Məhkəmə qərarları › İş №2(106)-846/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-846/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-846/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “15 iyul 2022-ci il tarixə kimi istehlak etdiyi 47.50 manat debitor borc, 1533.60 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1617.30 manat pul tələbinə dair” mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 08 fevral 2023cü il tarixli, 2(050)248/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh 15 iyul 2022-ci il tarixə kimi istehlak etdiyi 47.50 manat debitor borc, 1533.60 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1617.30 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********03330 olmaqla fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh mənzilində təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə 15 iyul 2022-ci il tarixə 1533.60 manat və istifadə etdiyi təbii qaza görə 47.50 manat borcu yaranmışdır. Lənkəran RQİİ-nin mütəxəsisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarda olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə araşdırılmaqla rəsmiləşdirilmişdir. Cavbdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn faktlar və hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olnmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən Lənkəran X4 İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində cavabdeh tərəfindən İddiaçı İB-nə xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 1533.60 manat maddi zərər dəymişdir. İddiaçı Lənkəran X4 İdarəsi tərəfindən 1533.60 manat borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərini pozmuşdur. İddiaçı nümayəndəsi X1 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbuıl edərək izahaında bildrmişdir ki, onun debitor borcu olsa da, qazdan qeyri-qanuni istifadə etməmişdir. Videogörüntüdə olan ev ona məxsus olsa da, əlavə qoşulmadan məlumatı yoxdur. Bundan başqa o, ümumiyyətlə kombi sistemindən istifadə etmir və yay aylarında da bu mümkün deyil. Ona görə də iddianın debitor borc hissəsinin təmin olunmasını, ziyan tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(050)248/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Bəhmənov) iddia qismən təmin edilmiş, Cavabdeh 47.50 manat debitor borc, 129,60 manat dəymiş ziyan, 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 230,30 manat pul alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı (bundan sonra - cavabdeh) xx.xx.2022-ci il tarixə kimi istehlak etdiyi 47.50 manat debitor borc, 1533,60 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 35,80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1617,30 manat pul tələbi ilə Masallı Rayon Məhkəməsinə (bundan sonra - 1-ci instansiya məhkəməsi) müraciət etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin **********03330 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı Akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın saatlıq sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 8640 m2 olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri- qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, 1-ci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktı aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. İş materiallarında olan yuxarıda qeyd edilən sübutlara nəzər yetirilərsə, hamısı iddia tələbinin əsaslı olmasını göstərir. Beləliklə 1-ci instansiya məhkəməsi cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salınarsa görünər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın tam təmin edilməsinə əsasdır. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-372.7-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldildikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Hüquqi məsələlər: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı əməkdaşları Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuşdur ki, Cavabdeh aktı imza etməkdən imtina etmişdir. İddiaçı Lənkəran X4 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacdan kənar qeyri-qanuni xətt olduğu üçün qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, X6 maksimal saatlıq qaz sərfi 6.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 15336 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, Masallı rayonu Qəriblər kənd sakini Cavabdeh 1581.10 manat borc yazılmışdır. Videogörüntü olan CD diskinə baxış keçirilən zaman, Cavabdeh məxsus fərdi yaşayış evində qeyri-qanuni qaz xətti çəkilməsi müəyyən olunur. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 35.80 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, Cavabdeh qanunazidd əməlinin olması, tələb olunan maddi ziyanla qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən dəymiş ziyan məbləği real zərərə uyğun olmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən cavabdehin qanunsuz qaz xəttinə qoşulması aşkar olunsa da, hansı əsasla 90 gün ərzində 24 saat maksimal qaz sərf olunması üzrə ziyanın hesablanması, eləcə də cavabdehin kombi istilik sistemindən istifadə etməsi müəyyən deyildir. Bundan başqa cavabdehin etirazına görə o, kombi sistemindən istifadə etmir. Həmçinin nəzərə alınmalıdır ki, aktın tərtib edilməsindən əvvəl iyun, iyul və avqust aylarında həmin istilik sistemindən istifadə etməyə zərurət də yoxdur. İddiaçı tərəf “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də hesablama qaydasını qeyd etsə də, məhkəmə akt üzrə ziyanın real olmasını həqiqətə uyğun hesab etmir və kombi istilik sisteminə görə hesablanmış 14040 kub.m. qaz sərfiyyatı üçün ziyan tələbini əsassız hesab edir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia 47.50 manat debitor borc və 1296 kub.metr itirilmiş qaz sərfiyyatına görə 129.60 manat ziyan həddində əsaslı hesab edilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz hallarına görə Cavabdeh tərəfindən sayğacdankənar təbii qazdan istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə isə İddiaçı İB hesabat müddəti 90 gün ərzində 24 saat maksimal qaz sərf olunması üzrə itirilmiş qazın bərpası üçün hesabat aparmış və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə uyğun olaraq itirilmiş qazın həcmi 14040 m3 hesablanmışdır. Bununla da, vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb edilmişdir. Eyni zamanda, sayğacdankənar istifadə günlərinin 90 gün olubolmaması ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Beləcə, normadan göründüyü kimi abonentə - Cavabdeh verilən təbii qaz sərfiyyatını qeydə alan sayğac qaz paylayıcısı tərəfindən oxunmuş və istehlakçı Cavabdeh verilmiş qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Şəbəkəyə qanunsuz qoşulma hallarının qazın dəyərinin hesablanması zamanı aşkar edilməməsi isə heç də həmin faktın həmin vaxt mövcud olmaması demək deyildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən Lənkəran X4 İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində cavabdeh tərəfindən İddiaçı İB-nə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1533.60 manat maddi zərər dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Kollegiya bununla yanaşı, diqqətə çatdırır ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında Qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün, X6 maksimal saatlıq qaz sərfi 6.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş təbii qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 15336 m3 hesablanmaqla Cavabdeh abonent hesabına daxil edilmişdir. Lakin birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı nəzərə almamışdır. Belə ki, adıçəkilən aktda cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktının aşkar edilməsi təsdiqini tapmışdır. Bundan əlavə, Cavabdeh tərəfindən dəymiş ziyanın həcminin hesablanma qaydasını özündə ehtiva edən “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lər də məhkəmə tərəfindən nəzərə alınmamışdır. MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 1097.1-ci maddəsinin tələbi baxımından cavabdehin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilməlidir ki, “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarın 2.2.5-ci bəndinə görə istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək qaz paylayıcının hüququdur. Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyrimetal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Habelə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)- 248/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tam təmin edilməli, Cavabdeh təbii qazdan sitifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyanın məbləği 1533.60 manat müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)-248/2023 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh dəymiş ziyana görə 1533.60 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar