Məhkəmə qərarları › İş №2(106)-854/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-854/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-854/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı1 ASC-nin - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Kreditor İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi K.S.Əbdurəhmanov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 Urfulla oğlundan müştərək qaydada İddiaçı1 ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 641- 12 ABFŞ nömrəli kredit müqaviləsi üzrə 2300 manat əsas borcunun, 2253 manat faiz borcunun, cəmi 4553 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, kreditor "AtaBank” ASC-nin Şirvan filial ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 641-12 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana illik 24% olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Həmin müqavilənin 3.6 bəndinə əsasan, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün borcalan tərəfindən borcverənin hesabına nağd və ya köçürmə yolu ilə ödənilməli idi. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir Kredit müqaviləsinin təminatı olaraq, borcverən "AtaBank” ASC-nin Sirvan filialı ilə X1 ilə arasında xx.xx.2012-ci il tarixli zaminlik müqavilasi bağlanmışdır. Müqaviləyə əsasən zamin Cavabdeh1 Urfulla oğlu borcalan Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 641-12 ABFS nömrəli kredit müqaviləsi üzrə kreditor "AtaBank” ASC-nin qarşısında öhdəliklərini tam icra edənədək məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və nəticədə onun kreditora 05 11 2015-ci il tarixədək xx.xx.2012-ci il tarixli, 641-12 ABFŞ nömrəli kredit müqaviləsi üzrə 2300 manat əsas kredit borcu, 2253 manat faiz borcu, cəmi 4553 manat kredit borcu yaranmışdır. Bu faktı ərizəyə əlavə edilmiş xx.xx.2015-ci il tarixli AB SNE 04-02147 nömrəli maliyyə arayışı da təsdiq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsi (Hakim: Təyyar Abbaslı) ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 2300 manat əsas borc, 2253 manat faiz borcu, cəmi 4553 manat borcun tutularaq iddiaçı "AtaBank” ASC-yə verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya, 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin icrasının Sabirabad rayon İcra şöbəsinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, xx.xx.20212-ci il tarixli, 641-12 ABFŞ nömrəli Kreditin müqaviləsinin müddəti (24 ay) 2 il olduğu üçün, bu vaxt bitdikdən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilərdi, Lakin yuxarıda qeyd etdiyim kimi İddiaçı1 ASC tərəfindən xx.xx.2012-ci il tarixli, 641-12 nömrəli kredit müqaviləsi üzrə pulun qaytarılması barədə iddia tələbi ilə 02 dekabr 20215-ci tarixində məhkəməyə müraciət etmişdir.. Odur ki, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsini Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh2 iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən yalnız Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilməsini müəyyən edərək, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsədə, digər Cavabdeh1 münasibətdə işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə ona münasibətdə gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, kreditor "AtaBank” ASC-nin Şirvan filialı ilə borcalan Cavabdeh2 arasında 24 ay müddətinə illik 24 faiz ödənilməsi şərtilə 5000 manat məbləğin alınması üçün kredit bağlanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinin müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 kreditor "AtaBank” ASC qarşısında xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli kassa məxaric orderinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdehə bank tərəfindən 4841 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hər ayın 09-dan gec olmamaq şərtilə aylıq ödəniş 264.36 manat təşkil edir. İş materiallarında olan "AtaBank” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2300 manat əsas borcu, 2253 manat faiz borcu, cəmi 4553 manat borcu vardır. İş materiallarında olan "AtaBank” ASC tərəfindən verilmiş hesab çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 kreditin əsas və faiz borcunun bir hissəsini ödəmiş, qalan hissəsi isə ödənilməmiş qalmışdır. İş materiallarında olan xəbərdarlıqların surətindən görünür ki,cavabdehlərə banka olan borclarını ödəmədikləri təqdirdə məhkəməyə müraciət olunacağı bildirilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MEM-nin 13 fevral 2017-ci il tarixli, 1987 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş nülki işin 61-ci vərəqəsində "AtaBank” ASC-nin Şirvan filialı ilə Cavabdeh1 adından bağlanmış olan 09 oktyabr 2012-ci il tarixli 633-12 ABFŞ saylı zaminlik müqaviləsinin arxa tərəfində zamin hissəsində imza qrafasında imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh2 "AtaBank” ASC ilə bağladığı xx.xx.2012-ci il kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi, nəticəsində onun digər cavabdehlə birgə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2300 manat əsas borcu, 2253 manat faiz borcu, cəmi 4553 manat borcu vardır. Bundan başqa, işdə olan xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işdən görünür ki, İddiaçı1 ASC tərəfindən xx.xx.2012-ci il tarixli, 641-12 nömrəli kredit müqaviləsi üzrə pulun qaytarılması barədə iddia tələbi ilə 02 dekabr 2015-ci tarixində iddia qaldırmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Odur ki, Məhkəmə kollegiyası bu hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi qənaətinə gəlir və hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zamin Cavabdeh1 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə kollegiyası hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh1 bərabər qaydada 2300 manat əsas borc, 2253 manat faiz borcu, cəmi 4553 manat borcun tutularaq iddiaçı "AtaBank” ASC-yə verilməsi, Cavabdeh1 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya, 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsinə aid edilməsi hissəsində təmin edilməməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlili yalnız özünə aid hissədə qətnamənin ləğv edilməsi təşkil etdiyindən, məhz ona münasibətdə Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinə hüquqi qiymət verilməli, qətnamənin qalan hissəsi isə yoxlanılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-15/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 2300 manat əsas borc, 2253 manat faiz borcu, cəmi 4553 manat borcun tutularaq iddiaçı "AtaBank” ASC-yə verilməsi, Cavabdeh1 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya, 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı "AtaBank” ASC-nin Cavabdeh1 qarşı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2300 manat əsas borcunun, 2253 manat faiz borcunun, cəmi 4553 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub AtaBank” ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar