Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-866/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2(056)- 211/2024 saylı qətnaməsindən (hakim N.Bağırov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, 5562.63 manat əsas borc, 3748.96 manat faiz borcu olmaqla cəmi 9311.59 manat məbləğində borcun və 113.12 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 08 yanvar 2021-ci il tarixli GTKR3328536A144 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi ilə 48 ay müddətinə 10600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 22 noyabr 2023-cü il tarixə İddiaçıASC-yə 08 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5562.63 manat əsas, 3748.96 manat faiz, cəmi 9311.59 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2(056)-211/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tərəflər arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli GTKR3328536A144 saylı kredit müqaviləsinə əsasən yaranmış 5562.63 manat əsas kredit borcu, 3748.96 manat faiz borcu və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 113.12 manat, cəmi 9424.71 (doqquz min dörd yüz iyirmi dörd manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək əsas və faiz borcunun tutulması hissəsində ləğv edilərək, iş üzrə ədalətli, qanuni və əsaslı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(056)-211/2024 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalı, iddia tələbi rədd edilməlidir. Birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün cavabdeh olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq, iddianı tam təmin etmişdir. Halbuki, istərsə əsas borc, istərsə faiz borcunun müəyyən olunması ilə bağlı məhkəmə ekspertiza təyin edib obyektiv nəticəyə gələ bilərdi. Qənaətinə görə işə bu səpkidə yanaşma "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Əvvəla, məhkəmə iclasında tərəfindən verilmiş izahatda bildirilmişdir ki, iddiaçıya iddia tələbində göstəridiyi qədər borcu yoxdur, tərəfindən borcun böyük hissəsi qaytarılmışdır, lakin məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Halbuki, belə bir ekspertiza təyin edilsəydi, banka olan borcu dəqiqləşər və əlavə araşdırmaya zərurət qalmazdı. Çox təəssüf olsun ki, məhkəmə zalında dedikləri tam olaraq məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Göstərilənlərdən savayı məhkəmənin işə birtərəfli yanaşmasını da çəkişmə prinsipinin yozulması kimi qiymətləndirir. Məlum olduğu kimi işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. İşə baxan məhkəmə işə baxan zaman onun da dəlillərini nəzərə almalı, onlara qanunamüvafiq hüquqi qiymət verməlidir. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının fundamental prinsiplərindən biri olan "çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayla bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmədə iştirak edə bilməməsinin üzürlü səbəblərinə dair sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (borc alan) arasında 8 yanvar 2021-ci ildə bağlanan GTKR3328536A144 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana istehlak məqsədilə illik faiz dərəcəsi 28% təyin olunmaqla, 48 ay müddətinə qaytarılması şərtilə 10600 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə olunaraq müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada qaytarılması müqavilənin predmetini təşkil etmişditr; 8 yanvar 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirərək borc alana 10600 manat məbləğində kredit vermişdir; Kredit ödəniş qrafikinə əsasən borc alan almış olduğu krediti 8 fevral 2021-ci il tarixindən başlayaraq hər ay 369.43 manat məbləğində ödənişlər etməklə 8 yanvar 2025ci il tarixinədək qaytarmalı idi; Kreditor tərəfindən borc alana 17 noyabr 2023-cü il tarixində göndərilmiş sonuncu bildirişlə kreditor borc alana 8 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16 noyabr 2023-cü il tarixinə əsas borc üzrə 5562.63, faiz borcu üzrə 3748.96 manat olmaqla, ümumilikdə 9311.59 manat məbləğində ümumi borcunun, ödəmələrdə 130 gün gecikməsinin olduğunu bildirərək, 3 gün müddətində tam olaraq borc məbləğinin ödənilməsini tələb etmiş, əks halda barəsində qanunmüafiq qaydada tədbirlərin görüləcəyini nəzərinə çatdırmışdır; 27 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borc alan Cavabdeh 8 yanvar 2021-ci il tarixli GTKR3328536A144 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında icra edilməmiş öhdəliyi 22 noyabr 2023-cü il tarixinə əsas borc üzrə 5562.63, faiz borcu üzrə 3748.96 manat olmaqla, ümumilikdə 9311.59 manat təşkil edir; İş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli 9/4331 saylı ekspert rəyinə əsasən 8 yanvar 2021-ci il tarixli GTKR3328536A144 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında 16 noyabr 2023-cü il tarixinə icra edilməmiş kredit öhdəliyi əsas borc üzrə 5562.63, faiz borcu üzrə 3520.98 manat, 16 yanvar 2024-cü il tarixinə (birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixə) icra edilməmiş kredit öhdəliyi əsas borc üzrə 5562.63, faiz borcu üzrə 3780.57 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü müqavilə müddəti ərzində hesablanan əsas borc, faiz borcu hissədə tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə tələb olunan əsas borc və faiz borcunun artıq hesablanması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya instansiya məhkəməsində baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2(056)-211/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-866/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-866/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver