Məhkəmə qərarları › İş №2(106)-863/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-863/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-863/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" BOKT MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 8.140,0 manat cərimə borcu olmaqla, ümumilikdə, 34.712,52 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına 34.712,52 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı poteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi-122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il). "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 19.518,99 manat, faiz borcu 7.053,53 manat, dəbbə 8.140,0 manat, ümumilikdə 34712.52 (otuz dörd min yeddi yüz on iki manat əlli iki qəpik) manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, öhdəliklərini icra etmir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirimişdir ki, "xxxx" BOKT MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 11.651,34 manat faiz borcu, 8.140,0 manat cərimə borcu olmaqla, ümumilikdə, 39.310,33 manat məbləğində borcun borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına 39.310,33 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 197 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli (hakim Orxan Mahmud) qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 nömrəli kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evinə (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) yönəldilməsi, Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində 42 nömrəli fərdi yaşayış evinin (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********4-10301) ilkin satış qiymətinin 57.000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan 19.518,99 manat əsas borc, 7.053,53 manat faiz borcu, 975.95 manat cərimə borcu olmaqla, cəmi 27.548,47 (iyirmi yeddi min beş yüz qırx səkkiz manat, qırx yeddi qəpik) məbləğində borc, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 172.64 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum olmaqla, cəmi 28.462,11 (iyirmi səkkiz min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh qaytarılması, iddia tələbi üzrə tutmanın Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən məcburi qaydada bir ay müddətində çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil və məhkəmə işə baxarkən maddi və prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, məhkəmə cavabdehin iştirakını təmin etməməklə yanaşı real borc məbləğini və ipoteka predmetinin likvid və bazar dəyərini müəyyən etməmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın əsas borc, faiz borcu, cərimə borcu və ipoteka predmetinin ilkin qiyməti hissəsində yenidən araşdırılmaqla iddianın həmin hissədə dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatlarında İmişli Rayon Məhkəməsinin 2(036)- 34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin iddianın faiz borcu, cərimə borcu və ipoteka predmetinin qiyməti hissəsində dəyişdirilməklə, yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən iclasda iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yəni iddianın əsas borc, faiz borcu, cərimə borcu və ipoteka predmetinin qiyməti hissəsində İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması ilə bağlı düzgün nəticəyə gəlsə də, xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcunun müəyyən edilməsi hissəsində, həmçinin ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi hissəsində yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh 36 ay müddətinə, illik 32 faiz hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 122.70 kv.m ümumi, 94.9 kv.m yaşayış, 27.8 köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli 42 nömrəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 57.000,0 AZN məbləğində müəyyən edilmişdir. İşdə olan "xxxx" BOKT MMC tərəfindən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İşdə olan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş dövlət qeydiyyatına alınmışdır. İşdə olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" BOKT MMC-yə olan əsas borcu 19.518,99 manat, faiz borcu 7053,53 manat, dəbbə borcu 8.140,0 manat təşkil edir. İşdə olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" BOKT MMC-yə olan əsas borcu 19.518,99 manat, faiz borcu 11.651,34 manat, dəbbə borcu 8.140,0 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli BD3 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 0073 saylı hüquqi xidmət göstərilməsi haqqında müqavilə üzrə Yusif Allahverdiyevin hesabına 690 manat pul köçürülmüşdür. İşdə olan Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ********** saylı müraciət qəbul olunmuş və 15 manat dövlət rüsumu ödənmişdir. İşdə olan Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 36 manat xidmət haqqı ödənmişdir. İşdə olan "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi- 122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14- 10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il). "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 19.518,99 manat, faiz borcu 7.053,53 manat, dəbbə 8.140,0 manat, ümumilikdə 34712.52 (otuz dörd min yeddi yüz on iki manat əlli iki qəpik) manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, öhdəliklərini icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası “İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Ona görə də, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi üzrə borcu 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsi 42 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında, yəni "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32% hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli 2022/4000 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/4000-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi122.70 kv.m) ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixixx.xx.2022-ci il). İddiaçı kredit müqaviləsi və kredit razılaşmaları üzrə üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Buna görə iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı tərəflər arasında ipoteka predmetlərinin ilkin qiymətinin razılaşma yolu ilə əldə olunmaması səbəbindən mülki iş üzrə müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin likvid dəyəri 100800 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və tərəflər arasında bağlanmış ipoteka müqaviləsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş predmetin ilkin satış qiyməti ilə bağlı müəyyən olunan hissəsi qanuni və əsaslı hesab edilməməlidir. Belə ki, apelyasiya icraatı zamanı təyin edilmiş müstəqil qiymətləndiricinin rəyində ipoteka predmetinin hazırkı tarixə likvid dəyəri 100800 (yüz min səkkiz yüz) manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, hazırkı vaxt üçün ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 100800 (yüz min səkkiz yüz) manat olduğundan həmin məbləğ likvid dəyər kimi qəbul edilməli və ilkin satış qiyməti 100800 (yüz min səkkiz yüz) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi üzrə əsas borc, cərimə borcu və faiz borcu hissəsində dəyərləndirmə aparaq qeyd edir ki, məhkəmə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmayaraq, yalnız iddiaçının tələbini təsdiq edən halları nəzərə alaraq, cavabdehin məhkəmə müdafiəsi hüququnu ehtiva edən ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırmışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır (Mülki Prosessual Məcəllənin 9.1 və 14.1-ci maddələri) İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Apelyasiya icraatı zamanı kollegiya işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 26 avqust 2024-cü il tarixli, 9/3068 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsinin bağlandığı xx.xx.2022ci il tarixdən xx.xx.2024-ci il tarixədək əsas borc üzrə-19.724,44 manat, faiz borcu üzrə-6.400,80 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, dəbbə pulu öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəcədə maneə yaratmamalıdır. Hazırkı iş materiallarından müəyyən edilir ki, birinci inistansiya məhkəməsi cavabdehdən tutulması xahiş olunan cərimə hissəsini azaltsa da tutulan məbləğ, yəni 975.95 manat borc məbləğinə münasibətdə yüksəkdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhdəliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən cərimə pulu hissəsində birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləği nəzərə alınmadan cərimə pulu hesablanmışdır. Odur ki, 975.95 manat məbləğindəki cərimə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq yuxarıda göstərilən məbləğdə müəyyən olunması qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddia tələbinin xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu hissəsi ilə əlaqədar hesab edir ki, cavabdeh tərəfindən həm əsas borc həm də faiz borcu mübahisələndirilmişdir. Lakin 26 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, əsas borc 19.724,44 manat müəyyən edildiyi halda birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tutulan məbləğ daha az olmaqla 19.518,99 manat təşkil edir. Kollegiya hesab edir ki, hər nə qədər ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir, o zaman əsas borc məbləğinin artırılması MPM-in 372-ci maddəsinin tələbləri baxımından cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarar. Lakin kollegiya müqavilə üzrə öhdəliyin icrasının mümkünsüz edilməməsi, həmçinin qəbul ediləcək nəticə üzrə bərpa edilən hüquqların xəyali deyil, praktiki və səmərəli olmasının təmin edilməsi üçün 26 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi faiz borcunun 6.400,80 manat, cərimə borcu isə 200 manat həddində müəyyən edilməsini məqsədə uyğun hesab edir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tutmanın Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən məcburi qaydada bir ay müddətində çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması ilə bağlı qənaətə gəlmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli qərardadı) . Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlandığına görə birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılması və həmin yaşayış sahəsindən çıxarılması barədə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbinə uyğun olmamışdır. Lakin kollegiya qeyd edir ki, MPM-in 372.6-cı maddəsinin tələbi baxımından (apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır) qətnamə cavabdeh tərəfindən yalnız əsas borc, faiz borcu, cərimə borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən hazırkı vəziyyətdə qətnamənin mübahisələndirilməyən, yəni fərdi yaşayış evindən çıxarma və evin boşaldılması hissəsinə hüquqi qiyməti verilməsi yuxarıda qeyd olunan prosessual hüquq normasının tələbini pozmuş olar və apellyasiya instansiya məhkəməsinin səlahiyyət hüdudlarından kənara çıxmasına səbəb olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcu hissəsində və ipotekanın likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək faiz borcu 6.400,80 manat, cərimə borcu isə 200 manat həddində müəyyən edilməli, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin likvid dəyəri 100800 (yüz min səkkiz yüz) manat müəyyən edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti cavabdehdən tutularaq Dövlət nəfinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-34/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixli, 2022/4000 saylı kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcu hissəsində və ipotekanın likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək faiz borcu azaldılaraq 6.400,80 manat, cərimə borcu isə 200 manat həddində müəyyən edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/4000 nömrəli kredit müqaviləsinə əsasən 19.518,99 manat əsas borc, 6.400,80 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 26.119,79 (iyirmi altı min yüz on doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Aşıq Alı küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin likvid dəyəri 100800 (yüz min səkkiz yüz) manat müəyyən edilsin. Cavabdeh mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar