 50 tonluq çən on il müddətinə 1996-cı ilin sentyabrından 2006-cı ilə kimi müvəqqəti camaata xidmət etmək üçün əraziyə qoyulması və sonra fermerin balansına qaytarılması qeyd edilmişdir. Cavabdeh ASC-nin 5 saylı Regional Sukanal İdarəsi tərəfindən “Birlik” fermer təsərrüfatının başçısı İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, 50 tonluq su çəni əhalinin su təchizatının yaxlılaşdırılması məqsədilə sakinlərin “X5” kimi qeyd etdikləri xeyriyyə təşkilatı İddiaçı vasitəçiliyi ilə Qarabağ kənd sakini Abbasov Əbdüldən alıb kəndi içməli su ilə təmin edən subartezian quyusunun yanında quraşdırıb. Sakinlərin dediyinə görə İddiaçı həmin çəni Abbasov Əbdüldən 200 ABŞ dollarına alıb, 400 ABŞ dollarına xeyriyyə təşkilatına satıb. Hazırda həmin çən X9 balansındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və iddiaçının müraciətinə verdiyi cavab məktubunun məzmunundan müəyyən olunur ki, mübahisəli çənin əvvəldən onlara heç-bir aidiyyətinin olmadığı təsdiq edilmiş, çənin müəssisənin balansına salınmasını əsasını isə bir qisim kənd sakinləri tərəfindən tərtib olunaraq təsdiq edilmiş 14 sentyabr 2021-ci il tarixli akt təşkil etmişdir. Halbuki mübahisəli çən əvvəllər ərazidə fəaliyyət göstərmiş "Qarabağ" kolxozunun balansında olmuş və aparılan aqrar islahatlarla əlaqədar kolxozun bazasında yeni yaradılan "Birlik" kəndli fermer təsərrüfatının başçısı İddiaçı 12 noyabr 1994-cü il tarixli akt əsasında əmlak bölgüsü kimi torpaq sahələri və digər mal-materiallarla birlikdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X10 təsisatının balansında olan daşınmaz dövlət əmlakının 01 yanvar 2023-cü il tarixinə olan siyahısına əsasən su çəninin balans dəyəri 2022 manat, qalıq dəyəri 596.75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(064)-1067/2022 saylı qətnaməsi "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-841/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-841/2023
24.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver