Məhkəmə qərarları › İş №2(106)-85/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-85/2024

10.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-85/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firmasının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı manelərin aradan qaldırılması, hasarın sökülməsi və ağacların çıxarılması tələbinə dair (mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firması, Salyan Rayon İcra Hakimiyyəti, Salyan Bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi, Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(057)-69/2023 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində reyestr çıxarışına əsasən 0,0745 və 0,01054 ha torpaq sahəsinə gedən lahiyədə göstərilən yolun üzərində Cavabdeh tərəfindən tikilmiş 25 metr uzunluğunda hasarın öz vəsaiti hesabına sökülməsi və gediş-gəliş yolu üzərində əkilmiş ağacların çıxarılması, vəkil xərci olaraq 800 manat və 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Salyan şəhəri Ə.Hüseynzadə küçəsində mülkiyyətində 0,0745 və 0,01054 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə gedən yolu cavabdeh məhdudlaşdırmaqla yol üzərində hasar inşa etdirmiş və yola qəsdən ağac əkdirmişdir. Hər iki torpaq sahəsinə yol Ələt-Astara magistral yolundan nəzərdə tutulmuş və həmin yoldan 2021-ci ilin əvvəlinə kimi istifadə etmişdir. Lakin sonradan cavabdeh onun torpaq sahəsinə gələn yolu tutmaqla təqribən 40 metr uzunluğunda daş hasar çəkdirmiş və həmin yerdə qanunsuz olaraq özbaşına ağac əkmişdir. Bu barədə Muradla telefonda danışmış və sonuncu hasarı çəkdiyini və ağac əkdiyini etiraf etmiş, yolu açmayacağını demişdir. Cavabdehin tutduğu torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gələn yolu qanunsuz zəbt etdiyi üçün öz mülkiyyətindən istifadə edə bilmədiyindən məcburiyyət qarşısında qalaraq digər tərəfdən özünə yol açmışdır. İddianın təmin olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(057)-69/2023 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Salyan şəhəri A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yol üzərində Cavabdeh tərəfindən inşa edilmiş 40 metr uzunluğunda hasar öz vəsaiti hesabına sökülməsi, gediş-gəliş yolu üzərində əkilmiş ağaclar çıxarılaraq başqa yerdə əkilməsi, Cavabdeh vəkilin göstərdiyi yardıma görə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firması apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işdə olan sübutlardan irəli gələn dəlillərə istinadən və mübahisənin həllini tənzimləyən maddi hüquq normaların tələbləri əsasında deyil, nəticə etibarı ilə iddiaçının tələbi mövqeyindən çıxarıldığından və qətnamənin nəticə hissəsinin onun əsaslandırıcı hissəsi ilə uyğun olmadığından əsassız, iş üzrə tərəflər arasında mövcud münasibətə uyğun olmadığından hüquqa zidd hesab edilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan əmlakına gedən yolun üzərində daş hasar çəkilibsə və yaxud mübahisələndirilən daş hasar iddiaçının mülkiyyətində olan əmlaka gedən yolun üzərində çəkilibsə əmlakına gedən yol məhdudlaşdırılmamış deyil, gediş-gəliş yolundan məhrum edilmiş olur. Lakin iddiaçıya məxsus adıçəkilən əmlak ticarət obyekti kimi işlədilir və normal fəaliyyət göstərir. Məhkəmənin gəldiyi qənaət nəticə etibarı ilə obyektə gediş-gəlişin hasarın üstündən aşmaqla mümkün olduğu məntiqsiz olsa da, istər-istəməz ortaya sual çıxır. İddiaçıya məxsus əmlaka gediş-gəliş hardan keçir? Axı iddiaçı iddia edir ki, onun əmlakına giriş-çıxış yolunun üzərində cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmışdır. Nə qədər ki, iddia tələbinin əsası gediş-gəliş yolunun bağlanması idi. Məhkəmə ilk növbədə bu halı aydınlaşdırmalı idi. Lakin yolla bağlı tərəflər arasında münasibətini ümumiyyətlə aydınlaşdırmamışdır. Əslində iddiaçının əmlakına gedən yolun hasar çəkilən və ağac əkilən ərazi ilə heç bir əlaqəsi və ona aid yolun gedişgəlişinə heç bir maneə yoxdur. Hazırda da gediş-gəliş normal qaydada davam edir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının əmlakının qarşısından A.Ağabəyli küçəsi keçir və bu küçə yalnız iddiaçı tərəfindən deyil, küçə boyu onunla bir sırada yerləşən bütün qonşular tərəfindən istifadə olunur. Yəni iddiaçının öz əmlakına gediş-gəlişinə heç bir əngəl mövcud olmamış və hazırda da yoxdur. "xxxx" Firmasına məxsus yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin arxa hissəsində A.Ağabəyli küçəsi arasında, küçəyə paralel təqribən 40 metr uzunluğunda setka hasar olmuşdur. Bir neçə il bundan əvvəl “setka” çəpər daş hasarla əvəz olunmuşdur. Torpaq sahəsinin YDM tərəfindən təcrid olunması 25 ildir bu vəziyyətdədir. İddiaçı tərəfindən ona məxsus adıçəkilən torpaq sahəsinin sonradan əldə etmiş, bir neçə il bundan əvvəl orada tikililər inşa edilmişdir. Əgər mübahisəli hasar onun əmlakının yerləşdiyi A.Ağabəyli küçəsinin üzərində inşa edilmişdirsə, onda neçə keçib orada tikililər inşa etmişdir və hazırda ticarət obyekti kimi fəaliyyətini neçə təmin edir? Faktiki olaraq iddiaçının əmlakının yerləşdiyi torpaq sahəsi ilə YDM-nin torpaq sahəsi və sonuncu tərəfindən inşa edilmiş hasar arasında A.Ağabəyli küçəsi keçir. Əslində iddiaçının tələbi ona aid olan ümumi istifadə edilən küçə ilə bağlı deyil, bunu bəhanə edir, onun tələbi əmlakın qarşısından keçən A.Ağabəyli küçəsindən sonra yerləşən, uzun müddət və hazırda "xxxx" Firmasının istifadəsində olan torpaq sahəsindən 7 metr bələdiyyə, yerdə qalan "xxxx" Firmasına aid torpaq sahələrinin yerləşdiyi ərazidən əlavə yol açılmasıdır. İddiaçının mübahisəsi nə hasar, nə də ağacla bağlıdır. Belə ki, "xxxx" Firmasının direktoru mərhum atası olmuşdur. Bir neçə il bundan əvvəl hazırkı iş üzrə iddiaçı onun yanına gəlib, YDM-nin yanından keçən və setkaya alınmış şor kanalın o biri üzündə qalan torpağın ona verilməsinə atasını razı salmağını xahiş etmişdir. Həmçinin bildirdilər ki, torpağı bələdiyyə ilə özləri danışıb həll edəcəklər, lakin YDM-nin çəpərinin içərisində olduğundan firmanın razılığı olmalıdır. Sözlərindən belə çıxdı ki, yolun o biri üzündə obyekt tikirlər və sahəsini genişləndirmək istəyirlər. O da atası ilə danışacağını bildirdi və onunla danışdı, lakin atası buna razılıq vermədi. Yolun açılması tələb edilən ərazi ona yox, "xxxx" Firmasına aiddir. Mübahisəli hasar "xxxx" Firması tərəfindən çəkilib və onunla heç bir əlaqəsi yoxdur. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək göstərmişdir ki, qanunsuz hasarın çəkildiyi və ağacların əkildiyi yerə dair hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamış və ərazi ümumi istifadədə olan yol olaraq insanların və avto-nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuşdur. Ümumi istifadə olan asfalt örtüklü yolun qanunsuz olaraq hasarlanması və bu qanunsuzluğun pərdələnməsi üçün ağacların əkilməsi Cavabdeh tərəfindən həyata keçirilməsi işdə olan və aşağıda qeyd edəcəkləri bir çox rəsmi sənədlər ilə təsdiqini tapdığından verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. ƏMDK DƏDRX-nin İddiaçı adına vermiş olduğu 31 oktyabr 2019-cu il tarixdə **********0 nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Salyan şəhəri A. Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır. ƏMDK DƏDRX-nin İddiaçı adına vermiş olduğu 19 oktyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışın surətindən görünür ki, Salyan şəhəri A. Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır. Məhkəmədə elan olunaraq araşdırılmış ƏMDK DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 03 noyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yaşayan İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və qanuni istifadəsində olan 0,01954 ha torpaq sahəsinə gediş-gəliş yolu ön hissədən, yəni A.Ağabəyli küçəsi istiqamətindəndir. Kənar şəxs tərəfindən ağaclar əkilməklə və mişar daşından hasar çəkilməklə həmin gediş-gəliş yolu məhdudladırılmışdır. Kənar şəxs tərəfindən çəkilmiş hasar və əkilmiş ağaclar İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və qanuni istifadəsində olan 0,01954 ha torpaq sahəsinə gedən yolun üzərindədir. Hasarın çəkildiyi və ağacların əkildiyi yerə dair hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən həmin yer şor kanalın mühafizə zolağına aiddir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Muğan Regional DYNİ-nin Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E. Hüseynova yazmış olduğu 21 may 2020-ci il tarixli məktubun surətindən görünür ki, Ələt-Astara yolunun 59-cu km-də yerləşən "xxxx" firmasına məxsus yanacaq doldurma məntəqəsinin şimal-qərb hissəsi ilə vətəndaş İddiaçı məxsus torpaq sahəsinin şərq hissəsi ilə sərhədində hasarlama işləri aparılır. Sözü gedən tikinti işləri gələcəkdə Ələt-Astara yolunun 59-cu km-də yerləşən YDM ilə vətəndaş İddiaçı məxsus torpaq sahəsinin sərhədlərində mövcud olan yoldan ixtisaslaşdırılmış yanğınsöndürən avtomobillərinin sərbəst hərəkəti üçün maneələr yaradır. Bu da ərazidə baş verə biləcək yanğınların söndürülməsində çətinliklər yaradacaqdır. Azərbaycan Respublikası “X2” Qanunun 24-cü maddəsinin Azərbaycan Respublikası Tikinti X4 daxil olan AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları”nın tələblərinə ziddir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Muğan Regional DYNİ-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir. Hasarlama və yolun daralması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün İdarə tərəfindən Salyan Rayon İcra Hakimiyyətinə müvafiq məktub ünvanlanmışdır. Salyan Rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 18 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki: ünvan 2 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə Salyan rayonu Arbatan kənd yoluna gedən hisssəsindən alternativ olaraq Ələt-Astara avtomobil yolundan ayrılan yol üzərində Salyan rayon sakini Cavabdeh tərəfindən mişar daşdan hasar inşa edilmişdir. Salyan rayon sakini Cavabdeh tərəfindən qanunsuz inşa etdiyi hasar tikintisi üçün Salyan Rayon İcra hakimiyyətinə rəsmi müraciət etməmişdir. Sözü gedən ərazi ümumi istifadədə olan ərazidir. Salyan Rayon İcra hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2022-ci il tarixli 02 nömrəli məktubunda göstərilmişdir ki: Arxitektura və Şəhərsalma Komitəsinin təsdiq etdiyi baş plana əsasən sözügedən həmin yol Arabatan kəndinə gedən yola alternativ olaraq ümumi istifadədə olan yoldur və yolun üzərində mişar daşdan hasar inşa edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 noyabr 2020-ci il tarixli 12/5183 saylı məktub və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində lahiyələndirilən bir mərtəbəli anbar binasının şəhərsalma əsaslandırılması aparılmış və müəyyən olunmuşdur ki, yanğınsöndürən maşınların və digər nəqliyyat vasitələrin anbar binasına yaxınlaşması Ələt-Astara yolundan mümkündür. ƏMDK DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 06 may 2022-ci il tarixli **********61 saylı məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan A.Ağabəyli küçəsi 1C ünvanda yerləşən 0,0745 ha və A. Ağabəyli küçəsi 1B ünvanda yerləşən 0,01054 ha torpaq sahəsində A.Ağabəyli küçəsi istiqamətindən gedən ümumi istifadədə olan yol məhdudlaşdırılmışdır. ƏMDK DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu 05 noyabr 2021-ci il tarixli məktubu ilə bildirlmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və 0,01054 ha torpaq sahəsinə gediş-gəliş yolu ön hissədən yəni A.Ağabəyli küçəsi istiqamətindəndir. Həmin gediş-gəliş yolu kənar şəxs tərəfindən ağaclar əkilməklə və mişar daşdan hasar çəkilməklə məhdudlaşdırılmışdır. Kənar şəxs tərəfindən çəkilmiş hasar və əkilmiş ağaclar əkilməklə və mişar daşdan hasar çəkilmə İddiaçı mülkiyyətində olan 0,0745 ha torpaq sahəsinə və qanuni istifadəsində olan 0,01054 ha torpaq sahəsinə gedən yolun üzərindədir. Hasarın çəkildiyi və ağacların əkildiyi yerə dair hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən həmin yer şor kanalın mühafizə zolağına aiddir. Sözügedən sahələrə vətəndaşların, avtomobillərin və sair nəqliyyat vasitələrinin gediş-gəliş və giriş-çıxış yolu şəhərin baş planına uyğun müəyyən edilir və bununla bağlı Salyan Rayon İcra hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinə müraciət etməyi məqsədəmüvafiqdir. Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində layihəndirilən bir mərtəbəli anbar binasının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə Razılaşdırılmış Lahiyə uyğun şəhərin baş planından görünür ki, qanunsuz hasar çəkilmiş və ağaclar əkilmiş ərazı ümumi istifadədə olan və Ələt-Astara yoluna çıxan asfalt yoldur. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 32 nömrəli Sərəncamından çıxarışa əsasən Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən İddiaçı məxsus torpaq sahəsində lahiyələndirilən bir mərtəbəli anbar binası qismində olan qeyriyaşayış sahəsinə yanğınsöndürən maşınların və digər nəqliyyat vasitələrinin anbar binasına yaxınlaşması Ələt-Astara yolundan mümkündür. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırlması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalar”ın 4.13-cü bəndində göstərilən ictimai-işgüzar zonasının “çoxfunksiyalı tikinti” göstəricisinə uyğun gəlir. Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən İddiaçı ona məxsus torpaq sahəsində layihələndirilən bir mərtəbəli anbar binasının şəhərsalma əsaslandırması layihəsində yanğınsöndürən maşınların və digər nəqliyyat vasitələrinin anbar binasına yaxınlaşmaq üçün nəzərdə tutulmuş yolun üzərində rayon sakini Cavabdeh tərəfindən ağacların əkilməsi və mişar daşdan hasar inşa edilməsi ilə bağlı ünvanlanmış müraciətə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaaşdırma Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirlməsi qaydaları”na əsasən yerli səviyyədə ərazi planlaşdırması sənədlərinin tələblərinin əməl olunmasını təmin etmək, habelə özbaşına tikililərin qarşısının almaq dövlət şəhərsalma nəzarəti qaydasında yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada bir məsələni yenə də qeyd etmək istəyirəm ki, Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli 18 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli məktublarında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə Salyan rayonu Arbatankənd yoluna gedən hisssəsindən alternativ olaraq Ələt-Astara avtomobil yolundan ayrılan yol üzərində Salyan rayon sakini Cavabdeh tərəfindən mişar daşdan hasar inşa edilmişdir. Salyan rayon sakini Cavabdeh tərəfindən qanunsuz inşa etdiyi hasar tikintisi üçün Salyan Rayon İcra hakimiyyətinə rəsmi müraciət etməmişdir. Sözügedən ərazi ümumi istifadə olan ərazidir. Arxitektura və Şəhərsalma Komitəsinin təsdiq etdiyi baş plana əsasən sözügedən həmin yol Arabatan kəndinə gedən yola alternativ olaraq ümumi istifadədə olan yoldur və yolun üzərində mişar daşdan hasar inşa edilmişdir. Məhkəmə tərəfindən Salyan rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürən şəxs qismində cəlb edilməlidir. Belə ki, bu qanunsuzluğun qarşısının alınması İcra hakimiyyəti orqanın bilavasitə vəzifələrindən biridir. Bununla bağlı hüquqlarını təmsil etdiyi şəxsin vəkili birinci instansiya məhkəməsində Salyan rayon İcra Hakimiyyətinin, bələdiyyənin və Şəhərsalma və Arxitektura Komitəsinin 3-cü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət versə də, vəsatət təmin edilməmişdir. Mülki iş materiallarında olan rəsmi sənədlərə əsaslanmaqla şərh etdiyim hallardan görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə Salyan rayonu Arbatankənd yoluna gedən hisssəsindən alternativ olaraq Ələt-Astara avtomobil yolundan ayrılan yol üzərində və Salyan rayon sakini Cavabdeh tərəfindən, qanunsuz olaraq çəkilmiş hasar və əkilmiş ağaclar yanğınsöndürən maşınların və digər nəqliyyat vasitələrinin, eləcə də sakinlərin yolun gediş-gəliş, giriş-çıxış yolunun bağlanması təkcə iddiaçının hüquqların pozulması ilə nəticələnməmiş, eləcə də mövcud səhərsalma planına zidd olduğu üçün dövlət və ictimai münasibətlədə ziyan vurmuşdur. Ona görə də, qanunsuz hasarın sökülməsi və ağacların başqa bir ərazidə əkilməsinə dair məhkəmə qətnaməsi qanuni olmaqla yanaşı ədalətli və ictimai maraqların təmin edilməsi baxımından da məqsədəmüvafiqdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firmasının nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbi düzgün şəxsə qarşı olmamışdır. Hazırkı mübahisə üzrə əslində cavabdeh qismində hüquqlarını təmsil etdiyi təşkilat çıxış etməli idi. Mübahisəli ərazidə yol olmamışdır. İş materiallarından da görünür ki, həmin torpaq sahəsi hüquqlarını təmsil etdiyi təşkilatın istifadəsindədir. Həmin torpaq sahəsinin "xxxx" Firmasının istifadəsində olması barədə də apellyasiya şikayətində qeyd etmişlər. Eyni zamanda əkilmiş ağacların köçürülməsi və 40 metr hasarın sökülməsi mümkünsüzdür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, uzun illərdir həmin ərazidə yaşayır. Həmin tikinti işlərini Cavabdeh həyata keçirmişdir. Hətta bununla bağlı telefon danışıqları da var. Qeyri-yaşayış obyekti cavabdehin ailəsinin mülkiyyətində olan obyektdir. O, atasından qalan əmlakların idarəetməsi ilə məşğul olur. "xxxx" Firması da onun atasının mülkiyyətindədir. Cavabdeh işi ilə əlaqədar olaraq "xxxx" Firmasını öz adına rəsmiləşdirə bilmir. Mübahisə predmeti olan torpaq sahəsi yol kimi nəzərdə tutulmuşdur. İstifadəsində olan qeyri-yaşayış obyektinə yük maşınları girsə də, çıxa bilmir. Buna görə də, fəhlələr 60 metr məsafədə yükləri çiyinlərində daşıyırlar. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, mübahisə predmeti olan ərazi ümumi istifadədə olan yoldur. Ekspertiza rəyi ilə tanışdır və həmin rəy digər rəylərdən fərqlənmir. Ağabəyli küçəsində əvvəllər yolun olmadığını, oranın qamışlıqdan ibarət olduğunu qeyd etmişdir. Müvafiq qurumun xx.xx.2021-ci il tarixli məktubuna əsasən həmin torpaq sahəsi elektron sistemdə çıxmamışdır. Cavabdeh tərəfin mübahisəli ərazi ilə bağlı hüquq müəyyənedici sənədləri mövcud deyildir. Hüquqları pozulan tərəf kimi öz hesabına yol açmışlar. Hüquqlarını müdafiə etdiyi şəxsin və orada yaşayan qəsəbə əhalisinin hüquqları pozulmuşdur. Həmin ərazi dövlət və bələdiyyə mülkiyyətindədir. Cavabdeh tərəf qanunsuz əməllərini pərdələmək məqsədilə oraya ağac əksə də, baş tutmayacaqdır. Hətta həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, gediş-gəliş yolunu bağlaya bilməzlər. Cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Salyan Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli 2(057)-69/2023 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İŞİNHALLARİ: İşdə olan: ƏMDK DƏDRX-nin İddiaçı adına vermiş olduğu 31 oktyabr 2019-cu ildə **********0 nömrə ilə qeydə alınmış Çıxarışa görə Salyan şəhəri A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır; ƏMDK DƏDRX-nin İddiaçı adına vermiş olduğu 19 oktyabr 2018-ci ildə ********** nömrə ilə qeydə alınmış Çıxarışa əsasən Salyan şəhəri A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeyd alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0.0745 ha torpaq sahəsi verilmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının 28 avqust 1997-ci il tarixli 329 saylı sərəncamından çıxarışdan görünür ki, "xxxx" Firmasının həmin ərazidən 20x30 metr (600 kv.m) ölçüdə beynəlxalq standartlara cavab verən yanacaqdoldurma məntəqəsinin tikintisi altına torpaq sahəsi ayrılması, ayrılan sahə şərqdən Bakı-Astara magistralı ilə, qərbdən boş istifadəsiz sahə ilə, cənubdan mövcud yanacaqdoldurma məntəqəsi ilə əhatə olunduğu nəzərə alınmış və həmin ərazidə yardımçı binaların tikintisinə icazə verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 27 fevral 2023-cü il tarixli 10/820xx-xx/1151 saylı rəyində ƏMDK DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2- 231/2023 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyində qeyd olunanlar öz təsdiqini tapmışdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya icraatında mübahisələndirilən hissə üzrə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yolun üzərində daş hasar və ağaclar əkməklə mülkiyyətçiyə öz torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdrmışdır. Nəticədə iddiaçı öz torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. İddia olunan yol tərəflərin heç birinin mülkiyyətində deyil, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olmaqla yol kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Qeyd edilənlər məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Həm mütəxəssis rəyində və həmçinin ekspert rəyində qeyd olunan torpaqların elektron kadastr uçotu məlumat bazasında "xxxx" Firmasının istifadəsində 0,36 ha torpaq sahəsinin olması qeyd olunsa belə, qarşı tərəf bu halın təsdiq olunması üçün məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Ona görə də, məhkəmə qeyd olunan hala tənqidi yanaşaraq həmin halı sübut kimi qəbul etmir. Qeyd olunan torpaq sahəsinin "xxxx" Firmasının istifadəsində olması halı heç də həmin firmaya qeyd olunan torpaq sahəsindən qanuni əsaslarla istifadə olunmasına dəlalət etmir. Eyni zamanda bir daha qeyd olunmalıdır ki, iş üzrə toplanmış ilkin sənədlər cavabdehin qeyd olunan mübahisəli yolu hasarlaması və orada qanunsuz olaraq iddiaçının hüquqlarını məhdudlaşdırılması məqsədi ilə ağac əkməsini sübut edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, istər Cavabdeh və istərsə də "xxxx" Firmasının mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh özünün cavabdeh sırasından çıxarılması və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçının yazılı razılığı ilə yol verilir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə vermədiyi üçün cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyildir. Ona görə də, məhkəmə irəli sürülmüş tələblə bağlı qərar qəbul etməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1.-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6986 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-2480/2024 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və Cavabdeh torpaq sahəsinin naturada hüdudları GPS aləti vasiitəsilə müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilib). Mübahisəli ərazi faktiki olaraq hal-hazırda "Salyan Firması" YDM-nin istifadəsində olan ərazidir. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli ərazidə “Salyan Firması” YDM-nin təxminən 40 metr uzunluğunda inşa etdirdiyi mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, ağaclar əkilmiş ərazinin isə 558,0 kvadrat metri dövlət mülkiyyətinə aid YDM ərazisi, 33.0 kkvadrat metri isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli, 3-21- 3-38/2-231/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, İddiaçı mülkiyyətində olan 0,0745 və 0,0105 ha torpaq sahələrinə A.Ağabəyli küçəsi istiqamətindən yol mövcuddur. A.Ağabəyli küçəsindən istifadə etməklə magistral yola girişçıxış mümkündür. İddia olunan mübahisəli ərazi iddiaçının torpaq sahəsinə faktiki mövcud olan yol ilə Bakı-Astara avtomobil yolu arasında qalan sahədir. Həmin sahənin bağlanmasının iddiaçıya maneə yaradıb-yaratmaması məsələsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti- texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar məsələdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli, 3-21-3-38/2-231/2024 saylı mütəxəssis rəyinə əsasən mübahisəli əraziyə (daş hasar çəkilmiş və ağac əkilmiş ərazi) aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi 06 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan A.Ağabəyli küçəsi 1C ünvanda yerləşən 0,0745 ha və A.Ağabəyli küçəsi 1B ünvanda yerələşən 0,01054 ha torpaq sahəsində A.Ağabəyli küçəsi istiqamətindən gedən ümumi istifadədə olan yol məhdudlaşdırılmışdır. Lakin iddiaçının iddia etdiyi və cavabdehin öz ərazisi kimi daş hasarla hasarladığı iddia olunan mübahisəli yol "xxxx" firması YDM tərəfindən məhdudlaşdırmışdır. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Nəzərə alınmalıdır ki, MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və işin faktiki hallarına görə qeyd edir ki, Torpaqların elektron kadastr uçotu məlumat bazasından da görünür ki, mübahisəli ərazi dövlət və bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq hal-hazırda “Salyan Firması” YDM-nin istifadəsində olan ərazidir. Belə ki, yuxarıda adıçəkilən rəyə görə həmin ərazidə “Salyan Firması” YDM tərəfindən təxminən 40 m uzunluğunda inşa edilmiş mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, ağaclar əkilmiş ərazinin isə 558,0 kv.m. dövlət mülkiyyətinə aid YDM ərazisi, 33.0 kv.m isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli ərazinin faktiki olaraq "xxxx" Firması YDM-nin istifadəsində olması mütəxəsiss və ekspert rəyləri, üçüncü şəxs "xxxx" Firmasının apellyasiya şikayəti və onun nümayəndəsinin izahatı, həmçinin mülki işin müəyyən edilmiş digər faktiki halları ilə də təsdiqini tapmışdır. Kollegiya əlavə olaraq, diqqətə çatdırmağı zəruri hesab edir ki, adıçəkilən mübahisəli ərazidə Cavabdeh məxsus hər hansı torpaq sahəsi, yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyildir. Orada “Salyan Firması” YDM fəaliyyət göstərdiyindən və sahə onun faktiki istifadəsində olduğundan hər hansı şəxs tərəfindən hər hansı tikinti və digər işlərin görülməsi də məhz “Salyan Firması” YDM-nin fəaliyyətinə xidmət edir. Bu baxımdan, göstərilənlər hazırkı iş üzrə tələbin cavabdeh qismində məhz “Salyan Firması” YDM-ə qarşı yönəldilməsi daha düzgün olardı. Belə ki, MPM-in 50.3-cü madəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Habelə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 38/2-231/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən İddiaçı mülkiyyətində olan 0,0745 və 0,0105 ha torpaq sahələrinə A.Ağabəyli küçəsi istiqamətindən yol mövcuddur. Bundan başqa, qeyd edilən mübahisəli əraziyə (daş hasar çəkilmiş və ağac əkilmiş ərazi) aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Beləcə, mübahisəli ərazi bütövlükdə hal-hazırda bələdiyyə mülkiyyəti olaraq ümumi istifadədə olan yol deyildir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsindən və ya orada yerləşən tikilidən magistral yola çıxış üçün iddia edilən həmin sahənin yola çıxışı bağlayan bir hissəsi dövlət mülkiyyəti kimi qeyd edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(057)-69/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, iddia rədd edildiyi üçün ƏMDK DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi pul vəsaiti özünə aid edilməlidir. Habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 10/820xx-xx/1151 saylı rəyinə görə 50 manat və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6986 saylı ekspert rəyinə görə 50 manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, digər məhkəmə xərcləri işdə iştirak edən şəxslərin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilsin. Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(057)-69/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 10/820xx-xx/1151 saylı rəyinə görə 50 manat və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6986 saylı ekspert rəyinə görə 50 manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar