Məhkəmə qərarları › İş №2(106)-881/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-881/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-881/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh borca görə 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşinhalları İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində borcun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlcədən tanığı Cavabdeh 28 fevral 2021ci il tarixdə 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh götürdüyü pulu istənilən müddətdə qaytarmağı öz öhdəsinə götürmüş və borc müqaviləsini imzası ilə təsdiq etmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmiş, göstərmişdir ki, İddiaçı 7000 manat borcu almış, borcunu qaytaracağına dair qəbz versə də, maddi imkanı olmadığından borcunu qaytarmamışdır. Hazırda qalan borcunu tam şəkildə qaytara bilmir. İddiaçıya olan borcunu hissə-hissə qaytaracağına söz verir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin borcunu etiraf etməyini əsas tutmuş, lakin cavabdehin verdiyi izahatı təhrif olunmuş formada qətnaməyə daxil etmişdir. Belə ki, əslində sələmə 1100 manat borc almış, lakin qəbzə 7000 manat yazmışdır. Qanunvericiliyə uyğun olaraq 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı idi. Hazırda iddiaçı ilə aralarında olan səs yazısını əldə etmişdir və bu səs yazısı onun dediklərini təsdiq edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında, qətnamədən sonra iddiaçı ilə aralarında olan səs yazısını əldə etdiyini, bu səs yazısının sübut olaraq qəbul edilməsini xahiş etmişdir. Belə ki, səs yazısında iddiaçı borcun 7000 olmadığını bildirmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə teleqram göndərərək, yolun uzaqlığı və xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı borc olaraq cavabdehə verdiyi 7000 manat məbləğində pulun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında sadə yazılı borc müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 23 fevral 2021-ci il tarixli borc müqaviləsinə görə Cavabdeh İddiaçı istənilən vaxt qaytarmaq şərtilə 7000 manat məbləğində borc pul almışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində izahatlarının təhrif olunduğunu, borcu etiraf etmədiyini, iddiaçıdan əslində sələmə 1100 manat borc aldığını, lakin qəbzə 7000 manat yazdığını qeyd etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmış, sübut olaraq tərəflər arasında bağlanmış borc müqaviləsini təqdim etmişdir. Borc müqaviləsi mübahisələndirilməmişdir. Cavabdeh müqavilədəki imzanın ona məxsusluğunu da inkar etməmişdir. Cavabdeh izahatında iddiaçıdan 7000 manat deyil, 1100 manat borca pul aldığını bildirsə də, bu halı təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində və izahatında qətnamədən sonra iddiaçı ilə aralarında olan səs yazısını əldə etdiyini, həmin səs yazısında iddiaçının, aralarında olan borcun 7000 olmadığını bildirmiş, eyni zamanda səs yazısı olan diskləri təqdim etmişdir. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş disklərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. MPM-in 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Cavabdeh izahatında təqdim etdiyi həmin səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməmişdir. Bununla yanaşı o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh etirazını əsaslandırdığı və istinad etdiyi sübutlarını birinci instansiya məhkəməsində işin məhkəmədə hazırlanması mərhələsində təqdim etməmişdir. Göstərilənlərə əsasən Kollegiya cavabdehin təqdim etdiyi diskləri sübut olaraq qəbul etmir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(020)-1852/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar