Məhkəmə qərarları › İş №2(106)-845/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-845/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-845/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Kürdəmir Rayon Məhkəməsinin 2(041)-62/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarında olan Kürdəmir rayon İcra hakimiyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, Kürdəmir rayon Yenikənd kənd sakini 851 saylı aptekin müdiri X2 851 saylı aptekin satış köşkünün tikintisinə icazə istəməsi barədə xx.xx.1998-ci il tarixli ərizəsi nəzərə alınmış, rayonun 851 saylı aptekinin 4x3 m ölçüdə satış köşkünün Babək küçəsində tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1326/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafiə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq aptekin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafiə zonasının bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş bir mərtəbəli baytarlıq apteki cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə icra vərəqəsi verilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1326/2021 saylı icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)- 2186/2023 nömrəli qərardadından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ləğv olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 6/2024cü il saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli JQ 280741 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.1989-cu il tarixdə 47 nömrə ilə Kürdəmir rayon Yenikənd kənd sovetliyində nikah haqqında qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli AZ-İ 530357 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayonunun Atakişili kənd sakini X5 xx.xx.2012-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Kürdəmir şəhəri, Babək prospektində yerləşən sahibkarlıq obyektinin qeyri-qanuni sökülməsi nəticəsində 20 min manat məbləğində maddi ziyan, ödənilməyən 1400 manat məbləğində icarə haqqı və 1200 manat məbləğində əldən çıxmış gəlir üzrə kompensasiya, ödədiyi 158 manat dövlət rüsumu, mediasiya prosesinə 50 manat məbləğində ödədiyi pulun 25 manatı və sənədlərin hazırlanmasına 60 manat pulun, cəmi 22840 manat pulun Kürdəmir rayonunun Sığırlı kənd sakini Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Azəriqaz” İstehsalat Birliyi cavabdeh qismində ona qarşı "qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikintinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 2(041)- 2186/2023 saylı iş üzrə və ona məlumat verilmədən, iştirakı olmadan xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən "Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq apteki cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonası bərpa edilməsi qət edilmişdir. Həmin ünvanda yerləşən aptek Cavabdeh məxsus deyil. Bu aptek onun həyat yoldaşına Kürdəmir RİHB-nın 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə, Kürdəmir şəhəri, Babək küçəsində 4 x 3 = 12 m³ ölçüdə aptek tikintisinə icazə verilmiş və tərtib olunmuş layihə əsasında aptek binası tikilmişdir. Həmin aptek binası icarə qaydasında Cavabdeh icarəsinə verilmişdir. 13 dekabr 2023-cü il tarixdə, günün ikinci yarısında mülkiyyətində olan sözügedən obyekt icra məmuru Ruslan Əsgərovun iştirakı ilə sökülmüşdür. Bu xəbər onlara 14 dekabr 2023-cü il tarixdə daxil olmuş və bundan sonra onlar icra məmuru Ruslan Əsgərovun yanında olmuş və burada yuxarıda adı çəkilən qiyabi qətnamə ilə tanış olmuşlar. Həmin qətnamə haqqında onların məlumatları olmamışdır. Odur ki, xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı Məhkəmənin qiyabi qətnaməsindən onlara rəsmi qaydada təqdim olunmasını xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəmədən xahiş etmişdir. Bundan sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ona təqdim olunmuş və ərizəsi əsasında Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmənin məlum qiyabi qətnaməsi ləğv olunmuş, məlum iddia 2(041)-2186/2023 saylı iş üzrə məhkəmə baxışına alınmış və xx.xx.2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. İddia ərizəsinin mətni ilə tanış olduqdan sonra həmin iddia tələbinə etirazını bildirmiş və iddia ərizəsinin əsassız olduğuna görə onun təmin olunmamasını və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəməyə bildirmişdir ki, sözügedən sahibkarlıq obyekti Kürdəmir RİHB-nın 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə rəsmiləşdirilmiş və obyekt layihə üzrə 1999-cu ildə tikilib, istifadəyə verilmişdir. Bu zaman iddiaçının bu ərazidə mübahisələndirilən qaz xətti mövcud olmamışdır. 2010-2011-ci illərdə prezidentin ayırdığı vəsait hesabına şəhər mərkəzində aparılan yenidənqurma və abadlıq işləri zamanı Babək küçəsi eninə genişləndirilmiş və sözügedən qaz xətti yol kənarında yerləşən obyektlərə 5-6 metr yaxınlaşdırılaraq yeraltına basdırılmışdır. Bütün bu işlər iddiaçı olan "Azəriqaz” İstehsalat Birliyinin razılığı və layihəsi əsasında icra edilmişdir. Göründüyü kimi mübahisələndirilən qaz xətti sahibkarlıq obyektinın tikildiyi ildən 12 il sonra çəkilmişdir. İddia ərizəsində adları çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli və 20 iyul 2000-ci il tarixli fərmanları ilə təsdiq olunmuş qaydalar, Mülki Məcəllənin 180-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsi iddiaçı tərəfindən təhrif olunmuş, izahı səhv şərh edilmiş və tətbiqində qeyri- obyektiv mövqe nümayiş etdirilmişdir. Bütün bunları nəzərə alan Kürdəmir Rayon Məhkəməsi, hakim Müseyib Bayramov xx.xx.2024-cu il tarixli, 2(041)-6/2024 saylı qətnaməsi ilə iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin ona qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikintinin onun vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Şərhdən aydın olur ki, mülkiyyətində olan sözügedən obyekt mülkiyyət sahibi müəyyən edilmədən, obyekti icarəyə götürmüş Kürdəmir rayonunun Sığırlı kənd sakini, icarəçi X3 "Azəriqaz” X6 X8 İdarəsinin tərtib etdiyi 27 may 2019-cu il tarixli aktı və akta əlavə edilmiş sxem əsasında mülkiyyətçi kimi cavabdeh qismində qəbul edərək, Kürdəmir Rayon Məhkəməsi 27.08 2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçı "Azəriqaz” İB-nin iddia tələbi təmin edilmiş və obyektin sökülməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun rəhbərliyi ilə özünü mülkiyyətçisi kimi təqdim etmiş icarəçi Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixli akt əsasında həmin obyekt sökülmüşdür. Bu zaman icra məmuru Ruslan Əsgərov da mülkiyyətçini müəyyən etmədən məlum məhkəmə qərarını icra etmişdir. Həmçinin icarəçi Cavabdeh obyektin sahibi kimi özünü həm məhkəmə prosesində, həm də məlum məhkəmə qətnaməsinin icra olunmasında təqdim etməsinin səbəbi onun arasındakı müqaviləyə əsasən son 7 ayda icarə haqqının verməməsi və bununla əlaqədar aralarında yaranmış mübahisə olmuşdur. Bu zaman Cavabdeh onlara bəyan etmişdir ki, icarəyə götürdüyü obyekti sökdürəcəkdir. Obyektin sökülməsi gününə kimi yuxarıda qeyd olunan proses haqqında məlumatları olmadığından istifadə edərək, Cavabdeh öz çirkin və qanunsuz əməlinə nail olmuşdur. Obyektin tamamilə sökülməsi zamanı ona 20 min manat məbləğində maddi ziyan vurulmuş və bu ziyan birbaşa Cavabdeh qanunsuz istəyi əsasında icra olunduğundan, həmin ziyan onun tərəfindən ödənilməlidir. Həmçinin onun tərəfindən obyekt sökülən günə kimi hər ay icarə haqqı 200 manat olmaqla, 7 ay üçün ödəmədiyi 1400 manat icarə haqqı və son 6 ayda obyekt qanunsuz söküldüyünə və bərpa dövrünə görə 1200 manat məbləğində gəliri əldən çıxmış, həmin məbləğ də kompensasiya şəklində Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan sonra iddianın məhkəmədən kənar həlli ilə əlaqədar mediasiya şurasına müraciət etmiş, cavabdehlə mediasiya prosesində razılaşma olunmadığına görə, Sabirabad 1 saylı Mediasiya təşkilatının İMS-dan sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış ona təqdim olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, sözügedən bina qanunsuz tikintidir və onun İddiaçı aid olmasını təsdiq edən heç bir hüquqi sənəd yoxdur. İddiaçı təqdim etdiyi Kürdəmir rayon İcra hakimiyyəti başçısının 1998-ci il tarixli, 257 saylı sərancamının surəti notariat qaydasında təsdiq olunmadığı üçün etibarsız və hüquqi sənəd sayılmır. Sözügedən qanunsuz tikinti Kürdəmir Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin iştirakı ilə qanuna uyğun olaraq sökülmüşdür. Kürdəmir rayon İcra hakimiyyəti başçısının 1998-ci il tarixli 257 nömrəli sərəncamı 3m x 4m ölçüdə köşk qoymaq məqsədilə torpaq sahəsi üçün verilib, lakin sözü gedən qanunsuz tikinti isə 8m x 5m ölçüdə mişar daşından tikilmiş binadır. Deməli 257 saylı sərəncam sözügedən tikintiyə aid deyil. Həmçinin həmin apteki "Azəriqaz” İB-nin iddia ərizəsi ilə məhkəmənin qətnaməsi ilə sökülmüşdür, onun sökülməsində onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həm də o, iddiaçını heç zaman tanımamış, aralarında olan razılığa əsasən Əlibayram Məmmədov adlı şəxsə o, hər ay icarə haqqı vermişdir, onun ödənilməyən heç bir borcu qalmamışdır. İddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim Rahid Mehdiyev) 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 21.2, 1096-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 220.5, 117, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, mülkiyyətində olan aptek binasının qanunsuz sökülməsində birbaşa məsuliyyət daşıyan “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh qismində məhkəməyə cəlb olunması barədə Məhkəmə baxışında şifahi irəli sürdüyü vəsatətə, hakim qəbul etdiyi qətnamədə heç bir münasibət bildirməmiş və onu cavabdeh qismində məhkəmə baxışına cəlb etmədən, məlum qanunsuz qətnaməni qəbul etmişdir. Mülkiyyətində olan aptek binasının sökülməsi nəticəsində ona dəymiş 20.000 (iyirmi min) manat ziyanın təmin olunmamasını hakim həmin Aptekin sökülməsində təqsiri tədqiq edilmiş sübutlara öz təsdiqini tapmaması ilə əlaqələndirmişdir. Halbuki, işdə Aptek binasının sökülməsində birbaşa təqsiri olan şəxslərin, Cavabdeh və “Azəriqaz” İB-nin olması barədə dəlil və sübutlar, həmçinin Kürdəmir rayon Məhkəməsinin bundan əvvəlki məhkəmə qətnaməsi vardır. Həmçinin onun iddia tələbinin son altı ayda obyektin qanunsuz sökülməsi və bərpa dövrü arasındakı zaman üzrə 1200 manat məbləğində əldən çıxmış kompensasiya verilməsi və 1400 manat ödənilməyən icarə haqqı ödənilməsi hissəsində təmin olunmaması da, hakim cavabdehin təqsiri öz təsdiqini tapmaması ilə əlaqələndirmişdir. Halbuki, işdə hər iki tələbin təmin olunmasına dair dəlil və sübutlara dair sənədlər vardır. Həmçinin bu qanunsuz qətnamənin qəbul edilməsi sahəsində məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 21 və 1096-cı maddələri isə təhrif olunmuş və izahı səhv verilmişdir. Halbuki, həmin maddələr üzrə onun iddiası təmin olunmalı idi. Digər tərəfdən hakim sökülmüş aptek binasının yenidən bərpa olunması sahəsində xərc çəkmiş olduğu məbləğin ekspertizasını keçirməmiş və mütəxəssis rəyi almamışdır. Sözügedən obyekt vəsaiti hesabına yenidən bərpa edilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, obyektə mülkiyyət hüququna dair Çıxarışın alınması barədə Azərbaycan Respublikası FHN-nə müraciət edilmiş, obyektin memarlıq plan layihəsi hazırlanaraq, təqdim olunmuş və sənədlərin hazırlanmasına FHN-i ilə müqavilə bağlanaraq təqdim olunmuş ödəniş tapşırığı əsasında onlara 591 manat pul ödənişi tərəfindən həyata keçirilmişdir. Hazırda obyektə Çıxarışın verilməsi üzrə rəylərin əldə olunması prosesi davam edir. Yuxarıda qeyd olunan halları, dəlil və sübutları obyektiv qiymətləndirməyən Kürdəmir rayon Məhkəməsi ilkin instansiya üzrə sözügedən ədalətsiz qətnaməni qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, etirazında göstəmişdir ki, İddiaçı iddiası aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Sözügedən qanunsuz tikinti Azəriqaz İB-nin iddiası əsasında Kürdəmir rayon Məhkəməsinin 2(041)-2186/2021 saylı və xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən sökülmüşdür. İddiaçı sökülmüş obyektə dair heç bir mülkiyyət hüququ yoxdur.Onun təqdim etdiyi 257 saylı xx.xx.1998-ci il tarixli sərəncamın sürəti notarius tərəfindən təsdiq olunmamışdır. İddiaçının təqdim etdiyi 257 saylı sərəncam 2012-ci ildə ölmüş Mürsəlov Mahir"ə 3*5m ölçüdə torpaq sahəsinə köşk qoymaq üçün verilmişdir, amma iddiaçının qeyd etdiyi obyekt işə 8*5 m ölçüdə mişar daşından tikilmiş binadır. Deməli, həmin sərəncam sökülmüş binaya aid deyil. 257 saylı sərəncamda adı çəkilən X4 Naziləyə vərəsəlik şəhadətnaməsi yoxdur, yəni İddiaçı heç bir mülkiyyət hüququ yoxdur və iddiası da qanunsuzdur. Odur ki, etirazının məqbul sayılmasını xahiş etmişdir. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı Əlihüsüyn qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş edir. Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, o, hər ay 200 manat icarə pulu ödəmiş, heç bir borcu qalmamışdır. Obyektə görə icarə pulunu Əlibayram Məmmədov adlı şəxsə vermiş, ona olan icarə haqqını da tam ödəmişdir. İddiaçı Əlihüsüyn qızını heç vaxt tanımamışdır, ona hər hansı ödənniş etməmişdir. Obyektin sökülməsi üçün o, icra və probosiya şöbəsinə çağırılmış, obyektin onun hesabına sökülməli olduğunu bildirmişlər. Apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 62/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-62/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Delikt öhdəlik münasibətləri zərər vurmaq nəticəsində əmələ gəlir. Zərərin əvəzinin ödənilməsi mülki hüququn əsas prinsiplərindən biridir və bu, hüquq pozuntularının nəticələrinin aradan qaldırılması və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün nəzərdə tutulur. Mülki hüquqda zərərin ödənilməsi üçün üç əsas ünsür mövcud olmalıdır:

1. Zərərin mövcudluğu-Birinci və əsas şərt zərərin faktiki olaraq mövcud olmasıdır. Zərər əgər real olaraq baş verməyibsə, onun kompensasiyası da tələb edilə bilməz.

2. Hüquqazidd hərəkət və ya hərəkətsizlik-Zərərin yaranmasına səbəb olan hərəkət və ya hərəkətsizlik hüquqazidd olmalıdır. Bu o deməkdir ki, zərər üçün cavabdeh olan şəxs qanunu, müqavilə öhdəliklərini və ya digər hüquqi normaları pozmuş olmalıdır. Məsələn, əmək müqaviləsi əsasında işləyən bir şəxs qanunsuz olaraq işdən çıxarılarsa, bu, hüquqazidd hərəkət sayılır və ya bir şəxs təhlükəli şərait yaratdığı halda bunun qarşısını almaq üçün heç bir tədbir görmürsə, bu, hüquqazidd hərəkətsizlik hesab edilir.

3. Səbəb-nəticə əlaqəsi- Zərərin yaranması ilə hüquqazidd hərəkət arasında birbaşa əlaqə olmalıdır. Başqa sözlə, əgər hüquq pozuntusu baş verməsəydi, zərər də yaranmazdı. Məsələn, tikinti şirkəti təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün binanın uçması nəticəsində insanların əmlakına ziyan dəyirsə, burada səbəb-nəticə əlaqəsi açıq-aşkardır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh tərəfindən Kürdəmir şəhəri, Babək küçəsindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafiə zonasında inşa olunmuş birmərtəbəli baytarlıq aptekin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafiə zonasının bərpa edilməsi qərara alınmışdır. Qətnamə icraya yönəldilmiş və icra hərəkətləri Kürdəmir rayon İcra Probasiya şöbəsinin icra məmuru tərəfindən 13 dekabr 2023-cü il tarixli akt əsasında həyata keçirilmişdir. Sonradan, İddiaçı ərizəsi əsasında Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(041)-2186/2023 saylı qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş, 08 yanvar 2024-cü il tarixli, 2(041)-6/2024 saylı qətnamə ilə “Azəriqaz” İB-nin İddiaçı qarşı iddiası rədd edilmişdir. Bu məhkəmə aktlarından və iş materiallarından aydın olur ki, aptek binasının sökülməsi məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilmişdir. Toplanmış sübutlar Cavabdeh aptek binasının sökülməsində təqsirinin olmadığını, bu əmələ göstəriş vermədiyini, prosesin məhkəmə qətnaməsinin icrası çərçivəsində həyata keçirildiyini təsdiq edir. Başqa sözlə, Cavabdeh əməlində qanunsuzluq və maddi zərərin vurulması üçün tələb olunan hüquqi tərkib əlamətləri (zərərin mövcudluğu, hüquqazidd əməl, səbəb-nəticə əlaqəsi) mövcud deyildir. Bu səbəbdən, iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbi əsassızdır. Şikayətin digər əsası icarə haqqının ödənilməsi tələbi üzrə də cavabdehin təqsiri müəyyən olunmamışdır. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh obyektin istifadəsi ilə bağlı iddiaçını əvvəllər tanımamış, obyektin istifadəsinə dair razılıq cavabdehlə Əlibayram Məmmədov adlı şəxs ilə əldə olunmuş, ödənişlər də həmin şəxsə edilmişdir. İddiaçı tərəf onunla cavabdeh arasında icara münasibətlərinin olması, Kürdəmir şəhəri, Babək prospektində yerləşən aptekdən istifadəyə görə ödənilməyən 1400 manat məbləğində icarə haqqının qalmasına dair 1-ci instansiya məhkəməsində hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında yazılı icarə müqaviləsi bağlanmamış, icarə haqqının məhz cavabdehdən tələb edilməsini əsaslandıran etibarlı sübut iş materiallarında mövcud olmamışdır. Kollegiya onu da qeyd edir ki, iddia tələbinin “1200 manat məbləğində əldən çıxmış gəlir üzrə kompensasiya, ödədiyi 158 manat dövlət rüsumu, mediasiya prosesinə 50 manat məbləğində ödədiyi pulun 25 manatı və sənədlərin hazırlanmasına 60 manat pulun” tutulması hissəsində iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, maddi ziyan, icra haqqı tələbi rədd olunduğundan, qalan hissədə iddia tələbi ondan törəmə tələblərdir, təmin oluna bilməz. İddia tələbi rədd edildiyindən iddiaçının məhkəmə xərci cavabdehdən tutula bilməz, həmin xərc iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən iddiaçıya izah edilir ki, iddiaçının (2(041)- 6/2024 saylı mülki işlə bağlı) AR Mülki Prosessual Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən, ləğv edilmiş məhkəmə qətnaməsi ilə bağlı onun icrada dönüş haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan həmin qətnaməsinin dəyişdirilib ləğv edilməsi üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-62/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-62/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar