Məhkəmə qərarları › İş №2(106)-868/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-868/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-868/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(017)-150/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 8500 manat məbləğində verilmiş sığorta ödənişinin və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçı "xxxx"nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(017)-150/2024 saylı (Hakim: Etibar Quliyev) qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh 8500 manat (səkkiz min beş yüz manat) və dövlət rüsumuna görə ödənilmiş 105 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları xx.xx.2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş, 2(106)868/2024 saylı nömrə verilərək, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 25 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(017)- 150/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(017)- 150/2024 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. MPM-nin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımından apelyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərində qətnamənin düzgün hesab etmədiyi konkret əsaslarını, həmin əsasları təsdiq edən sübutları, eləcə də fakt və halları apelyasiya şikayətinin dəlillərində göstərməmiş, apelyasiya şikayətinin “maddi hüquq normalarının pozulması” və “prosessual hüquq normalarının” pozulması ilə bağlı hissəsində məhkəmə tərəfindən işə baxılarkən Mülki Mücəllənin hansı normasının, həmçinin MPM-nin hansı normasının pozulmasını göstərməmişdir. Bundan əlavə apelyasiya şikayəti “2 saylı Əlavə”yə uyğun tərtib edilməmişdir. Belə ki, MPM-də göstərilən “2 saylı Əlavə”yə uyğun olaraq apelyasiya şikayəti verən şəxs Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri, irinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlilləri öz apellasiya şikayətində göstərməlidir. Lakin cavabdeh tərəfindən apelyasiya şikayəti verilərkən nə MPMnin 361-ci maddəsinin tələblərinə, nə də “2 saylı Əlavə”nin tələblərinə riayət edilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(017)-150/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar