Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-855/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(064)-49/2024 saylı qətnaməsindən (hakim Yaşar Həşimov) iddiaçı ABB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 15 yanvar 2021-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 5.073,81 manat, kart krediti üzrə 286,41 manat əsas borc, 0,03 manat faiz borcu olmaqla, cəmi 286,44 manat olmaqla, ümumilikdə 5.360,25 manat borcun, ödənilmiş 73,61 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “İmişli” filialı ilə X7 arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli, BPM**********54 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5500 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. X2 23 may 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 30 iyun 2023- cü il tarixli, 279 nömrəli məktub və 08 dekabr 2021 -ci-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan X1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın "İmişli” filialı tərəfindən təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə 5073.81 manat əsas, 0 manat faiz borcu olmaqla, cəm5073.81 manat, kart krediti üzrə 286.41 manat əsas, 0.03 manat faiz borcu olmaqla, cəmi 286.44 manat, ümumilikdə 5360.25 manat borcu qalmışdır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(064)-49/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 880,14 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə dövlət rüsumuna görə ödənilmiş 73,65 manatın 24,22 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması, qalan 49,43 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tələbini qismən təmin edən məhkəmə əldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borclu T.Süleymanov arasında bağlanmış 15 yanvar 2021 -ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5.500 manat məbləğində nağd, eləcə də 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti verilmişdir. Borclu T.Süleymanov 23 may 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 08 dekabr 2021-ci-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.760,26 manatdan ibarətdir. Məhkəmə qeyd etmişdir ki, borclunun ölüm halında ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə, yəni 1.790,29 manatla məhdudlaşmışdır. Belə olan halda, cavabdeh-vərəsələrin məsuliyyətləri qəbul etdikləri mirasın həcmi ilə məhdudlaşmaqla hər birindən (1.760,29 manatın ½ hissəsi olan 880,14 manat) 880,14 manat tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən məhrumdan qalmış miras əmlakın həcmi müəyyən edilməmiş, miras qoyanın öldüyü məqamədək mövcud olan əmlak hüquqlarının (miras aktivi) həcmi iş materialları ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi miras əmlakın 1760.29 manatla məhdudlaşmasını göstərsə də, sonuncunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın qeydiyyata alınmamasına dair sübutlar iş materiallarında mövcud olmamışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın tam təmin olunmasını xahiş etməklə, qətnamənin əsaslılığını iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam hərtərəfli araşdırılmaması, mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşin hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehin qəbul etdikləri miras həcmində təmin etmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehlər digər əmlakı qəbul etməmişlər. Buna görə də, iddia tam təmin edilməli, miras əmlakın qəbul olunması icra mərhələsində həll edilməli idi. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materialları müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə borclu T.Süleymanov arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5.500 manat məbləğində nəğd, eləcə də 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti verilmişdir. Borclu T.Süleymanov 23 may 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsələri olan Mərziyyə Süleymanova və Sərdar Süleymanov mərhumdan qalan miras əmlakı qəbul etmişlər. İşdə olan Füzuli rayon notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, mərhum T.Süleymanovun qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 hər biri 1/2 hissədə mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.760,29 manatdan ibarətdir. Göründüyü kimi cavabdehlər mərhum T.Süleymanovdan qalmış 1.760,29 manatdan ibarət miras əmlakı qəbul etmişlər. Beləliklə müəyyən edilir ki, cavabdehlər Mərziyyə Süleymanova və Sərdar Süleymanov miras qoyan Tehran Süleymanovun vərəsələridir. Kollegiya qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras qoyandan qəbul edilmiş mirasın həcmi ilə məhdudlaşdırılmışdır. Artıq cavabdehlər Mərziyyə Süleymanova və Sərdar Süleymanov miras qoyan Tehran Süleymanovun vərəsələri hesab edildiyindən güman edilir ki, onlar miras qoyandan qalmış digər əmlaklarıda qəbul edəcəklər. Onlar tərəfindən qəbul ediləcək əmlakların qəbul edilib-edilməməsi və onların həddi isə icra mərhələsində həll edilməlidir. Məhkəmə Kollegiyası, iddiaçı tərəfin mövqeyini əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti tam təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Göründüyü kimi iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(064)-49/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların qəbul etmiş olduqları miras həddini aşmamaqla 15 yanvar 2021-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 5.073,81 manat, kart krediti üzrə 286,41 manat əsas borc, 0,03 manat faiz borcu olmaqla, cəmi 286,44 manat, ümumilikdə 5.360,25 manat borc, ödənilmiş 73,61 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 36.81 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-855/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-855/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver