Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-897/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: xx.xx.2021-ci il tarixli, RGTK4355424A141 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz ödənilməsi şərtilə, 48 ay müddətinə 6763,51 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC iddia ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 6763,51 manat əsas borc, 1281,25 manat faiz borcu olmaqla, cəmi 8044,76 manat borcunun və 100,44 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də ödəniş etməmiş, öhdəliyini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə-yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə 6763,51 manat əsas, 1281,25 manat faiz, cəmi 8044,76 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim F.Pənahov) 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4355424A141 saylı kredit müqaviləsi üzrə 6763,51 manat əsas, 1281,25 manat faiz, cəmi 8044,76 (səkkiz min qırx dörd manat yetmiş altı qəpik) AZN borcun tutularaq İddiaçı ASC-yə verilməsi, ödənilmiş 100,44 (bir yüz manat qırx dörd qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 427.3, 430.1, 442, 443.1, 445.1, 448.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin artıq hesablanmış faiz hissəsində dəyişdirilərək, faizin ədalətli hesablanaraq qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bank faiz borcunu artıq tələb etmişdir. Məhkəmə də mübahisənin düzgün həlli üçün əhəmiyyə kəsb edən bu halı araşdırmamışdır. İddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinin tələblərini pozaraq, 90 gün müddətində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş nəticədə cavabdehə artıq faiz hesablanmışdır. Məhkəmə qətnaməsinin faiz hissəsi əsassızdır. Prosessualməsələlər İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək, bütün zəruri sənədlərin məhkəməyə təqdim edildiyini, iddia ərizəsinin əsaslı olduğunu, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcuna dair hissədə mübahisələndirmişdir. Ona görə də, işə apellyasiya şikayəti həddində baxılır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4355424A141 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz ödənilməsi şərtilə, 48 ay müddətinə 6763,51 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını qeyd etsə də, etirazını əsaslandırmamış, faiz məbləğinin düzgün hesablanmaması ilə bağlı məhkəməyə hər hansı arqument təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının 90 gün müddətində məhkəməyə müraciət etməli olduğunu, hüquqdan sui-istifadə edildiyini, bununla da faiz borcunun şişirdilməsinə şərait yaradıldığını bildirmişdir. Lakin Kollegiya qeyd edir ki, İddiaçı ASC tərəfindən hüquqdan sui-istifadə edilməsi halı müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(056)-74/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-897/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-897/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver