Məhkəmə qərarları › İş №2(106)-863/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-863/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-863/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin e-2(050)-389/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QBKT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10735,79 manat əsas borc, 250,83 manat faiz borcu olmaqla, cəmi 10986,62 manat borcun, həmçinin ödənilmiş 122,96 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2351 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 10735,79 manat qalıq məbləği illik 1 % faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 9,24 manat, dörd il müddətində isə hər ay 228,32 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən, Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun məbləği 10735,79 manat əsas borc, 250,83 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 10986,62 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin e-2(050)-389/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10735,79 manat əsas, 250,83 manat faiz, cəmi 10986,62 manat borcun və dövlət rüsumuna görə 122,96 manat məbləğində pulun "xxxx" MM QBKT-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin e-2(050)-389/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan kredit götürmüş, həmin krediti vaxtında verə bilmədiyindən Prezidentin fərmanına uyğun olaraq qalıq kreditinin məbləği restrukturizasiya edilmişdir. Lakin kredit restrukturizasiya edilərkən əsas məbləğ artıq hesablanmışdır. Belə ki, o, iddiaçıdan az məbləğdə kredit götürsə də, sonradan həmin əsas məbləğin üzərinə faiz məbləği də hesablanmış, beləliklə, ondan tələb ediləcək məbləğ şişirdilmişdir. Bununla bağlı bir neçə dəfə o, iddiaçıya müraciət edərək iradını bildirsə də, ona heç bir köməklik etməmişlər. Hazırda iddiaçı ondan 10986,62 manat əsas və 250,83 manat faiz borcu tələb edir ki, bu da həddindən artıq çoxdur. Əgər əvvəlki kredit müqaviləsi alınsa və ona nəzər yetirilsə, onun iddiaçının tələb etdiyi məbləğdə borcunun olmaması görünər. Lakin əvvəlki kredit müqaviləsi cavabdehdə qalmamışdır. Əgər əvvəlki kredit müqaviləsi üzrə sənədlər mövcud olsaydı, həmin müqavilə üzrə iddia müddəti bitmişdir. Odur ki, məhkəmədən onun əvvəlki kredit müqaviləsinin əldə edilməsini və restrukturizasiya müqaviləsinə uyğunluğunun olmamasından ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hərtərəfli araşdırılması üçün zəruri olan halları araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı tələb edilən 10735,79 manat əsas məbləğin haradan qaynaqlanması barədə yetərli sübutları məhkəməyə vermədiyindən, məhkəmə yalnız restrukturizasiya müqaviləsi əsasında qətnamə qəbul etməklə onun işi obyektiv araşdırılmamışdır. İddiaçı ilkin kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini borc məbləğinin şişirdilməsi və əvvəlki kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi əsası ilə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki kredit verən "xxxx" MM QBKT ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2351 nömrəli, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq bağlanmış güzəştli kredit (restrukturizasiya) müqaviləsinin (bundan sonra – Müqavilənin) 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 10735,79 manat qalıq məbləğini ödəməsi məqsədilə 10735,79 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Kredit məbləği kredit verən tərəfindən birbaşa, yəni kredit alana ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Müqavilənin 1.4-cü bəndinə əsasən, kreditin müddəti illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Müqavilənin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Müqavilənin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Müqavilə kredit verən adından X2 tərəfindən və kredit alan adından Cavabdeh2 tərəfindən imzalanmışdır. İşdəki "xxxx" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, **********2***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdəki maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, **********2351 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 10735,79 manat məbləğində əsas kredit borcu, 250,83 manat məbləğində faiz borcu olmaqla, cəmi 10986,62 manat məbləğində borcu vardır. İşdəki xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 122,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun iddiaçıdan götürmüş olduğu əvvəlki kreditin məbləği hazırda tələb olunan məbləğ həcmində olmamış, restrukturizasiya olunaraq hesablanmış 10735,79 manat əsas borc məbləği şişirdilmişdir. Lakin işdəki xx.xx.2019-cu il tarixli, **********2351 nömrəli güzəştli kredit müqaviləsinin 1.8ci bəndindən görünür ki, Cavabdeh2 müqaviləni imzalamaqla iddiaçıya vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə 10735,79 manat məbləğində borcunun olduğunu mübahisəsiz qaydada qəbul etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh2 iddiaçıya vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 10735,79 manat qalıq məbləği olmasını öz imzası ilə təsdiq etməsi onun apellyasiya şikayətinin qeyd edilən dəlilinin formal mülahizədən ibarət olduğunu göstərir. Bu zaman həm də nəzərə alınmalıdır ki, müqavilə iştirakçısı olan Cavabdeh2 sözügedən müqavilənin məzmununu müəyyənləşdirmək azadlığına malik olmuş və həmin müqavilənin məzmunu ilə razılaşmadığı təqdirdə onu imzalamamaq imkanına sahib olmuşdur. Lakin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********2351 nömrəli güzəştli kredit müqaviləsini imzalamaqla həmin müqavilə imzalanan tarixə 10735,79 manat məbləğində iddiaçıya əsas kredit borcu olduğunu mübahisəsiz qaydada qəbul etmişdir. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayətində qeyd etmişdir ki, əvvəlki kredit müqaviləsi təqdim edilsəydi, görünərdi ki, həmin müqavilə üzrə iddia müddəti ötmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı isə bildirir ki, Cavabdeh2 iddiaçı ilə xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsini imzalamaqla, əvvəlki kredit müqaviləsi üzrə borcu etiraf etməsini göstərən hərəkət etmiş, əvvəlki kredit müqaviləsi üzrə iddiaçıya vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 10735,79 manat qalıq məbləği olmasını öz imzası ilə təsdiq etmişdir. Beləliklə də, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, Cavabdeh2 iddiaçıya güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 10735,79 manat əsas, 250,83 manat faiz, cəmi 10986,62 manat borcunun olması müəyyən edildiyindən, Cavabdeh1 Cavabdeh2 kredit öhdəliyini icra etməsi üçün məsuliyyəti tam şəkildə öz üzərinə götürdüyündən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 122,96 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-389/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar