Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-862/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)-41/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 79.888 manat məbləğində pul tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, daha sonra tərəflər arasında razılıq əldə olunaraq notariat qaydasında barışıq sazişi bağlanmış, həmin sazişə əsasən cavabdeh iddiaçıya 79.888 manat əvəzinə 51.000 manat məbləğində pul ödəməyi, iddiaçı isə bunun müqabilində iddiasından imtina etməyi öhdələrinə götürmüşlər. Daha sonra cavabdeh apellyasiya şikayətindən, iddiaçı isə iddia tələbindən imtina etmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə göstərilən mülki işin icraatına xitam verilmişdir. Cavabdeh ötən dövrdə müvafiq borcundan iddiaçıya yalnız 2.500 manat ödəmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Neftçala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 51.000 (əlli bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 243 manat miqdarında pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 yanvar 2018-ci ildə Şirvan şəhəri 1 saylı notariat kontorunda barışıq sazişi bağlandığını bildirmişdir. Həmin barışıq sazişinə əsasən, o, Neftçala Rayon Məhkəməsinin 2(053)-995/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə tutulmalı olan 79.888 manat pulun bir hissəsindən və müvafiq iddiasından imtina etmiş, Cavabdeh isə 79.888 manat pul vəsaiti əvəzinə ona 51.000 manat miqdarında pul ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliyinə əməl edərək 16 yanvar 2018-ci il tarixdə iddiadan imtina ilə bağlı ərizəsini Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Bunun əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qərardadı ilə iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh isə 16 yanvar 2018-ci il tarixli barışıq sazişinin şərtlərinə əməl etməmiş, 51.000 manat məbləğində pulu ona ödəməmişdir. Cavabdeh pulu 2021-ci ilin sonuna kimi qaytaracağına söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Bununla bağlı, o, 16 yanvar 2018-ci il tarixli barışıq sazişi əsasında qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Cavabdeh 51.000 manat pulun tutulub ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə iddia ilə müraciət etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, cavabdeh ötən dövr ərzində, müxtəlif tarixlərdə ona olan borcundan 2.500 manat ödəyib. Beləliklə, hazırda cavabdehin ona olan pul borcu 48.500 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiasının 48.500 manatlıq hissədə təmin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 1994-cü ildən Neftçala Avtovağzalının rəisi, 2002-ci ildə özəlləşmədən sonra isə Neftçala Avtovağzalı MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışır. Hər 5 ildən bir müəssisədə əsaslı təmir işləri aparılıb. 01 sentyabr 2009-cu il tarixində başlanmış və 01 noyabr 2009cu ildə bitmiş əsaslı təmirə qabaqcadan heç bir sövdələşmə olmadan, nə rəsmi nə də qeyri rəsmi sənədlərdə adı olmayan İddiaçı ona köməklik göstərmişdir. 03 noyabr 2009-cu il tarixindən Neftçala Avtovağzalı MMC fəaliyyətə başlamış, hər ay xalis gəlirin 70%-i ayrılıb İddiaçı göndərilmiş, qardaşı oğlanları əvvəl F.Qurbanov, sonradan O.Qurbanov əmək haqqı cədvəlində adı olmaqla hər ay 300 (üç yüz) manat məbləğində əmək haqqı almışdır. 03 noyabr 2009-cu il və 30 iyun 2013-cü il fəaliyyət dövründə İddiaçı xalis gəlirdən 43.000 manat pul ödədiklərinə baxmayaraq 2013-cü ilin iyul ayında hazırladığı təkrarlanan, şişirdilmiş rəqəmlərdən ibarət olan 79.888 manat borcu olduğunu göstərən cədvəli imzalamağını tələb etmiş, əks təqdirdə Neftçala Avtovağzalı MMC-nin fəaliyyətinin dayandırılacağını bildirmişdir. “Avtovağzal” fəaliyyəti qeyri-qanuni Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İ.Vəliyevlə razılaşıb Nəqliyyat Nazirliyinin Əməkdaşlarının köməyi ilə 2013-cü ilin oktyabr ayında başçıya məxsus "xxxx" köçürülməsini təmin etdirmişdir. Neftçala Avtovağzal MMC-nin fəaliyyəti faktik olaraq dondurulmuşdur. Onu Nəqliyyat Nazirliyinin DANX-yə dəvət edərək İddiaçı iştirakı ilə ərizəni notariat kontorunda təsdiqləməyi təkidlə tələb etmişlər. İmza edəcəyi təqdirdə avtovağzalın fəaliyyəti yenidən bərpa olunacaqdı. Razılaşmaqdan başqa bir çarəsi qalmamışdır. 23 dekabr 2013-cü il tarixində ərizəni imzaladıqdan sonra avtovağzalın fəaliyyəti yenə də bərpa olunmamış, Nazirliyin nümayəndələri və İddiaçı onu aldatmışlar. 2015-ci ilin sonunda İddiaçı ilə görüşərkən avtovağzalın geri qaytarılmasına gücü çatmadığını bildirərək, onun işinə qarışmayacağını və heç bir iddiasının olmayacağını bildirmişdir. 2016-cı ildə məcbur olub banklardan böyük məbləğdə kredit götürərək Neftçala Avtovağzalı MMC-də ictimai iaşə obyekti kimi tikintiyə başlamışdır. 2017-ci ildə obyektin fəaliyyətini görüb ona qarşı borcun tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmışdır. X1 işi tam öyrənmədən imzaladığı ərizəni (ərizədə bildirilirdi ki, əgər idarə satılarsa yaxud özgəninkiləşdirilərsə məbləği ödəməlidir) əldə rəhbər tutaraq 79.889 manat pul tələbini təmin etmişdir. O, narazılığını bildirmişdir. Proses Ali Məhkəməyədək getmiş, Ali Məhkəmənin hakimləri onun haqsız yükləndiyini və bu işin ləğv edilməsinin mümkünlüyünü ona söyləmişlər. O, barışıqla razılaşmışdır, çünki bildirdi ki, nə Nəqliyyat Nazirliyinin rəhbər işçiləri, nə də rayon İcra Hakimiyyətinin sabiq başçısı işləməyinə imkan verməyəcək. Hadisələri zamanın axarına buraxmışdır. Beləliklə 16 yanvar 2018-ci il tarixində Şirvan şəhər 1 saylı notariat kontorunda müddət göstərilmədən rəsmi barışıq müqaviləsini imzalamışdır. 2018-ci ilin iyulundan 2019-cu ilin avqustuna kimi İddiaçı “Milliön” aparatı vasitəsi ilə 2500 manat pul ödəyib. Sonrakı illərdə isə pandemiya ilə əlaqədar olaraq fəaliyyətləri dayandırılmışdır. 2021-ci ilin sonlarından fəaliyyətləri nisbətən bərpa olunmuş, lakin bu günədək avtovağzalın fəaliyyəti tam bərpa olunmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)-41/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddia qismən təmin edilmiş, Cavabdeh 48.500 (qırx səkkiz min beş yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 243 (iki yüz qırx üç) manat tutularaq tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya 51.000 manat məbləğində pul ödəməli olduğuna dair tərəflər arasında razılaşma olmuş, cavabdeh həmin miqdardan iddiaçıya 2.500 manat ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 48.500 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən 48.500 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 48.500 manat miqdarında pul tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-881.2, 425.1, 385.1, 443.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1,78.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi cəhətdən savadsız bir şəxsdir. Maddi imkanı olmadığı üçün birinci instansiya məhkəməsində vəkillə iştirak etməmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin sazişdə öhdəliyin icrası müddəti qeyd edilməyib. Cavabdeh 2018-ci ilin iyul ayından 2019-cu ilin avqust ayınadək hissə-hissə iddiaçıya cəmi 2500 (iki min beş yüz) manat pul ödəmişdir. 2019-cu ilin avqust ayından ödəniş olmamış və iddia müddəti bu tarixdən hesablanarsa, məhkəməyə iddiaçının iddia ərizəsi verdiyi günədək tətbiq edilməli olan 3 illik müddət ötürülmüşdür. Məhkəmə isə pul iddiası üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehə nə rəsmi qaydada hüquq və vəzifələri barədə göndərilmiş bildirişdə, nə də proses zamanı belə bir hüququnun olduğu barədə ona hüquqlarını (xüsusən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququ barədə) izah etməmişdir. Ən azından iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququnun olması cavabdehə izah olunsaydı, o, bu hüququndan əlbəttə ki, istifadə edərdi və bu əsasla iddia tələbi cavabdehin mənafeinə uyğun rədd edilərdi. Maddi hüquq normaları olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddəsinin, prosessual hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,1, 88, 217.1 və 218,.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizədə göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin sazişdə öhdəliyin icrası müddəti qeyd edilməyib. Cavabdeh 2018-ci ilin iyul ayından 2019-cu ilin avqust ayınadək hissə-hissə iddiaçıya cəmi 2500 (iki min beş yüz) manat pul ödəmişdir. 2019-cu ilin avqust ayından ödəniş olmamış və iddia müddəti bu tarixdən hesablanarsa, məhkəməyə iddiaçının iddia ərizəsi verdiyi günədək tətbiq edilməli olan 3 illik müddət ötürülmüşdür. Mülki Məcəllənin 372.1-372.2, 373.4, 375.1-375.2 və 377.1-ci maddələrinə əsaslanmış və sonda iddia müddəti keçdiyi üçün iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)-41/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 375.1-375.2. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan İddiaçı ilə Cavabdeh arasında 16 yanvar 2018-ci ildə bağlanmış və Şirvan şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş barışıq sazişinə əsasən: «1) İddiaçı Cavabdeh «öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. 2) Cavabdeh İddiaçı iddia tələbində qeyd olunan 79.888 (yetmiş doqquz min səkkiz yüz səksən səkkiz) manat əvəzinə 51.000 (əlli bir min) manat ödəməyi öhdəsinə götürür və bu məqsədlə işin icraatına xitam verilməsini xahiş edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir; “Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Belə ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur.” Kollegiya, cavabdeh tərəfin apellyasiya şikayətinin „Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehə nə rəsmi qaydada hüquq və vəzifələri barədə göndərilmiş bildirişdə, nə də proses zamanı belə bir hüququnun olduğu barədə ona hüquqlarını (xüsusən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququ barədə) izah etməmişdir“ dəlili ilə əlaqədar qeyd edir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, lakin birinci inistansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi məhkəmənin və ya hakimin üzərinə cavabdehə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququnu izah etməsi vəzifəsi qoymamışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilini müzakirə edərək, onu əsassız hesab edir və qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(053)-41/2023 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-862/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-862/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver