Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-901/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili İsmayılov Mehman Malik oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(049)-1875/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05 fevral 2009-cu il tarixdə doğulmuş Həbibov Ağamir İlkin oğlu və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1990-cı il tarixində Lənkəran rayonu Səpnəkran kəndində anadan olmuşdur. Cavabdeh ilə 10 oktyabr 2007-ci il tarixində el adəti ilə ailə qurub evlənmişlər. Nikahları 10 oktyabr 2007-ci il tarixində Lənkəran rayonu Şürük kəndi inzibati ərazi idarəsində 21 sayla rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2009-ci tarixdə Ağamir Həbibov və xx.xx.2010-cu il tarixində Ayan Həbibova adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə 11 iyul 2018-ci il tarixində Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(049)- 1875/2018 saylı qətnaməsi ilə boşanmışlar. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqları saxlamaqda çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq Ağamir Həbibov və Ayan Həbibovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 may 2018ci il tarixindən hesablanaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin aliment məbləği iki uşağın saxlanılması üçün heç cür çatmır. Belə ki, 2018-ci il tarixdən bu günə kimi Azərbaycan Respublikasının yaşayış minimumu 3 dəfə artmış və bu barədə məhkəməyə müraciət etməmişdir. Hazırkı dövrə münasibətdə həmin məbləği uşaqların saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. 30 dekabr 2022-ci iyul tarixdə təsdiq edilmiş qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu artırılmış və hər bir uşağın saxlanması üçün minimum məbləğ 220 manat məbləğ müəyyən edilmişdir. Beləliklə, uşağın saxlanılması üçün xərc hər ay 300-350 manat həddində olur. O, tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdehin gəlirləri də artmış, lakin onun uşaqlarına mənəvi və maddi köməkliyi artmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə uşaqların gəzmək, səyahət və istirahət hüquqları vardır. Maddi durumu həddindən artıq pis olduğundan və heç yerdə işləmədiyindən o, uşaqlarına həmin hüquqlarını təmin etmək iqtidarında deyildir. Cavabdehlə aralarında razılıq gəlinməsindən ötrü ilkin mediasiya şöbəsinə müraciət etmişdir. Lənkəran 1 saylı mediasiya təşkilatından 24 dekabr 2022-ci il tarixində MŞL-01520 saylı arayış alaraq məhkəməyə təqdim etmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında da iştirak etməməklə uşaqlarına laqeyd yanaşması anlamına gəlir. “Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 2023-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,00 manat məbləğində müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(049)-1875/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqla, Cavabdeh 05 fevral 2009-cu il tarixdə anadan olmuş Həbibov Ağamir İlkin oğlunun və 21 oktyabr 2010-cu il doğumlu Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 250 manat olmaqla, sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(049)-741/2023 saylı qətnaməsini ləğv edərək apellyasiya şikayətinin təmin edilməsi və alimentin məbləğinin hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə 2023cü ildə bir uşaq üçün yaşayış minimumu 220 manat həddində müəyyən edilmişdir. Məhkəmə isə bundan 80 manat az, yəni 140 manat müəyyən etməklə həm qanunun tələbini pozmuş, həm də uşaqların saxlanması üçün minimum normaya əməl etməmişdir. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir maddi yardım etmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əvvəlki qətnaməsi ilə isə hər bir uşaq üçün 100 manat məbləğdə aliment təyin edilmişdir. Hazırda aliment məbləği 2 uşağın saxlanması üçün kifayət etmir. 2018-ci ildən bugünə kimi yaşayış minimumu 3 dəfə artmışdır. Təyin edilən aliment hazırkı dövrə münasibətdə uşaqların saxlanması üçün real məbləğ deyildir. Bazar qiyməti də həmin dövrə münasibətdə 3 dəfə artmışdır. Ərzağın və geyimlərin qiyməti artmışdır. Bir uşağın saxlanması üçün xərc hər ayda 300-350 manat həddində olur. O, həmin xərcləri təkbaşına ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi həmin xərcləri ödəməkdən imtina edir. Cavabdehin gəlirləri artsa da, uşaqlarına mənəvi və maddi köməklik göstərmir. Maddi vəziyyəti həddindən artıq pis olduğundan, heç yerdə işləmədiyindən o, uşaqlarını təmin edə bilmir. Hazırkı situasiyada uşaqların mənafeyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə yekun məhkəmə aktı qəbul edərkən uşaqların üstün mənafeyini, gələcək inkişafını rəhbər tutmalı idi. Göründüyü kimi, bu nüanslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə uşaqların taleyinə biganə yanaşmış, onların mənafeyini nəzərə almamışdır. Belə olduğu halda, uşaqların gələcək inkişafı və təlim-tərbiyəsi qaranlıq qalmışdır. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlu məhkəmədə izahat verərək bildirmişdir ki, uşaqların maddi ehtiyacları artdığına görə 5 il öncə təyin edilmiş aliment miqdarı uşaqların saxlanılması üçün kifayət etməmişdir. Belə ki, cavabdehin 2 ədəd “DAF” markalı yük avtomobili vardır. Həmin yük avtomaşınlarının birini özü, digər yük avtomaşınını isə atası idarə edir. Cavabdehin özünün idarə etdiyi yük avtomaşını ilə xarici ölkələrə yük daşımaqla məşğul olur. Əlavə olaraq bildirir ki, iddiaçı heç bir yerdə işləmir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hər uşağa görə 140 manat aliment müəyyən edərkən iddiaçının işsiz olmasını nəzərə almamışdır. Odur ki, alimentin miqdarının hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, sürücü işləməklə xarici ölkələrə yük maşını ilə yük daşımaqla məşğuldur. Daşımanın hər reysinə görə 500-600 manat məbləğdə gəlir əldə edir. Uşaqlar 7 ildir ki, anaları ilə yaşayır. İddiaçı hər uşağa görə hər ay 150 manat məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Hazırda 2-ci dəfə ailə həyatı qurduğunu, lakin həmin nikahdan övladının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan AZ-İİ № 225978 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həbibov Ağamir İlkin oğlu 05 fevral 2009-cu il tarixdə Lənkəran rayonu Moğonojba kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİ № 565053 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həbibova Ayan İlkin qızı 21 oktyabr 2010-cu il tarixdə Lənkəran rayonu Moğonojba kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZE № 11716091 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibov Ağamir İlkin oğlu 05 fevral 2009-cu il tarixdə doğulmuşdur. İşdə olan AZE № 11716092 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibova Ayan İlkin qızı 21 oktyabr 2010-cu il tarixdə doğulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2(049)-1875/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 05 fevral 2009-cu il tarixdə doğulmuş Həbibov Ağamir İlkin oğlu və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü sabit pul məbləğində hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. MPM-in 372.1, 372.6 və 372.7-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyildir. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Bu baxımdan da, hazırkı iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Habelə, AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili olaraq birgə nikahdan olan uşaqlar üçün təyin olunan alimentin artırılaraq, hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat məbləğdə olması xahişi üzrə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, yetkinlik yaşına çatmayan övladın tələbatının artması mübahisə predmeti ola bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Ancaq AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə, həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alsaq ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, buna görə də, məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq, 05 fevral 2009-cu il tarixdə doğulmuş Həbibov Ağamir İlkin oğlu və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin bir uşaq üçün 170 manata artırılmasını qanuni və ağlabatan hesab edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında” Konvensiyanın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin bərabər vəzifələrinin olması, 2023-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 05 fevral 2009-cu il tarixdə doğulmuş Həbibov Ağamir İlkin oğlu və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qət edilən hər ay hər uşağa görə tutulan 140 manat alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(049)-741/2023 saylı qətnaməsi ilə Cavabdeh 05 fevral 2009-cu il tarixdə doğulmuş Həbibov Ağamir İlkin oğlunun və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Həbibova Ayan İlkin qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qət edilən hər ay hər uşağa görə tutulan 140 (yüz qırx) manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-901/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-901/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver