Məhkəmə qərarları › İş №2(106)-874/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-874/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-874/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı QSC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın- Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq satıcı İddiaçı QSC mülkiyyətində olan Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh 15000 manat (on beş min) müqabilində mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Cavabdeh qalan 12000 manat məbləği 36 ay müddətinə ayda 333.34 manat (üç yüz otuz üç manat otuz dörd qəpik) olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 2687 manat ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı- satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə yazılı etiraz göndərərək iddiaçıya cəmi 3500 manat borcu olmasını, Bakı şəhərində omba əməliyyatı olunduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə mötəbər sübutları olduğundan məhkəmə iclasında təqdim edəcəyini bildirməsinə baxmayaraq xəstə olması, omba əməliyyatı olunması barədə rəsmi sənəd və digər sübutlar təqdim etməmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh Əliyev X5 rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh şikayətində göstərmişdir ki, o, "xxxx" QSC-dən kredit götürmüş, kreditin təminatı olaraq Masallı rayon Ərkivan qəsəbəsində 0,04 hektar torpaq sahəsi və üzərində 258,9 kvadrat metr olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu vaxtında ödəyə bilmədiyindən fərdi yaşayış evi iddiaçı təşkilatın mülkiyyətinə keçmişdir. Sonradan iddiaçı təşkilat onunla nisyə alğı-satqı müqaviləsi bağlayaraq evini ona satmışdır. Razılaşdığı pulu hər ay iddiaçı təşkilatın hesabına ödəyirdi. Yol nəqliyyat hadisəsində qəza törədərək ağır bədən xəsarəti almış, qəza nəticəsində omba sümükləri sınmışdır. Mütəmadi olaraq aylıq ödənişlərini etsə də bank ondan əlavə pullar istəyir. Onun banka 5000-6000 manat civarında borcu vardır. Məhkəmə bu hissələri araşdırmadan iddia tələbini əsassız olaraq təmin etmişdir. Onun mübahisəli evdən tək çıxarılması barədə qətnamə qəbul etmişdir. Mübahisəli evdə onunla birlikdə həyat yoldaşı, oğlu və qızı da yaşayır. Məhkəmə bu hissələri araşdırmamış və onun ailəsinin taleyini həll etmişdir. Dəfələrlə məhkəməyə xəstə olduğu barədə ərizə və teleqramla müraciət etmişdir ki, məhkəmə iclasını başqa vaxta təxirə salsın. Lakin məhkəmə heç bir əsas gətirmədən məhkəmə iclaslarını təxirə salmamışdır. Banka ödədiyi 7000 manata yaxın pulu isə ümumiyyətlə nəzərə almamışdır. İzahatlar Prosessualməslələr Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstərmişdir ki, kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktları ilə ipoteka predmetinə tutma yönəldilmişdir. Hərracda satılmadığından yaşayış evi bankın balansına keçib, bunun əsasında Bankın mülkiyyət hüququnu təsdiq edən çıxarış alınıb, həmin əmlak nisyə alqısatqı ilə yenə əvvəlki mülkiyyətçinin özünə satılmışdır. Cavabdeh evə görə əvvəlcə 3200 manat ödəniş etsə də 2022-ci ildən sonra heç bir ödəniş etməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə xəbərdar edilmiş, lakin gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit borcunun tutulması ilə bağlı məhkəmə işləri olmuş, kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktları ilə ipoteka predmetinə tutma yönəldilmişdir. İpoteka predmeti olan yaşayış evi hərracda satılmadığından yaşayış evi bankın balansına keçmişdir. Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC-nin mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evininin alqı-satqı barədə 30 avqust 2022-ci il tarixli nisyə müqavilə bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən “Satıcı”- İddiaçı QSC müqavilədə göstərilən əmlakı 15000 manata satmaqla “Alıcı”- Cavabdeh mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 12000 manat məbləği 36 ay müddətinə ayda 333.34 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Hazırki tələbində iddiaçı 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsini xahiş etmişdir. Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsinə dair təklifdən görünür ki, həmin müddətə müqavilədə nəzərdə tutulmuş tarixlərdə 2687 manat ödənilməmişdir. Cavabdeh İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdırıb hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 600-cü maddəsinə əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ödənişləri barədə hərhansı sənəd təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(050)-283/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar