Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-844/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Kreditor ASC-nin cavabdehlər Borclu3, Borclu1 və Borclu2 qarşı borc tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)- 6981/2016 saylı qətnaməsindən cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Kreditor ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu3, Borclu1 və Borclu2 11601,95 ABŞ dolları məbləğində əsas kredit borcu, 1425,81 ABŞ dolları faiz borcu, 1169,20 ABŞ dolları penya borcu, cəmi 14187,96 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Kreditor ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Borclu3, Borclu1 və Borclu2 müştərək qaydada əsas, faiz və cərimə borcu olmaqla ümumilikdə 14187,96 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Kreditor ASC-nin xeyrinə ödənilməsi, əlavə olaraq Borclu3, Borclu1 və Borclu2 müştərək qaydada 10 manat dövlər rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Borclu3 tərəfindən apellyasiya şikayəti verilmişdir. İmişli Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(036)-6981/2016 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsindən cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İlk olaraq, məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh Borclu3 birinci instansiya məhkəməsinin qətnaməsinin təqdim olunması (alınması) barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Lakin hazırki işin vəziyyəti apellyasiya şikayətinin verilməsi müddətləri həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan məktubdan (səhifə 54) müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)- 6981/2016 saylı qətnaməsi cavabdeh Borclu3 ünvanına, yəni İmişli şəhəri Ağamalıoğlu küçəsi ev 20-yə göndərilmişdir. Lakin iş materiallarında cavabdeh Borclu3 tərəfindən həmin qətnamənin təhvil alınıb-alınmaması ilə bağlı hər hansı bir sənədə (qəbz, xəbərnamə vəs.) rast gəlinmir. Birinci instansiya məhkəməsi tərəfindən işin bu halı araşdırılmamış, İmişli rayon İcra və Probasiya şöbəsinə bununla bağlı müvafiq sorğu göndərilməmişdir. Həmçinin, sözügedən qətnamənin apellyasiya şikayətində qeyd edildiyi kimi xx.xx.2025-ci il tarixdə cavabdeh Borclu3 təhvil verilməsinə dair iş materiallarında hər hansı bir sənədə də rast gəlinmir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsinin cavabdehə təqdim olunub-olunmaması məsələsi aydınlaşdırılmalı idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən işin bu vacib halı ilə bağlı heç bir şəkildə araşdırma aparılmamış, iş birbaşa apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, İmişli Rayon Məhkəməsinin qətnaməsi 2016-cı ildə çıxarılmış və qanuni qüvvəyə minmişdir. Apellyasiya şikayətinin bu qədər uzun müddət sonra, təqribən 9 il keçdikdən sonra verilməsi və birinci instansiya məhkəməsi tərəfindən heç bir hüquqi araşdırma aparılmadan mümkün sayılması ciddi prosessual və hüquqi pozuntulara səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu müddət pozulduqda isə yalnız əsaslı səbəblər olduğu halda bərpa oluna bilər. Hazırki işdə isə cavabdeh 2016-cı ildə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnaməyə qarşı yalnız 2025-ci ildə, yəni 9 il sonra şikayət vermişdir. Bu hal, apellyasiya şikayətinin hüquqi baxımdan artıq müddət keçmiş və nəticə etibarilə qəbuledilməz olduğunu göstərir. Apellyasiya şikayəti müddət bitdikdən sonra verilmişdirsə, məhkəmə ilk növbədə: apellyatorun müddətin buraxılması səbəblərini göstərib-göstərmədiyini, bu səbəblərin əsaslı olub-olmadığını, apellyatorun qətnamə ilə nə vaxt və necə tanış olduğunu, qətnamənin tərəfə çatdırılıb-çatdırılmadığı, icra sənədlərinin tərtib olunub-olunmadığı və icraya yönəldilib-yönəldilmədiyi araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halların heç birini araşdırmamış, cavabdehin sadəcə bir dəlili: ”qətnamədən xəbərim olmamışdır” əsasında apellyasiya şikayətini mümkün hesab etmişdir. Qətanamənin tərəfə rəsmi qaydada çatdırılıb-çatdırılmaması apellyasiya şikayəti vermə müddətinin müəyyən edilməsi baxmından həlledici əhəmiyyətə malikdir. Mülki Prosessual hüququn əsas prinsiplərindən biri olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və dəyişdirilməzliyi prinsipi, məhkəmə qərarlarının hüquqi dövriyyədə və ictimai münasibətlərdə sabitlik yaratması üçün vacibdir. İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsindən cavabdeh Borclu3 tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni mübahisəli qətnamədən 9 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə cavabdeh şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 2 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Qanuni qüvvəsini almış məhkəmə aktına uzun illər keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozmuş olur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi qərarda İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Məhkəmə tərkibi hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə apellyasiya qeyrimümkün hesab edilməklə İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsindən Cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrааldı: İmişli Rayon Məhkəməsinin 14 noyabr 2016-ci il tarixli, 2(036)-6981/2016 saylı qətnaməsindən cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilsin. Mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün İmişli Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-844/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-844/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver