Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-868/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(049)-1589/2025 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəzi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cənub RETSİ Lənkəran Elektrik şəbəkəsinin İddiaçı1 vurduğu 3750 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi, digər İddiaçı2 vurduğu 3000 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi, həmçinin 87,9 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(049)-1589/2025 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 Təchizatı və Satışı idarəsi (RETSİ) Lənkəran Elektrik şəbəkəsi “pul tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı2 Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(049)-1589/2025 saylı qərardadından şikayət verərək Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(049)-1589/2025 saylı qərardadını ləğv etməklə şikayətin təmin edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə Lənkəran Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin qərardadında iddiaçıların vergi ödəyicisi kimi qeydiyyatda olmaları, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, cavabdehin isə inzibati orqan olması əsas gətirilərək hazırki mülki işin ümumi məhkəmələrə deyil, kommersiya məhkəməsinə aid olması qeyd edilmişdir. Halbuki iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, iddianın predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Cavabdeh Lənkəran Elektrik şəbəkəsindən tələb edilən pul məbləği müqavilə tələblərindən və ya digər sahibkarlıq fəaliyyəti ilə bağlı öhdəliklərdən deyil, maddi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(049)-1589/2025 saylı qərardadında isə əsassız olaraq maddi ziyanla bağlı tələbləri sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu qeyd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(049)-1589/2025 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1589/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı2 şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, məhkəmə tərkibi qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(049)- 1589/2025 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki, hazırki iddia ərizəsində qeyd edilən tələb tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqadar olan münasibətdən yaranan mübahisədən irəli gəlir. Hər iki tərəf hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. İş üzrə iddiaçılar və cavabdeh sahibkarlıq subyektidirlər, həmçinin iş üzrə iddia predmeti və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqadardır. Ona görə də İddiaçı1 və İddiaçı2 mövcud iddia ərizəsi geri qaytarılmalıdır. Qərardaddan narazı qalan İddiaçı2 şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(049)-1589/2025 saylı qərardadını ləğv etməklə şikayətin təmin edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə Lənkəran Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasındabaxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyatı ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Republikası Ali Məhkəməsi Plenumunun qərarının 4-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsinə baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələndiyindən bu şikayətlərə baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə baxdıqdan sonra məhkəmələr arası aidiyyətlə bağlı məsələnin həlli üçün iş materiallarını kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, apellyasiya instansiyası məhkəməsinə göndərmiş və apellyasiya instansiya məhkəməsinin məhkəmələr arası aidiyyatla bağlı məsələyə baxmaq səlahiyyəti olmadığından, İddiaçı2 tərəfindən verilmiş şikayət qeyri mümkün hesab edilərək, mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi onu da qeyd edir ki, verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(049)-1589/2025 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-868/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-868/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver