Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-861/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı və cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(071)-343/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüldü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment miqdarı iddia ərizəsi ilə müraciət etdiyi tarixdən olmaqla artırılaraq hər uşaq üçün 235 manat, ümumillikdə isə 470 manat tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-343/2024 saylı qətnaməsi ilə (hakim Orxan Bayramov) iddia qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2012ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X6 qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X6 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu ildə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 dünyaya gəlmişlər. Cavabdehlə aralarında narazılıqlar olmuş və yekunda məhkəmə qərarı ilə boşanmışlar. Məhkəmə qərarı ilə hər uşağa 120 manat aliment kəsilmiş, lakin 120 manat bir uşağın təminatlarına tam cavab verməmişdir. Uşaqların hər ikisinin sağlamlığında problemləri olduğundan hər ay 200-300 manat dərmanlara pul vermiş, bu işlərdə cavabdeh isə ona heç bir yardım göstərməmişdir. Hal-hazırda aliment məbləği uşağın ehtiyaclarına kifayət etmir. Buna görə də hesab edir ki, alimentin artırılması uşaqların mənafeyinə uyğundur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Qanununda uşaqlar üçün artırılmaqla 235 manat məbləğində müəyyən edilmiş olsa da, onun maddi durumunda heç bir dəyişiklik olmamışdır. Belə ki, onun 2023-cü ildən hal-hazıradək aylıq əmək haqqı 326 manatdır. Eyni zamanda, əlavə qazancı yoxdur. Həftənin bütün iş günlərində çalışır, ona görə də başqa bir işlə məşğul olaraq əlavə qazanc əldə edə bilmir. İddiaçı aliment məbləğinin artırılmasını zəruri edən əsaslarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə iclasından məlumatsız olduğundan iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə çəkişmə prinsipinin pozulmasına səbəb olmuş və qanun pozuntusuna yol vermişdir. Məhkəmənin hüquq normalarını pozması aldığı əmək haqqının təyin olunmuş alimenti ödəmək üçün yetəri olmamasının, həftənin bütün iş günlərində çalışdığından əlavə qazanc əldə edə bilməməyinin və aliment təyin edildikdən hal-hazıra kimi maddi durumunda heç bir yaxşılaşma olmadığının nəzərə almamasında ifadə olunur. Məhkəmənin iş üzrə qəbul etmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da pozuntuya yol verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, cavabdeh bu vaxta kimi heç vaxt uşaqları ilə maraqlanmamış, maddi yardım etməmiş, onlara mənəvi dəstək olmamışdır. Bir problemi var o da ki, uşaqlara aliment verməsin. Onun barəsində ölkədən çıxışına məhdudiyyət qoyulub, dəfələrlə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X12 izahatında bildirmişdir ki, "xxxx" MMC-də sosial işçi, ictimai işlər vəzifəsində işləyir. Təmizlik işi ilə məşğuldur və tutulmalar çıxılmaqla aylıq əməkhaqqı 326 manat təşkil edir. 120 manat məbləğində aliment ödəməyə gücü çatır. Hazırda yeni ailə qurmamışdır, maddi vəziyyəti çox ağırdır. Atası vərəm, anası şəkər xəstəsidir. Özü Sabirabad rayonu Poladtuğay kəndində yaşayır və hər gün işə gedir. Günlük 5 manat onun yol-nəqliyyat xərci təşkil edir. Dolanışığı çətindir. Atası pensiya alır və həmin pensiya ilə ona köməklik edir. 0.50 ha torpaq sahəsi onlara pay torpağı kimi dolanışıq üçün verilmişdir. Kür daşqınından sonra orada əkin işləri aparmaq olmur. Torpaq sahəsi təhlükəli yerdədir. Hətta iddiaçıya həmin torpaq sahəsində gəlib əkin-biçin işləri aparmağı, gəlirini özlərinə götürməyi də təklif etmişdir. Qeyd edir ki, ümumilikdə, 2 ha torpaq sahəsi o, atası, atası və bacısı olmaqla 4 nəfər ailə üzvünə verilmişdir. Ona məxsus olan sahə isə 0.50 ha təşkil edir. Orada arpa əkmişdir. Torpaq sahəsində əkin-biçin aparır, lakin bütöv əkin işləri aparmaq olmur. Onun iddiaçıya təxminən 1000 manatdan yuxarı aliment borcu vardır. Həmin borcuna görə məhkəmə qərardadı əsasında onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Onun avtomobili yoxdur, evdəki - sürdüyü avtomobil atasına məxsusdur. Övladının xəstəliyi ilə bağlı bildirir ki, iddiaçı uşağı xarici ölkədə müalicə etdirmək istəyir, lakin həmin müalicə ölkə daxilində də edilə bilər. Onda olan məlumata əsasən uşağın xüsusi bir xəstəliyi yoxdur. Ümumiyyətlə, onun övladlarından xəbəri yoxdur. Uşaqları görə bilmir və telefon nömrələri onda yoxdur. İddiaçı ona uşaqlarla əlaqə saxlaması üçün telefon nömrəsi vermir. İddiaçının yaşadığı evə getmiş, lakin ona övladlarını göstərməmişlər. Uşaqlar hazırda iddiaçı ilə qalır. Mənzil şəraitləri yaxşıdır və ev iki mərtəbəlidir. İddiaçının atası və anası aylıq 500-600 manat əməkhaqqı alır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehin uşaqları ilə ünsiyyətinə heç bir maneçilik yaratmır. Cavabdeh istədiyi vaxt uşaqları gəlib görə bilər. Cavabdeh uşaqları ilə maraqlanmır və onları sonuncu dəfə 3 il öncə gəlib görmüşdür. Dəfələrlə məhkəmə prosesləri olmuş, lakin cavabdeh heç birində iştirak etməmişdir. Oğlunda anadangəlmə göz çəpliyi var və astmaya meyillidir. Qızında isə epilepsiya xəstəliyi var və özünə qapanmalar müşahidə olunur. Hesab edir ki, hazırda həmin xəstəliklərin müalicəsi ölkədə icbari sığorta ilə effektiv olmadığından ölkə xaricinə getməlidirlər. Cavabdehin əvvəlki aliment ödənişlərindən 2000 manata yaxın aliment borcu var. Cavabdeh şəhərdə yox, Azadkəndin özündə işləyir. Öz şəxsi avtomobili var, lakin həmin avtomobili başqa bir şəxsin adına keçirmişdir. Həmin avtomobil nikah pozulduqdan sonra alınmışdır. Cavabdeh hazırda aliment ödəməyə qadirdir. Belə ki, ona və ailəsinə məxsus 2 ha torpaq sahəsi var. Həmin torpaq sahəsində arpa, buğda, yonca əkilib becərilir. Cavabdehə məxsus artezian quyuları mövcuddur. Dostuna məxsus traktorda şərik işləyir və əlavə olaraq mebel işi ilə də məşğuldur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(071)-343/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında rəsmiləşdirilmiş nikah qeydi pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 113 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan əlavə doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsi xx.xx.2012-ci il təvəllüldü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X6 hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan “AZE Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş cavabdeh - X7 gəlir məlumatlarının çıxarışından görünür ki, cavabdeh "xxxx" MMC 345 manat əmək haqqı almaqla sosial işçi, ictimai işlər vəzifəsində çalışır. Həmçinin həmin mənbədən əldə edilmiş cavabdeh X7 əmlak məlumatlarının çıxarışından görünür ki, onun **********78 reyedtr nömrəli torpsq sahəsi mövcuddur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər İddiaçı cavabdehin iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə təyin edilən aliment miqdarını ödəməyə qadir olduğunu, torpaq sahəsini əkin işləri gördüyünü, şəxsi avtomobili olduğunu bildirsə də, həmin sadalananlar onun tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşaqlara təyin edilmiş aliment miqdarı artırılaraq hər uşağa 200 manat olmaqla, cəmi 400 manat miqdarında təyin etmiş, lakin artırılmış aliment miqdarı cavabdehin gəlir və əmlak vəziyyəti ilə mütənasib və uyğun deyil, buna görə də cavabdehin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment miqdarı azaldılmalıdır. AM-in 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Nəzərə alsaq ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir, o zaman məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq, xx.xx.2012-ci il təvəllüldü X9 və xx.xx.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat m üəyyən edilməsini qanuni və ağlabatan hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin vəzifələrinin olması, 2024-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissədə dəyişdirilməli, cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bundan başqa, iddiaçı iddia ərizəsində və izahatlarında uşaqların hər ikisinin sağlamlığında problemləri olduğunu və dərmanlara hər ay 200-300 manat pul vəsaiti pul verdiyini qeyd etmişdir. Bu baxımdan kollegiya diqqətə çatdırır ki, nəzərə alınmalıdır ki, AM-in 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi əsasları müəyyən edilmiş, onun ağır xəstə və ya əlilliyi müəyyən edilmiş uşaqlara görə tutulması göstərilmişdir. Lakin hazırkı iddia tələbi əlavə xərclərin tutulması barədə yox, alimentin artırılması haqqındadır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(071)-343/2024 saylı qətnaməsi alimentin məbləği hissədə dəyişdirilsin. Cavabdeh X6 hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-861/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-861/2024
21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver