Məhkəmə qərarları › İş №2(106)-842/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-842/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-842/2023 17.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçıASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2703,92 ABŞ dolları əsas borc, 302,18 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3036,1 ABŞ dolları milli manat ekvivalentində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2703,92 ABŞ dolları əsas borc, 921,58 ABŞ dolları faiz borcu və 325,56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3951,06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (əvvəlki "xxxx" ASC) və Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclu illik 26 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Digər cavabdeh zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kreditor qarşısında həmin müqavilədən irəli gələn öhdəliyi öz üzərinə götürmüşdür. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində kreditora zərər vurulmuş, bu isə onun kreditor qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Cavabdeh1 Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)- 2280/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həmin borc müqaviləsi üzrə xeyli miqdarda ödənişlər etmiş, həmçinin faiz və əsas borc düzgün hesablanmamışdır. Bununla bərabər Füzuli Rayon Məhkəməsi iddianın ona münasibətdə təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmiş, hərtərəfli araşdırma aparmamış və işə birtərəfli yanaşmışdır. İddiaçıASC-nin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən və Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 23-M-1-0-902-14 saylı xx.xx.2014-cü il tarixli baş kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 3800 ABŞ dolları məbləğində illik faiz dərəcəsi 26 faizlə 24 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 23-M-1-0-902-14 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin 07 dekabr 2015-ci il tarixinə kimi banka 2703.92 ABŞ dolları əsas borc, 921.58 ABŞ dolları faiz borcu, 325 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3951 manat borcu yaranmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsinin qanuniliyinin Cavabdeh1 apellyasiya şikaətinin dəlilləri üzrə yoxlanılmasını zəruri hesab edir. İş materiallarında olan 23-M-1-0-902-14 saylı xx.xx.2014-cü il tarixli baş kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Şəfi oğlunun öhdəlikləri üçün Cavabdeh2 bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. M-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, ozaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh1 Şəfi oğlu, digər tərəfdən "xxxx" ASC olmaqla xx.xx.2014-cü il tarixli kredit və zaminlik razılaşmasına əsasən Cavabdeh1 Şəfi oğluna 24 ay müddətinə aylıq 26 faiz olmaqla 3800 ABŞ dolları məbləğində kredit verilmiş, kredit və zaminlik müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh1 kredit razılaşmasına əsasən "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (yəni, vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və o, vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdeh1 apellyasiya şikayətindən görünür ki, kredit müqaviləsi üzrə xeyli miqdarda ödənişlər etməsinə baxmayaraq, faiz və əsas borc düzgün hesablanmaması cavabdehin etirazına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili nəzərə alınmaqla Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2(106)-842/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli 9/5716 saylı ekspert rəyində Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21 noyabr 2014-cü il tarixli 23-M-1-0-902-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 21 noyabr 2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 3488,67 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən 21 noyabr 2016-cı il tarixə əsas borc üzrə 2777.86 ABŞ dolları, faiz borcu üzrə 710.80 ABŞ dolları təşkil etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozması barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır və buna görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Cavabdeh1 Şəfi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Şəfi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(064)-2280/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar