Məhkəmə qərarları › İş №2(106)-894/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-894/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-894/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(020)-1766/2023 saylı qətnaməsindən (hakim S.Seyfullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5800 manat borc pulun və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 5800 manat borc pul almışdır. Cavabdeh aldığı borcu tez bir vaxtda qaytaracağına söz versədə, verdiyi sözə əməl etməmişdir. Dəfələrlə cavabdehdən borcu tələb etmişdir. Cavabdehlə öz aralarında kredit müqaviləsi bağlamışlar. Cavabdeh həmin müqavilədə ondan 6000 manat pul aldığını, pulu tez bir vaxtda qaytaracağını, əks təqdirdə onun məhkəməyə müraciət edə biləcəyini qeyd etmişdir. Həmçinin cavabdeh məhkəmə prosesinin onun iştirakı olmadan keçirilə biləcəyini də həmin müqavilədə qeyd etmişdir. Cavabdeh aldığı borc pulu qısa müddətə verəcəyini bildirsə də, bu günədək ona olan borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin heç bir nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(020)-1766/2023 saylı qətnaməsi il iddia təmin olunaraq, Cavabdeh borca görə 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunub işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının heç bir sübuta və fakta söykənməyən bu iddiası Beyləqan Rayon Məhkəməsində 4 il əvvəl qaldırılmış və qanunsuz və əsassız olduğundan rədd olunmuş və qətnamə qüvvəyə minmişdir. Belə ki, iddiaçı onun barəsində “5500 (beş min beş yüz) manat pul tələbinə dair” Beyləqan Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 1 avqust 2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Qiyabi qətnamə ərizəsi əsasında ləğv olunaraq işin icraatı təzələnmişdir. Sonrakı mərhələdə iddianın sübuta yetməməsi əsası ilə Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(020)-924/2019 saylı qətnaməsi ilə iddia rədd etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(106)-1262/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlanmışdır. Nəhayət 4 il ötmüş, iddiaçı guya sübut əldə etmiş, özü saxta qəbz yazmış və oxunmayan surətini çıxararaq sübut kimi əldə əsas tutub yenidən Beyləqan Rayon Məhkəməsində “5800 manat pul tələbinə dair” iddia qaldırmışdır. İddiaçı 23 sentyabr 2019-cu il tarixli 5800 manatlıq borc qəbzinin ksero-surətini (güclə oxunan) əlavə etmişdir. İşə əlavə etdiyi 4 il bundan əvvəl Beyləqan Rayon Məhkəməsində 1 avqust 2019-cu ildə bu borca görə 2(020)-924/2019 saylı qətnamə çıxarmışdır. Sonradan icraat təzələnməklə Beyləqan Rayon Məhkəməsində 17 dekabr 2019-cu il tarixdə 2(020)-924/2019 sayla baxılaraq, əsassız olduğundan həmin iddia rədd olunmuş, apellyasiya instansiyasında qətnamə qüvvədə saxlanılmış, kassasiya şikayəti verilməmişdir. Qətnamə qüvvəyə minmişdir. Tutaq ki, şikayət verdiyi bu əsassız və qanunsuz təmin olunmuş qətnamədəki sübut qəbzi saxta deyildir. O zaman necə olur ki, iyun-iyul 2019-cu il tarixdə 5500 manat borca görə İddiaçı ona qarşı iddia qaldırır, 10 gün sonra isə, iş üzrə icraat təzələnir və 17 dekabr 2019-cu il tarixdə iddia rədd olunur. Məhkəmə müstəvisində borcunu ala bilməyən Aidə iş məhkəmə müstəvisində hələ həllini tapmamış ona 23 sentyabr 2019-cu il tarixdə yenidən 5800 manat borc verir. Elə bir şəxs tapmaq mümkündürmü ki, borcunu ala bilmədiyi halda, həmin şəxsə yenidən, az da yox, həminki, qədər borc vermiş olsun? Beyləqan Rayon Məhkəməsində bu məntiqlə 4 il əvvəl çıxarılmış qətnamələrin surətlərini işə əlavə etməklə sübut etdi ki, artıq bu işə bir dəfə baxılaraq, iddia rədd olunaraq qüvvəyə minmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 261.0.2 maddəsinin tələbinə əsasən bu iş üzrə icraata xitam verilməlidir. Təəssüf ki, hakim heç nəyə əhəmiyyət verməyib, mübahisələndirlən eyni predmet barəsində, eyni tərəflər arasında olan eyni mübahisə barəsində saxta, qanunsuz və əsassız qətnamə çıxarmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıdan borc almamışdır, əksinə iddiaçıya pul vermişdir. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi oxunaqlı olmayan kserosurətdən ibarət 23 sentyabr 2019-cu il tarixli qəbzdəki yazı və imza ona məxsus deyildir. Məhkəmədə iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya məhkəməsinin sorğu ilə iddiaçıdan tələb etdiyi, iş materiallarına sübut kimi əlavə edilmiş 23 sentyabr 2019-cu il tarixli qəbzin əslini iddiaçı Beyləqan Rayon Məhkəməsinə təqdim etmişdir. Məhz bu səbəbdən həmin qəbzin əsli iddiaçıda yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iş üzrə icraata xitam verilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Yazılı sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunaraq iş materiallarına əlavə edilmiş 23 sentyabr 2019-cu il tarixli əlyazma qəbzin çətinliklə oxunan kserosurətində aşağıdakı mətn qeyd edilşmişdir: Ramiz oğlu maaş kartımı girov qoyaraq anamın cərrahi əməliyyatı üçün X1 5800(beş min səkkiz yüz) manat aldım. Ödəməni maaş kartımdan ödənməsi şərti ilə. İmza: Cavabdeh R. xx.xx.2019 Apellyasiya baxışı zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə müvafiq olaraq iddiasında istinad etdiyi yazılı qəbzin əslinin məhkəməyə təqdim olunması (iş v. 105) xahiş edilsə də, qəbzin əsli məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən tərəflər arasında pul tələbinə dair Beyləqan Rayon Məhkəməsinin icraatında olmuş 2(020)-924/2019 saylı mülki işin maerialları götürülərək öyrənilmişdir. Həmin işin materialları ilə aşağıdakılar müəyyən olunur: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 5500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təxminən 1 il 6 ay bundan əvvəl cavabdeh qaytarmaq şərti ilə 5500 manat pul almışdır. Dəfələrlə verdiyi pulu qaytarmasını cavabdehə bildirsə də, uzun müddət keçməsinə baxmayaraq cavabdeh qaytarmamışdır. İddia ərizəsinə qoşma olaraq əlavə edilən sənədlər iddia ərizəsinin surətindən, şəxsiyyət vəsiqəsinin surətindən, yaşayış yerindən arayışdan və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən ibarət olmuşdur. İddia ərizəsi 3 may 2019-cu il tarixdə 2(020)-924/2019 qeydiyyat nömrəsi ilə məhkəmədə qeydiyyatdan keçmişdir; Beyləqan Rayon Məhkəməsinin 1 avqust 2019-cu il tarixli 2(020)-924/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 5500 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5530 manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir; Cavabdeh ərizə ilə Beyləqan Rayon məhkəməsinə müraciət edərək iştirakı olmadan çıxarılmış 1 avqust 2019-cu il tarixli 2(020)-924/2019 saylı qiyabi qətnamənin ləğv olunmasını, işə iştirakı ilə baxılmasını xahiş etmişdir; Beyləqan Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(020)-924/2019 saylı qərardadı ilə 1 avqust 2019-cu il tarixli qiyabi qətnamə ləğv olunaraq, işə mahiyyəti üzrə baxılması təzələnmişdir; 17 dekabr 2019-cu ildə keçirilən məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı pul almamışdır, iddia əsassızdır. İddiaçı ona şər və böhtan atır. Ümumiyyətlə o iddiaçıdan hər hansı məbləğdə borc almamışdır; Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(020)-924/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Məhkəmə gəldiyi hüquqi nəticəni iddiaçı tərəfindən iddia tələbinə dair hər hansı bir sübutların verilməməsi ilə əsaslandırmışdır; Qətnamə İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(106)-1262/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında mübahisələndirilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 89.1 Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, 739.1-ci maddəsinə əsasən (hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya iş materiallarını, tərəflər arasında pul tələbinə dair əvvəllər Beyləqan Rayon Məhkəməsinin icraatında olmaqla baxılmış borcun qaytarılması tələbinə dair mülki işin materialları ilə birlikdə apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla iş üzrə icraata xitam verilməsi üçün deyil, qətnamənin ləğv olunub iddianın rədd edilməsi üçün əsasdır. Əvvəla ona görə ki, iddiaçının cavabdehə borc verməsinin təsdiqi kimi birinci instansiya məhkəməsinə yazılı sübut kimi təqdim etmiş olduğu qəbz kserosurət olmaqla tam şəkildə oxunaqlı deyildir. Halbuki MPM-in 89.3-cü maddəsinə əsasn yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçıya rəsmi məktubla (işin 105-ci vərəqi) müraciət olunaraq birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu kserosurətdən ibarət və tam aydın şəkildə oxunaqlı olmayan qəbzin əslinin təqdim olunması təklif edilmişdir. Lakin qəbzin əsli məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə başqa sübutlar da verilməmişdir. Bundan başqa eyni tərəflər arasında borc tələbinə dair iddianın rədd edilməsinə dair qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin mülki işin materialları birinci instansiya məhkəməsindən götürülərək öyrənilmiş və müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 3 may 2019-cu ildə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 5500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təxminən 1 il 6 ay bundan əvvəl cavabdeh qaytarmaq şərti ilə 5500 manat pul almış, dəfələrlə tələb etməsinə baxmayaraq qaytarmamışdır. Beyləqan Rayon Məhkəməsinin 1 avqust 2019-cu il tarixli 2(020)-924/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh ərizəsi əsasında 26 sentyabr 2019-cu il tarixli qərardadla qiyabi qətnamə ləğv olunmuşdur. Sonrakı mərhələdə Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(020)- 924/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Məhkəmə gəldiyi hüquqi nəticəni iddiaçı tərəfindən iddia tələbinə dair hər hansı bir sübutların verilməməsi ilə əsaslandırmışdır. Qətnamə İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(106)- 1262/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında mübahisələndirilməmişdir. Hazırki halda iddiaçının sübut olaraq birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu kserosurət qəbz 23 sentyabr 2019-cu il tarixinə aid olmaqla, tərəflər arasında borcun qaytarılması ilə əlaqədar məhkəmə çəkişmələrinin aparıldığı tarixə təsadüf etmiş olur. İddiaçı Beyləqan Rayon Məhkəməsində 3 may 2019-cu il tarixində qaldırdığı əvvəlki iddiasında 1 il 6 ay bundan öncə Cavabdeh 5500 manat məbləğində borca pul verdiyini, dəfələrlə tələb etməsinə baxmayaraq qaytarmadığından bəhs etdiyi və həmin borcun qaytarılması ilə bağlı aralarında məhkəmə çəkişmələrinin getdiyi halda, 23 sentyabr 2019-cu il tarixində əvvəlki borc məbləğindən də artıq bir məbləğdə yenidən sonuncuya borc verməsi inandırıcı görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayətində MPMin 261.0.2-ci maddəsinə əsasən qətnamənin ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etsə də, kollegiya icraata xitam verilməsi üçün əsasların olmaması qənaətinə gəlmişdir. Belə ki, qüvvədə olan əvvəlki məhkəmə qətnaməsinə əsasən iddiaçı 3 may 2019-cu il tarixinədək cavabdehə borc verdiyi 5500 manat pulun tələbini irəli sürmüş, hazırki işdə isə “23 sentyabr 2019-cu ildə borc verdiyi 5800 manat” pul məbləği ilə bağlı iddia qaldırmışdır. Göründüyü kimi mübahisə tərəfləri eyni olsa da, əsaslar və predmet fərqlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(020)-1766/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar