Məhkəmə qərarları › İş №2(106)-884/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-884/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-884/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli e-2(036)-3752/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi verərək Cavabdeh 4640,34 manat məbləğində əsas kredit borcu, 48,23 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 4688,57 manat məbləğində pul vəsaitinin, həmçinin iddianın verilməsi üçün ödənilmiş 66,89 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(036)-3752/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən 4640.34 manat əsas borc, 48.23 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 66.89 manatın tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və ötürülmüş prosessual müddətin bərpası haqqında əriəz verərək apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün göndərilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli 2(036)-3752/2022 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh şiakyət verərək qərardadının ləğv edilməsi, iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(036)-3752/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş,qərardaddan cavabdeh tərəfindən veirlmiş şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, İmişli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(036)-3752/2022 saylı qətnaməsinin surətini heç vaxt almamışdır. İcra şöbəsinə çağırıldıqdan sonra qətnamədən məlumatlı olmuş və dərhal qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 128-ci maddəsindən görünür ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, cavabdeh şikayətində qətnamənin mövcudluğundan xəbərinin olmamasını və bu barədə yalnız icra şöbəsində məlumat aldığını bildirmişdir. Cavabdeh adıçəkilən qətnamədən daha əvvəldən məlumatlı olması ümumiyyətlə, işdən görünmür. Qanunvericilikdə prosessual hərəkətlərin edilməsi üçün müddətin başlanğıcının hətta hərəkətin edilə biləcəyi vaxt dövrü ilə də müəyyən edilməsi nəzərdə tutulmuşdur. İş materialları tədqiq edilərkən müəyyən olunur ki, cavabdehin qətnaməsini alması ilə bağlı hər hansı qəbz, xəbərnamə və s. yoxdur. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin prosessual normanın tələbindən görünür ki, tərəfin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Beləcə, məhkəmə hazırkı mülki işin “Elektron məhkəmə” informasiya sistemində mövcudluğu və sistemdə birinci instansiya məhkəməsi tərəfindən həmin iş üzrə elektron kabinet yaradılması məsələsini yoxlamalıdır. Bu halda, birinci instansiya məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayətinin qeydiyyata alınması üçün zəruri olan hərəkətləri də etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli e-2(036)-3752/2022 saylı qərardadı ləğv edilərək İmişli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(036)3752/2022 saylı qətnaməsindən cavabdehə münasibətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli e-2(036)-3752/2022 saylı qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(036)-3752/2022 saylı qətnaməsindən cavabdehə münasibətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar