Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-893/2024 25.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) X4 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-2952/2023 saylı qətnaməsindən (hakim Habil Bəhmənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh onun mülkiyyətində olan 18 ədəd qəlyan, onların ləvazimatları və istifadə üçün tütün məmulatlarını, onlar naturada olmadığı təqdirdə onların qiyməti olan 8374 manat məbləğində pulun və 104 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəldən tanımış, Taleh Masallı şəhəri Təzə Bazar adlanan yerdə "SCAR” çay evini və X15 adlanan yerdə "Samovar” çay evlərini işlətmişdir. Ondan əvvəl həmin çay evində köhnə Misir qəlyanlarından istifadə olunurdu. Müştəri yığa bilmədiklərindən həmin çay evlərində qəlyanın verilməsini ona həvalə etmişdir. Aralarında olan razılaşmalara görə, qəlyan və onun ləvazimatlarının alınmasından və onların düzəldilərək müştərilərə çatdırılmasına qədər məsuliyyət onun üzərində olmuşdur. Qazancın isə 60 faizi onun, 40 faizi isə Cavabdeh olacaqdı. Razılaşmalarından sonra o, Bakı şəhərində olan Elvin adlı şəxsdən ümumilikdə 15 ədəd qəlyan və onların ləvazimatlarına 4000 manat pul vermişdir. Sonradan Masallı rayonundan olan Elməddin və Əli adlı şəxsdən 3 ədəd qəlyana 500 manat pul verərək almışdır. Elvin adlı şəxsdən 30 ədəd qəlyanın çaşqasına 900 manat pul verərək almışdır. Adları çəkilən çay evlərində 2000 manatdan çox qəlyanda istifadə üçün nəzərdə tutulmuş tütün məmulatları qalmış və həmçinin xx.xx.2023-cü il tarixdə Elvin adlı şəxsdən qəlyan üçün tütün məmulatına 947 manat pul verib almışdır. Cavabdeh adları çəkilən çay evlərində qəlyan fəaliyyətinə başlamışlar. Bir müddət işləmiş, qazancı da qeyd olunduğu kimi bölmüşlər. Həmin çay evlərində Cavabdeh işçiləri olmuş və qəlyan işində ona kömək etmiş X6 və qardaşı X9 olmuşlar. Onlarda məhkəmə iclasında şahid kimi iştirak edəcəklər. Münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılan zaman o, qəlyanlarını və onların ləvazimatlarını və tütün məmulatlarını götürmək istədikdə Cavabdeh etirazını bildirdi və onları verməmişdir. Cavabdeh polisə şikayət etmiş, polisdə araşdırma getmiş, qəlyanları ona satan Elvin adlı şəxsdə polisdə şahid kimi izahat vermişdir. O, da məhkəmə iclasında da şahid kimi iştirak edəcəkdir. Münasibətləri mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək barədə hüquqları ona izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdehla 01 il 06 aya yaxın birgə fəaliyyət göstərmişlər. Aralarında olan razılaşmalara görə o, qəlyan, kömür, tütün, müştük, bütün avadanlıqları almalı, Cavabdeh çayxananı işlətməli idi. Cavabdehla münasibətləri 2023-cü ilin iyul ayında pozulmuşdur. Cavabdeh qəlyanları ona qaytarmayacağını demişdir. Almış olduğu ləvazimatlardan tütün məmulatları işlədilmiş, yalnız sonuncu dəfə 15 sentyabr 2023-cü il tarixdə almış olduğu tütünlər işlədilməmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə şəriklik münasibətləri olmuşdur. Qazancın 60 faizi Vəlinin, 40 faizi onun olmuşdur. Obyekt onundur, qəlyanlar obyektə məxsusdur. Aralarında borc münasibətləri yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-2952/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ümumi dəyəri 6437 manat olan 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd "Buta black”, 40 manat dəyərində 5 ədəd “Brüska” tütün, 250 manat dəyərində 1 ədəd “Misir” qəlyanı, 100 manat dəyərində 50 ədəd müşdük, 180 manat dəyərində 30 ədəd “Klaud” çaşka, 900 manat dəyərində 30 ədəd “Quasar” çaşka, 60 manat dəyərində 10 dədə bazuki, 500 manat dəyərində 2 ədəd “Joystik” qəlyan, 600 manat dəyrində 2 ədəd “Big-boss” qəlyan, 100 manat dəyərində 50 ədəd müşdük, 250 manat dəyərində 1 ədəd “Misir” qəlyan, 500 manat dəyərində 2 ədəd “Big-boss” qəlyan, 600 manat dəyərində 2 ədəd “Jostik” qəlyan, 120 manat dəyərində 60 ədəd müşdük, 1000 manat dəyərində 4 ədəd “Misir” qəlyan, 300 manat dəyərində 1 ədəd “Bigboss” qəlyan, 30 manat dəyərində 15 ədəd müşdük və ya qətnamə icra olunan vaxt olmayan əşyanın dəyəri, o cümlədən və dövlət rüsumuna ödənilmiş 84.37 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və onun vəkili X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin məzmununa oxşar məzmunda izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə şərikli işləmişlər. Onun iddiaçıya qətnamədə göstərilən qədər borcu yoxdur. Onun iddiaçıya təxminən 1500-2000 manat borcu ola ya olmaya. İddiaçını qəyan və onun ləvazimatlarını satan Elvinlə özü tanış etmişdir. Qəlyan və ləvazimatlarını iddiaçı özü Elvindən almış, qəlyanlar hazırda çay evində qalsa da onun tütün və s. kimi ləvazimatları istifadə olunmuşdur. İşlənmiş olduğundan hazirda qəlyanların hər biri 50 manat edər. 60%-in 40%-ə işləsələr də iddiaçı onun işçisi olmuşdur. İddiaçının sosial müdafiə fonduna ödənilməmiş qalan borcu vardır. İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlə eyni məhlədə böyümüş, uzun müddətdir ki, birbirlərini tanımışlar. Onlar əvvəlcə “SCAR” çay evini işlətmiş, sonradan isə X15 adlanan yerdə "Samovar” çay evini də işlətmişlər. Razılaşmalarına əsasən qazancın 60%-i onun, 40%-i isə cavabdehin olmuşdur. Hər iki çayxanaya qəlyan və ləvazimatlarını o özü almışdır. Bununla bağlı qaimələri məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı cavabdehə münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4. və 390.5-ci maddələrinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan Cavabdeh Masallı RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı onun işçisi olmuşdur. Onla işlədiyi müddətdə qəlyanların sayını artırmışlar. Obyekt üçün alınan qəlyanlar obyektdə də qalacaqdır. Qəlyanların maya dəyəri hesablanacaq və onun tərəfindən pulu ödənilcəkdir. İddiaçı onun yanına işləməyə gələrkən özü ilə hər hansı qəlyan vasitəsi gətirməmişdir. Bütün qəlyanlar onunla birlikdə alınmışdır. Qəlyan və tütünlərin pulunu məhkəmə yolu ilə ödəyəcəkdir. İşdə olan 13 iyul 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd "Buta black”, 40 manat dəyərində 5 ədəd "Brüska” tütün; -17 may 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 250 manat dəyərində 1 ədəd "Misir” qəlyanı, 700 manat dəyərində 20 ədəd "Bador” tütün, 875 manat dəyərində "Enjoy” tütün, 100 manat dəyərində 50 ədəd müşdük, 630 manat dəyərində 90 paçka kömür, 210 manat dəyərində "Darkside” tütün, 120 manat dəyərində "Brüska” tütün, 180 manat dəyərində 30 ədəd "Klaud” çaşka, 900 manat dəyərində 30 ədəd "Quasar” çaşka, 60 manat dəyərində 10 dədə bazuki, 70 manat dəyərində 10 ədəd falqa; -15 sentyabr 2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 500 manat dəyərində 2 ədəd "Joystik” qəlyan, 600 manat dəyrində 2 ədəd "Big-boss” qəlyan, 525 manat dəyərində 15 paçka "Bador” tütün, 210 manat dəyərində 30 paçka tütün, 100 manat dəyərində 50 ədəd müşdük; -21 yanvar 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 250 manat dəyərində 1 ədəd "Misir” qəlyan, 500 manat dəyərində 2 ədəd "Big-boss” qəlyan, 600 manat dəyərində 2 ədəd "Jostik” qəlyan, 525 manat dəyəərində 15 paçka "Bador” tütün, 490 manat dəyərində 14 paçka "Enjoy” tütün, 420 manat dəyərində 60 paçka kömür, 120 manat dəyərində 60 ədəd müşdük; -10 iyul 2022-ci il tarixli qaimədən görünür ki , İddiaçı Elvin Şahməmmədovdan 1000 manat dəyərində 4 ədəd “Misir” qəlyan, 300 manat dəyərində 1 ədəd “Big-boss” qəlyan, 420 manat dəyərində “Bador” tütün, 350 manat dəyərində "Enjoy” tütün, 30 manat dəyərində 15 ədəd müşdük, 105 manat dəyərində kömür almışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 104 manat dövlət rüsumu ödəmişdir. X1 məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, İddiaçı ondan mütəmadi olaraq bir il müddətində qəlyan, kömür, tütünlər və bir çox qəlyan aksesuarları almışdır. Bununla bağlı qaimələr də var. İddiaçı Taleh adlı şəxslə Bakı şəhərinə gəlmiş və ona bildimişdir ki, Talehin çay evində işləyir qazanc əldə edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər şifahi formada qazanc əldə etmək məqsədi ilə belə razılığa gəlmişlər ki, Cavabdeh fəaliyyət göstərdiyi çayxanada İddiaçı qəlyan və onun ləvazimatlarını işlədəcək, əldə olunmuş qazancdan hər ikisi faydalanacaqdır. Onların razışlaşmasının şərtləri qanuna zidd olmadığı üçün, həmin şifahi razılaşma müqavilə kimi qiymətlədirilməlidir. Hal-hazırda tərəflərin razılaşma şərtləri pozulmuşdur. İddiaçı tələb etdiyi ləvazimatların mülkiyyətinin ona məxsus olmasını sübut edə bilmişdir. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülkiyyət hüququ mütləqdir və bu baxımdan İddiaçı əşyaları tələb etməkdə haqlıdır. Lakin nəzərə alınmalıdır ki, tələb olunan qəlyanların ləvazimatlarındam 13 iyul 2023-cü il tarixli qaimə üzrə qeyd olunan tütün və kömür məmulatları istisna olmaqla, digər qaimələrdə qeyd olunan tütün və kömür işlənmiş, tərəflər ondan faydalanmışlar. Ona görə həmin məmulatlara münasibətdə iddia tələbi əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-2952/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-893/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-893/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver