Məhkəmə qərarları › İş №2(106)-886/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-886/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-886/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-723/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 10621,55 manat, faiz borcuna 1239 manat, cəmi 11860,55 manat məbləğində borcun və 125,55 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 788 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsi COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixli, **********0127 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 14961,55 manat, faiz 0 manat, cərimə 0 manat müəyyən edilmişdir. Sazişin 5-ci bəndinə əsasən əsas müqavilə üzrə və ya yeni zamin(lər) olduğu halda həmin zamin(lər) bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu Sazişlə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edirlər. Həmçinin, əlavə olaraq xx.xx.2021-ci il tarixli, **********0127-625563 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 10621,55 manat, faiz borcuna görə 1239 manat, cərimə borcuna görə 0 manat, cəmi 11860,55 manat borcu var. Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-723/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Pərviz Əhmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə əsas borc qismində 10621,55 manat, faiz borcu qismində 1239 manat, ümumilikdə 11860,55 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, e-2(022)-723/2022 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-723/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində 125,55 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə tutulması göstərilməklə yanlışlığın aradan qaldırılması qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-723/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsinin Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış, Cavabdeh3 da həmin müqavilə üzrə zaminlik müqaviləsi bağlamışdır. Daha sonra, xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsi “COVİD-19” pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli, 135s nömrəli sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixli, **********0127 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və xx.xx.2021-ci il tarixli, **********0127-625563 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsi restrukturizasiya olunduqdan sonra Cavabdeh3 onda zamin kimi iştirak etməmişdir. İddiaçı onu da digər zaminlərlə birgə məhkəməyə vermişdir. O, birinci instansiya məhkəməsinin qətnaməsini 19 yanvar 2023-cü il tarixində əldə etdikdən sonra iddiaçı banka getmiş, oradan ona anlaşılmazlıq olduğunu və apellyasiya məhkəməsinə dəvət olunduqları zaman onun zaminliyinə xitam verilməsini xahiş edəcəklərini bildirmişlər. Məhkəmə tərəfindən Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə əsas borc qismində 10621,55 manat, faiz borcu qismində 1239 manat, ümumilikdə 11860,55 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia təmin edilməməli idi. Zaminliyə xitam verilməli olduğu halda məhkəmə onun zaminliyinə xitam verməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 olmuş, Cavabdeh3 isə həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Lakin sonradan Cavabdeh3 təcili pul lazım olmuş, kredit götürə bilməsi üçün onun zaminliyinə xitam verilməsi zərurəti yaranmış, bu barədə banka məlumat verildikdə Cavabdeh1 kredit öhdəliyi üçün əlavə 2 zaminin olması halında Cavabdeh3 zaminliyinə xitam veriləcəyi bildirilmişdir. Buna görə də Cavabdeh1 atası Cavabdeh4 və anası Cavabdeh2 ilə yeni zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 və Cavabdeh3la da yeni müqavilə imzalanmış, onlar həmin müqavilənin Cavabdeh3 zaminliyinə xitam verilməsi ilə bağlı müqavilə olduğunu düşünərək 2 vərəqdən ibarət restrukturizasiya müqaviləsini imzalamışlar. Bundan əlavə, sorğu verilərək Cavabdeh3 ilə bağlı kredit hesabatı alınmış, xx.xx.2023-cü il tarixində tərtib olunmuş kredit hesabatında onun hər hansı öhdəliyə zamin olması haqqında məlumatın mövcud olmaması bildirilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 çıxış edərək bildirdi ki, o, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borclu olmuş, Cavabdeh3 isə ona zamin durmuşdur. Lakin sonradan Cavabdeh3 pul lazım olduğu üçün kredit götürməli olmuşdur. Buna görə də, onun zaminliyinə xitam verilməsi zərurəti yaranmış, Cavabdeh1 atası və anasını zamin kimi göstərmişdir. O, restrukturizasiya müqaviləsini imzalayarkən Cavabdeh3 zaminliyinə xitam verildiyini hesab etmiş, həmin müqavilənin zaminliyə xitam verilməsi haqqında müqavilə olduğunu düşünmüşdür. Bank restrukturizasiya müqaviləsi imzalanarkən onları aldatmışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh4 çıxış edərək bildirdi ki, o, Cavabdeh3 onun oğlu Cavabdeh1 zamin durmasına görə kredit götürə bilmədiyini eşitmiş, özü və yoldaşı Cavabdeh2 Cavabdeh3 yerinə Cavabdeh1 zamin durmuşlar. Onlara Cavabdeh3 zaminlikdən çıxarıldığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – yalnız özünə aid olan hissədə mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 apellyasiya şikayətinə əsasən ona aid olan hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdəki kredit verən "xxxx" MM QBKT ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23 faiz ödənilməsi şərtilə 24 ay müddətinə 15000 manat məbləğində pul vəsaitini kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşdəki kredit verən "xxxx" MM QBKT ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdəki xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsinin restukturizasiyasına dair xx.xx.2020-ci il tarixli, **********0127 saylı sazişin 1-ci bəndindən görünür ki, bu restrukturizasiya sazişi ilə tərəflər arasında bağlanmış əsas müqaviləyə müqavilə üzrə bu sazişin imzalandığı tarixə əsas qalıq borc məbləğinin 14961,55 manat olması barədə dəyişikliyin edilməsinə dair razılığa gəlmişlər. Həmin sazişin 3-cü bəndinə əsasən, bu sazişin 1-ci maddəsində göstərilən məbləğ 24 ay müddətinə tamamilə ödəniləcəkdir. Həmin sazişin 4-cü bəndinə əsasən, bu saziş əsas müqavilənin tərkib hissəsi hesab edilir, əsas müqavilə ilə müəyyən edilmiş və hazırkı saziş ilə dəyişdirilmiş şərtlərə münasibətdə bu sazişin şərtləri üstünlük təşkil edir, əsas müqavilə və onun bütün digər şərtləri öz qüvvəsini saxlayır. Həmin sazişin 5-ci maddəsinə əsasən, əsas müqavilə üzrə və ya yeni zamin(lər) olduğu halda, həmin zamin(lər) bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edir. xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsinin restukturizasiyasına dair xx.xx.2020-ci il tarixli, **********0127 saylı saziş kredit verən, kredit alan Cavabdeh1 və zamin Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarının 19-cu vərəqində olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" MMC QBKT-yə olan borcu 10621,55 manat əsas borc, 1239 manat müqavilə müddətinin sonuna faiz borcu olmaqla, cəmi 11860,55 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə cavabdeh tərəfin xx.xx.2020-ci il tarixli restukturizasiya sazişinin iddiaçının onları aldatması ilə bağlanılmasına dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “B.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər ikisi zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı müqaviləni imzaladıqlarını zənn etsələr də, aldadılma nəticəsində restrukturizasiya sazişini imzaladıqlarını bildirmişlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu dəlilini inandırıcı hesab etmir və bildirir ki, xx.xx.2020-ci il tarixli restrukturizasiya sazişi Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanarkən onların həmin sazişlə tanış olmaq və bu barədə iddiaçı bank onları aldatmış olsaydı, onların dərhal bu barədə öz etirazlarını bildirmək imkanı olsa da, onlar həmin vaxt hər hansı etiraz bildirməmiş, sazişi imzalamışlar. Bundan başqa, Cavabdeh3 həmin sazişin onun aldadılması ilə bağlandığını bilməli olduğu xx.xx.2020-ci il tarixindən bir il ərzində həmin əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, restrukturizasiya sazişinin cavabdehlərin aldadılması və onlarda yanlış fikrin yaradılması ilə bağlanılmasına dair cavabdeh tərəfin dəlili əsassızdır. Məhkəmə kollegiyası Cavabdeh3 zaminliyinə xitam verilib-verilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Məhkəmə kollegiyası bildirir ki, zamin Cavabdeh3 zaminliyinə xitam verilməsi üçün MM-in 477.0.1-ci maddəsində göstərilən hər hansı əsas mövcud deyil. Belə ki, onun zaminliyinin təmin etdiyi öhdəliyə xitam verilməmiş, habelə onun razılığı olmadan həmin öhdəliyə hər hansı dəyişiklik edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, **********0385 saylı kredit müqaviləsinin restukturizasiyasına dair xx.xx.2020-ci il tarixli, **********0127 saylı sazişin 4-cü bəndindən də görünür ki, bu saziş əsas müqavilənin tərkib hissəsi hesab edilir, əsas müqavilə ilə müəyyən edilmiş və hazırkı saziş ilə dəyişdirilmiş şərtlərə münasibətdə bu sazişin şərtləri üstünlük təşkil edir, əsas müqavilə və onun bütün digər şərtləri öz qüvvəsini saxlayır. Həmin sazişlə əsas müqaviləyə dəyişiklik edilərkən zamin Cavabdeh3 da razılığı alınmış, o, sazişi imzası ilə təsdiq etmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh3 zaminlik müqaviləsində onun verilməsi müddəti təyin edilmədiyindən və zaminliyə xitam verilməsi üçün MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmədən zamin Cavabdeh3 qarşı iddia irəli sürüldüyündən, Cavabdeh3 zaminlik müqaviləsinə həmin əsasla da xitam verilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh3 restrukturizasiya sazişi bağlandıqdan sonra həmin saziş üzrə zaminlik götürmədiyini bildirsə də, həmin sazişin 5ci bəndindən görünür ki, əsas müqavilə üzrə zamin bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edir. Beləliklə, zamin Cavabdeh3 restrukturizasiya sazişini imza etməklə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı saymır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, kredit müqaviləsi üzrə borc məbləğinin digər cavabdehlərlə yanaşı, Cavabdeh3 da müştərək qaydada tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-723/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar