Məhkəmə qərarları › İş №2(106)-878/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-878/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-878/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X1 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 37/T saylı borc müqaviləsinə əsasən, borcalan (cavabdeh) Cavabdeh1 2485,51 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 37/T saylı borc müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə 18 mart 2020-ci il tarixli 37/T saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT kredit borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2473.32 manat əsas, 46.60 manat faiz borcu olmaqla, cəmi 2519.92 manat borcun və 45.19 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2020-ci il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC BOKT İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 37/T saylı güzəştli borc müqaviləsinə əsasən Cavabdeh1 2485,51 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixli 37/T saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 2473,32 manat, faiz borcu 46,6 manat olmaqla, cəmi borc 2519,92 (iki min beş yüz on doqquz manat 92 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1və onun zamin Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdehin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə yazılı icraat qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İmişli Rayon Məhkəməsinin (hakim L.Ağakişiyeva) 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2473.32 manat əsas, 46.60 manat faiz borcu olmaqla, cəmi 2519.92 (iki min beş yüz on doqquz manat, doxsan iki qəpik) manat məbləğində borcun və 45.19 (qırx beş manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kredit öhdəliyini ödəniş cədvəli üzrə ödəməklə icra etməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, İddiaçı BOKT QSCnin İmişli Filialı ilə aralarında iş materiallarında olan 18 mart 2020-ci il tarixli, 37/T saylı güzəştli borc müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən o, iddiaçı kredit təşkilatından 2485, 51 manat məbləğində aldığım borcu illik 1 faiz hesablanmaqla 5 il müddətində qaytarmaq barədə öhdəlik götürmüşdür. İş materiallarında olan müqavilənin şərtlərinə və ona əlavə olunmuş ödəniş cədvəlinə görə, o iddiaçıya ilk 1 il ərzində hər ay 2,07 manat olmaqla, 12 ay üçün cəmi 24,87 manat, sonrakı ildən başlayaraq qalan 4 il üçün əsas və faiz borcu daxil olmaqla, hər ay 52,85 manat ödəməlidir. Qeyd edir ki, bu apellyasiya şikayətinə əlavə edəcəyi ödəniş qəbzlərindən göründüyü kimi, iddiaçı kredit təşkilatına müqavilənin birinci ili üçün daha artıq məbləği, yəni 25 manat borcunu ödəmişdir. Növbəti il isə maddi vəziyyəti son dərəcə pisləşdiyi üçün ödənişi dayandırmağa məcbur olmuşdur. Bununla belə, həm iddiaçının tələblərini, həm də maddi imkanımın bir qədər yaxşılaşmağını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən daha əvvəl, yəni 2025-ci ilin yanvar ayından başlayaraq, yanvar, fevral və mart ayları üzrə hər ay kredit borcundan 50 manat, cəmi 150 manat pul ödəmişdir. Hazırkı aprel ayında da qeyd etdiyi məbləği ödəyəcək, habelə sonrakı aylarda da öz öhdəliyini hər ay icra edəcəkdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cəmi 2519,92 manat pul borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. O, bununla bağlı iddiaçı tərəflə razılaşmağa çalışacaqdır. Lakin İddiaçı QSC ilə razılaşma barədə mümkün ümidlərinə İmişli rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-777/2025 saylı qətnaməsi mane olur. Ona görə ki, göstərdiyi kimi, həmin qətnamənin tələbinə görə, o borclu olduğu bütün məbləği birdəfəyə ödəməlidir ki, kreditor da müvafiq qətnamənin ona verdiyi hüquqdan istifadə edərək bunu tələb etməyə çalışacaq və razılaşmaya gəlməyəcək ki, bu qədər məbləği də dərhal ödəmək imkanına malik deyildir. Məlumat üçün bildirir ki, ona artıq əmək pensiyası təyin olunub, borcunu həmin pensiyadan ödəyəcəkdir. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı cavabdehin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, İddiaçı BOKT QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 37/T saylı borc müqaviləsinə əsasən, sonuncu 2485,51 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa, həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə 18 mart 2020-ci il tarixli 37/T saylı zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sənədlərə görə, Cavabdeh1 kredit müqaviləsi üzrə (kredit və faizləri üzrə) 2473.32 manat əsas, 46.60 manat faiz borcu olmaqla, cəmi 2519.92 manat borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia keçərlidir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcu ödəmədiyindən əsas borc və faiz borcu cavabdehdən haqlı olaraq tələb edilmişdir. Cavabdeh şikayətində onun tərəfindən müəyyən ödənişlər edildiyini bildirmişdir. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, 2021-ci ilin may ayından qrafik üzrə ödənişlərdə pozuntulara yol vermişdir. Ona görə də iddiaçı BOKT tam borcunu tələb etməkdə haqlı olmuşdur. Cavabdeh kredit borcundan 50 manat ödəniş etməsi barədə qəbzi təqdim etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsindən sonra edilən ödənişlər isə icra zamanı nəzərə alına bilər. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(036)-777/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar